İlham Mirzəyevin vəkili: “Yoldaşı onunla tez-tez görüşür, geyimlər aparır”

Sosial şəbəkələrdə və mətbuatda yayılan xəbərlərə görə aprelin 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmiş teleaparıcı İlham Mirzəyev tanınmış iş adamlarından birindən külli miqdarda pul alaraq ona vəzifə vəd verib. Belə ki, Mirzəyev həmin şəxsə bildirib ki, göy rəngli kostyum geyəcəyi təqdirdə bir müddət sonra icra başçısı təyin ediləcək. Sözügedən ittihamlarla bağlı İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə AzNews.az-a açıqlama verib və səsləndirilən iddiaları gülünc adlandırıb: "Bu sözü sizdən eşidirəm. Bunu kim yazır axı? Hamısı boş-boş söhbətlərdir".

Vəkil teleaparıcının durumu ilə bağlı da açıqlama verərək bildirib ki, İlham Mirzəyevin saxlanma şəraitindən və sağlamlığından heç bir şikayəti yoxdur: "Yoldaşı onunla tez-tez görüşür, geyimlər aparır. Özüm də ötən həftə onunla görüşmüşəm. Ümid edirik ki, hər şey müsbət sonluqla nəticələnəcək".

İntiqam Valehoğlu
AzNews.az