Dövlət rüsumların ödənilməsi prosesi sadələşdirilir – Nazirlikdən açıqlama


Elektron hökumətin təşkilində ən vacib məsələlərdən biri də fərdi identifikasiya nömrəsinin tətbiqidir. Bununla bağlı mərkəzi icra hakimiyyəti orqanları qarşısında tələb qoyulub. Ölkə prezidentinin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Fərmanının 5.2 bəndində əksini tapan həmin şərtin yerinə yetirilməsi istiqamətində hansı addımlar atılır?

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli AzNews.az-a açıqlamasında bildirib ki, informasiya sistemlərində və ehtiyatlarında fərdi identifikasiya nömrələrinin tətbiq edilməsi üçün zəruri məlumatların Əhalinin Dövlət Reyestrindən avtomatlaşdırılmış rejimdə əldə edilməsinin təşkili məqsədi ilə Ədliyyə Nazirliyinin müvafiq qurumu ilə danışıqlar aparılıb. Bununla bağlı artıq razılıq da əldə olunub: "Bununla bağlı rabitə kanalının yaradılması üçün Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət edilib. Hazırda texniki məsələlər həll edilməkdədir".

Azər Mənsimli bildirib ki, Nazirlik səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi yaradıb. Əhaliyə göstərilən 8 elektron xidmət üzrə inzibati reqlamentlərin layihələri razılaşdırılması üçün aidiyyəti üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilib, müsbət rəylə cavablandırılıb: "Hazırda qanunvericiliyə müvafiq olaraq bu reqlament layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə Nazirliyin aidiyyəti əməkdaşlarının elektron imza ilə təmin edilməsi üçün işlər görülməkdədir".

Xidmət rəhbəri elektron hökumətə qoşulma istiqamətində həyata keçirilən digər işlərdən də danışıb. Onun sözlərinə görə, "elektron xidmət" bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adı, tələb olunan sənədlərin dəqiq siyahısı yerləşdirilib, şəxslərin həmin bölmədən sərbəst, maneəsiz istifadəsi təmin edilib. 6 xidmət növü üzrə fiziki şəxslərdən, 6 xidmət növü üzrə hüquqi şəxslərdən elektron müraciətlərin qəbul edilməsi üçün müvafiq proqram təminatı artıq hazırlanıb və istifadəyə verilib. Hazırda qalan xidmət növləri üzrə elektron müraciətlərin qəbul edilməsinin və cavablandırma sisteminin proqram təminatı hazırlanmaqdadır.

Bundan başqa dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarına girişin təmin edilməsi məqsədi ilə EHDİS sisteminə qoşulmaq üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edilib. RİTN-nin Məlumat Hesablama Mərkəzində yerləşən serverlərdə müvafiq proqram təminatı qurulduğunu deyən A.Mənsimli EHDİS portalında Sənaye və Energetika Nazirliyi bölməsində 6 xidmət növü üzrə fiziki və hüquqi şəxslərdən müraciətin və sənədlərin qəbulu həyata keçirilməkdədir.

Hazırda digər xidmətlərin istifadəyə verilməsi üçün texnoloji məsələlər həll edilməkdədir: "Hazırda göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsini "MilliÖN" ödəniş sistemi vasitəsilə həyata keçirmək üçün danışıqlar aparılır. Elektron xidmət bölməsi vasitəsi ilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirləri mütəmadi olaraq həyata keçirilir".

Ruhiyyə
AzNews.az