GIZ jurnalistlər üçün yeni müsabiqə elan etdi


Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi" regional proqramı jurnalistlər arasında "Ətraf mühit sahəsindəki qanunvericilik və tətbiqi praktikası" mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.

Müsabiqəyə Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi hüququnun əsasında dayanan prinsiplər və dövlət standartları, bu hüququn təmin olunması sahəsində dövlətin öhdəlikləri və onların icra durumu, ictimaiyyətin məlumatlandırılması, proqressiv texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin və onun tətbiqi praktikasının problemləri, bu sahəyə ictimai nəzarətin təşkili və s. mövzulara həsr olunmuş təhlil xarakterli məqalələr qəbul edilir.

Məqalələr aşağıdakı meyarlarla qiymətləndiriləcək:

- ölkədə ekoloji durumun real durumunun real hadisə(lər) əsasında təhlili;

- ətraf mühitin mühafizəsi sahəsində mövcud problemlərin obyektiv və subyektiv

- səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi;

- yazının vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnun həyata keçirilməsi və onların maarifləndirilməsi baxımından əhəmiyyəti;

- ətraf mühitin mühafizəsi sahəsində dövlətin pozitiv öhdəlikləri ilə bağlı ictimai mesajların verilməsi;

- yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və pul mükafatları ilə təltif olunacaq.

Jurnalistlər müsabiqəyə noyabrın 4-dən dekabrın 16-dək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələrlə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

Elnarə
AzNews.az