Partlayış hadisəsi ilə bağlı cinayət işi açıldı

Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi açılıb.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Xətai rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin yeraltı qaz çənində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.


AzNews.az