DİN - də ümumrespublika toplantısı keçirilib

Daxili İşlər Nazirliyində (DİN) şəhər, rayon polis orqanlarının polis sahə rəislərinin və sahə inspektorlarının cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətinin təkmilləşməsinə və görülmüş işlərin müzakirəsinə həsr olunmuş ümumrespublika toplantısı keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi barədə məlumat verib, son on ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatlar çərçivəsində Daxili İşlər Nazirliyi sistemində də köklü islahatların aparıldığını, xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun qurulması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, sosial funksiyaların genişlənməsi, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmlənməsi, eyni zamanda, cinayətlərin profilaktikası, açılması və istintaqı, bütövlükdə ictimai asayişin təmin edilməsi sahəsində önəmli addımların atıldığını vurğulayıb.

Gündəlikdəki məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, nazirliyin rəhbərliyi tərəfindən digər sahələrlə yanaşı, polis sahə inspektorlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə Daxili İşlər Nazirliyi sistemində ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin hərtərəfli möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi üçün bir sıra struktur dəyişiklikləri aparılıb. O cümlədən polis sahə rəisləri institutu yaradılıb, onun fəaliyyətinin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində rolunun artırılması, polis sahə məntəqələrində İctimai Şuraların formalaşdırılması və fəaliyyətinin təşkili istiqamətində məqsədyönlü tədbirlər görülüb.

Toplantı iştirakçılarına konkret tapşırıq və tövsiyələrini verən Ramil Usubov
Qeyd edib ki, müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə müraciət edən şəxslərin sayı son 5 ildə 60 faiz artıb. Ailə-məişət zəminində baş verən münaqişələr 2,5 dəfə azalıb. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin orta hesabla 80 faizi vətəndaşlarımızın yaxından iştirakı ilə açılıb. Nazir fürsətdən istifadə edərək cinayətlərin qarşısının alınmasında, açılmasında, qanunçuluğun, hüquq qaydasının qorunmasında və möhkəmlənməsində yaxından iştirak edən hüquq mühafizə və təhlükəsizlik orqanları əməkdaşlarına, ölkəmizin minlərlə sakininə, ictimai şuraların üzvlərinə, polis veteranlarına, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələrinə yüksək vətəndaşlıq mövqeyinə görə minnətdarlığını bildirib.

Ölkəmizin dünya birliyinə sürətli inteqrasiyasının, beynəlxalq öhdəliklərinin, eləcə də müasir dövrün çağırış və təhdidlərinin qarşıya çox məsul vəzifələr qoyduğunu qeyd edən daxili işlər naziri sabitliyin qorunub saxlanılmasının, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, xidməti fəaliyyətin, o cümlədən sosial funksiyaların icrasının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının başlıca məqsəd olduğunu diqqətə çatdırıb. Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üçün polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşünə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa malik olmalarının vacibliyini xüsusi vurğulamış və bu məsələyə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb edib.


Nazir əmin olduğunu bildirib ki, ümumrespublika toplantısı Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi hədəflərə çatmaq yolunda növbəti addım olacaq.

Sonra cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə xidməti vəzifələrin icrasında fərqlənən bir qrup əməkdaşın, habelə, əhali arasında hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasında fəal iştirak edən ictimai şura üzvlərinin mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilmiş və cənab Ramil Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim olunub.

İki gün davam edəcək toplantıda iştirakçılar müxtəlif mövzularda çıxışları dinləyəcək, qabaqcıl təcrübə və iş metodları ilə yaxından tanış olacaqlar.


AzNews.az