Fərhad Əliyev gələcək planlarından danışdı- Yenilənib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisində artıq 19 nəfər məhkum əfv fərmanı əsasında azadlığa buraxılıb. Onların arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də var.

Fərhad Əliyev jurnalistlərə bildirib ki, bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək, cənab prezidentə sadiq qalacaq: "Cənab prezidentə əfvlə bağlı müraciət etməyimdə təəccüblü heç nə yoxdur. Mənim həmişə bir sadiq amalım, düşüncəm olub.

Ona görə də həbs olunmamışdan əvvəl də, həbs olunduğum, istintaq dövründə də cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm. Burada nəyə görə söz-söhbət yarandığını deyə bilmərəm. Bunun cavabını söz-söhbəti yaradanlar axtarıb tapmalıdırlar. Həqiqət ondan ibarətdir ki, mən həmişə öz sağlam əqidəmə sadiqəm, əvvəl də sadiq olmuşam, həbs olanda da sadiq idim, bundan sonra da sadiq olacağam".(trend)

***
19:36
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı növbəti əfv sərəncamına əsasən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev əfv olunublar.

APA-nın məlumatına görə, Əliyev qardaşları cəzalarının qalmış hissəsindən azad olunublar.

Qeyd edək ki, əfv ilə bağlı sərəncam bu gün verilib və yaxın zamanlarda siyahı açıqlanacaq.

Məsələ ilə bağlı AzNews.az - ın əməkdaşı Fərhad Əliyevin qardaşı Əlipənah Əliyevlə əlaqə saxlayıb. O, deyib ki, əfvlə bağlı hələlik onlarda dəqiq məlumat yoxdur: "Sizdə şad xəbər varsa, deyin muştuluğunuzu verim"

Xatırladaq ki, Fərhad Əliyev, qardaşı Rafiq Əliyev və anası Şövkət Əliyeva ölkə başçısına əfv ilə bağlı müraciət etmişdi.

AzNews.az