Fransa səfirliyi 5 illik viza verdiyini təsdiqlədi

Fransanın Azərbaycandakı səfirliyi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa və onun həyat yoldaşı Arif Yunusa 5 illik viza verdiyini təsdiqləyib.

AzNews.az xəbər verir ki, səfirliyin mətbuat katibi Cəmilə Axundova "Media forum" saytına səfirliyin Leyla və Arif Yunuslara aprelin 28-də viza verdiyini də əlavə edib.

Mətbuat katibi vizanın növünə aydınlıq gətirməkdən imtina edib, eyni zamanda vizanın hansı prosedurlarla verildiyini də açıqlamayıb.

Cəmilə Axundova aprelin 28-də Fransa səfirliyi əməkdaşlarının Leyla Yunusla Arif Yunusu xaricə yola salmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna getdiyini də təsdiqləyib: "Amma bunun səbəbləri haqda məlumatım yoxdur".


Xatırladaq ki, Leyla və Arif Yunus aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında, Qətərin paytaxtı Dohaya gedərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib.

Aprelin 29-da Leyla Yunus hazırda həbsdə olan, dövlətə xəyanətdə şübhəli bilinən jurnalist Rauf Mirqədirovun işi üzrə Baş Prokurorluğun ağır cinayətləri araşdıran istintaq idarəsində dindirilib.

AzNews.az