Vergilər naziri: “Yeni mexanizmlər tətbiq oluna bilər”



"Yaxın gələcəkdə də vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə aidiyyatı orqanlar arasında partnyorluq münaqsibətlərinin qurulması istiqamətində aparılan islahatlar davam etdiriləcək".


AzNews.az-ın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov "Azərbaycan vergi sistemi: Reallıqlar və perspektivlər" mövzusunda Vergi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası milli vergi sistemi üçün yeni hədəflər müəyyən edib. Dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi isə bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən bir vergi sisteminin yaradılmasını zəruri edir.

Nazir qeyd edib ki, bir sıra sahələrdə vergi nəzarətinin artırılması ilə bağlı yeni mexanizmlərin yaradılması planları var: "Ortamüddətli perspektivdə 2013-cü ildə ilk pilot layihəsinə start verdiyimiz elektron auditin tammiqyaslı tətbiqi, eləcə də transfert qiymətlərinin tənzimlənməsi və elektron kommersiyanın vergi nəzarəti mexanizmləri üzərində işləri davam etdirəcəyik. Prezident İlham Əliyev 2014-cü ili "sənaye ili" elan edib. Bu baxımdan cari ildə sənayenin inkişafında ciddi irəliləyişlər gözlənilir.

Dünyada innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilən, milli iqtisadiyyatda yeni sahələrinin formalaşmasında və rəqabət qabiliyyətli olmasında böyük rolu ola biləcək texnoparkların yaradılması bu sistemdə ciddi dəyişikliklər vəd edir. Bu baxımdan da orta və uzunmüddətli perspektivdə sənaye parklarının və texnoparkların inkişafını stimullaşdırmaq üçün həmin parklarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 7 il müddətinə, parkların idarəedici təşkilat və operatorları isə müddətsiz vergilərdən azad edilib".

Müasir qlobal çağırışların vergi orqanları tərəfindən daha fəal siyasət həyata keçirilməsini tələb etdiyini deyən F. Məmmədov deyib ki, qarşıdakı dövrdə də biznes mühitinin səmərəliliyinin, vergi sisteminin stimullaşdırıcı rolunun artırılması istiqamətində addımlar davam etdiriləcək.

Amid Əyyuboğlu
AzNews.az