Sabiq prezidentliyə namizəd, akademik Nizami Süleymanovun AzNews.az-a müsahibəsi Sabiq prezidentliyə namizəd, akademik Nizami Süleymanovun AzNews.az-a müsahibəsi

Nizami Süleymanov: «Uzunsaçlı qadınların parlamentə iddialı olması düz deyil»

Sabiq prezidentliyə namizəd, akademik Nizami Süleymanovun AzNews.az-a müsahibəsi



- Nizami müəllim, hər seçkidə adamlarda belə bir sual yaranır – görəsən, bu seçki necə olacaq? Siz bir alim kimi necə analiz edərdiniz? Bu seçkinin "davası" nəynən olacaq?


- Mən seçkiyə qiymət verə bilmərəm. Kimlərin az, yaxud çox səs qazanacağını da deyə bilmərəm. Amma parlamentdə olanlara müəyyən məsləhətlərim olacaq. Hər kəs özünü böyük siyasətçi saya bilər. Soruşan lazımdır, sənin vuruşmağa canın var? Dünya praktikasına nəzər salsaq, görərik ki, parlamentlərdə əlbəyaxa davalar olur: sillə-təpik, saçyoldu, qırğın-qiyamat. Qaydasız döyüşlərdə olduğu kimi müxtəlif "priyomlardan" istifadə edirlər. Şükür Allaha ki, bizdə belə şeylər az olub. Sözlə ötüşdürüblər keçib gedir. Amma hələlik parlamentdəki seçkilər əlbəyaxa davaya çevrilməyib. Ən müasir ölkələrdə bu baş verirsə bizdə də ola bilər. Ona görə də siyasətdə olan, seçkilərdə iştirak edən, deputat olmağa keçən adam hökmən gündəlik idmanla məşğul olmalıdır ki, heç olmasa özünü qoruya bilsin. Yoxsa ki, baxırsan gücü yox, canı yox, cüssəsi yox, gedir parlament seçkisinə. Sabah səni saldılar təpiyin altına neynəyəcəksən? Putinə bax, gör özünü necə idmançı kimi göstərir. Hamıyla güləşə hazırdır. Yoxsa, heç bir idman növü ilə məşğul olma, özün də siyasətçi olmaq istə... Elə şey olar?

Məsələn, mən baxıram bizim parlamentə, yaxşıdı, maaşallah köklər, bazburutlu deputatlarımız var, onlardan narahat deyiləm. Amma parlamentə özünə çox hörmət elədiyim, ruhən çox yaxın bildiyim Zahid Oruc kimi arıq deputat olanda onların fikrini çəkirəm. Mənim məsləhətim nədir. Əgər özlərinə arxayın deyillərsə, məsələn, hansısa kəlləatmadan, karatedən, qaydasız döyüşdən müdafiə "pryomlarını" bilmirlərsə, özlərinə, ailələrinə yazıqları gəlsin. Sabah şikəst olub yerdə qalarlar. Baxın Yapon parlamentinə, dava düşəndə adam ləzzət alır. Elə bil ki, rinqdə döyüş gedir, sən də ona baxırsan. Yəni ustalıqla vuruşurlar. Bizimkilər bu "priyomları" bilmirlər axı. Ona görə də məsləhət görərdim ki, Mərkəzi Seçki Komissiyası öz tövsiyələrində namizədlərə çatdırsın ki, burnunun qırılmasını istəmirlərsə, zəiflər namizədliyini verməsin. Bizə parlamentdə kəl kimi döyüşməyi bacran deputatlar lazımdır. Ağsaqqal yaşında ürəyi yanan bir adam kimi onların fikrini çox çəkirəm. Kaş, parlamentə seçilənlər vurub əzməyi bilməsələr də, heç olmasa özünü müdafiə etməyi bacaraydılar. Bu qadınlarımıza da aiddir. Məsələn, uzunsaçlı qadınların parlamentə iddialı olması düz deyil. Orda baxmırlar ey, qadınsan, kişisən. Yapışarlar saçından sürüyərlər. Ona görə ora düşən xanımlar başlarını, lap oğlanvari qırxdırsalar.

- Çox vaxt da xaricin parlamentlərindəki əlbəyaxa davanı görən seçicilər, ya bizimkilərə şükür edir, ya da qınayırlar ki, deputatları "beynəlxalq standartlara" uyğunlaşmır.

- Deyirəm axı dövran dəyişib. Ona görə də ehtiyatlı olsunlar. Düzdür bu vaxtacan "davalar" söyüş formasında olub. Məsələn, bir-birinə meymun, oranqutan, şimpanze deyiblər. Mən bir dəfə bu məsələni qaldırdım, dedim ki, əvvəla söyüş söymək yaxşı deyil, deputata heç yaraşmaz. İkincisi də söyüş söyəndə də milliliyi qorumaq lazımdır. Bir dəfə Sabir Rüstəmxanlı deputat həmkarlarından birini oranqutan, şimpanze adlandırmışdı. Dedim Sabir müəllim, sən axı vətənpərvər adamsan, milli ruhun var, sən axı, niyə söyəndə, xarici Afrika heyvanının adını çəkirsən. Bizim gül kimi milli heyvanlarımız var: eşşək, qoduq, sıpa və.s. İndi danışanda rusca danışırlar. Ölüyə ərəbcə dua oxuyuruq. Söyəndə də gedib xarici ölkələrin vəhşi heyvanların adını çəkək? Niyə özümüzün gül kimi milli heyvanlarımızın adını çəkmirik. Mən bu məsləhəti vermişdim və doğurdan da Sabir müəllim bu iradımı müsbət qarşıladı.

- Siz dünyaya inteqrasiya prosesində parlamentdə söz davasının əlbəyaxa döyüşlə əvəzlənəcəyini proqnozlaşdırırsınız?

- Bəli. Bizim parlamentdə də əlbəyaxa döyüşlər yaranacaq. Bundan sonra əl, təpik, yumruq, belə şeylər işləyəcək. Bu hər yerdə var da, gör-götür dünyasıdır. İndi müxalifət adətən azlıqda olur. Ona görə də onlar buna daha çox diqqət yetirməlidirlər. Tutaq ki, lap YAP deputatlarının sayı çox oldu, müxalifət oldu az. Sillə təpik davası düşsə, onlar müxalifətdəkiləri xurt-xəşil eləyərlər. Müxalifət gərək parlamentə elə adamlarını versin ki, əlbəyaxa döyüşlərdə özlərini müdafiə edə bilsinlər.

- Müxalifətin keçmiş mitinqlərindəki iştiraklarını və orada qazandıqları "təcrübəni" nəzərə alsaq, söyləyə bilərikmi ki, müxalifət üçün əlbəyaxa döyüşlərin qorxusu yoxdur.

- Əvvəl mitinqlərdə yazıqların başına vururdular. O vaxt mən də televiziyadan polis işçilərimizə məsləhət gördüm ki, vuranda başına vurmayın. Sağ olsunlar, sonradan bunu nəzərə aldılar. Görürsən ki, gəlin uşağı vuranda, qaynana onu danlayır ey, başına vurma gic olar. Yəni Allah eləməsin müxalifət də gic olar. Birdən demokratiyadır da müxalifət gəldi iqtidara, hamısı da gic... Ondan sonra gic iqtidar bizim nəyimizə lazımdır. Ona görə də xahiş edirəm polislərdən ki, vuranda, yumşaq yerlərinə vursunlar.

- Bəlkə buna görə müxalifət, hələ də iqtidara çata bilməməsinin, bir araya gəlməməsinin səbəbini götür-qoy etmək iqtidarını itirib?

- Elədir də, ən strateji nöqtə başdır. Ona bir iki zərbə dəydi, beyində tərpənmə gedir, görürsən ki, bəzi şeyləri tərs fikirləşirlər. Gərək müxalifət nə vaxtsa mitinqə gedəndə başına kaska qoysun. Nə olan şeydir, bahalı deyil, alıb qoysunlar da.

Tahirə Qafarlı
AzNews.az