Ukraynada yaşayan Azərbaycan vətəndaşları səsvermədə aktiv iştirak ediblər

Ukraynada yaşayan Azərbaycan vətəndaşları bu gün keçirilən prezident seçkiləri ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyində səs veriblər. Seçkini müşahidə edən Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (SAMU) APA-ya verilən məlumata görə, Ukraynanın Krım Muxtar Respublikası, Sumı, Donetsk, Xarkov və bir sıra şəhərlərində yaşayan Azərbaycan vətəndaşları paytaxt Kiyevdə səfirlikdə yerləşən seçki məntəqəsinə gələrək öz seçimlərini ediblər.

Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə, artıq orada səs hüququ olan seçicilərin təxminən 90 faizi səs verib. Səsverməni Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli də müşahidə edib.

Seçicilərin xüsusi fəallıq nümayiş etdirdiklərini bildirən SAMU sədri Anar Tahirov bildirib ki, bu, xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycanda dövlət quruculuğunda maraqlı olduqlarını göstərir. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev də APA-ya açıqlamasında bildirib ki, ucqar regionlarda yaşayan Azərbaycan vətəndaşları da prosesdə aktiv şəkildə iştirak ediblər.

Məlumata görə, Ukraynada 2 mindən çox səsvermə hüququ olan Azərbaycan vətəndaşı var.


AzNews.az