Vitse-admirala İlham Mirzəyev psixoloji yardım göstərir- HƏBSXANADA

Həbsdə olan keçmiş teleaparıcı İlham Mirzəyev Bakı İstintaq Təcridxanasında kamera yoldaşı Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, barəsində 3 aylıq həbs-qətimkanı seçilən vitse-admiral Şahin Sultanova psixoloji yardım göstərir.

Bu barədə AzNews.az-a hər iki təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib.

O deyib ki, İlham Mirzəyevlə Şahin Sultanovun münasibətləri çox yaxşıdır: "Biri böyük həyat yolu keçmiş vitse-admiral, digəri isə efir adamıdır. Kifayət qədər maraqlı söhbətləri olur. İlham müəllim Şahin Sultanovla psixoloji söhbətlər edir, bir-birinə dəstək olurlar, kitab oxuyurlar. Ümumiyyətlə, insanın özünü yaxşı hiss etməsi üçün inam hiss çox vacibdir".

Qeyd edək ki, İlham Mirzəyev dələduzluqda (Cinayət Məcəlləsi 178-ci maddə), Şahin Sultanov isə vəzifə saxtakarlığı və mənimsəmədə (Cinayət Məcəlləsinin 313 və 179.3.2 maddələri) ittiham olunurlar.

İntiqam Valehoğlu
AzNews.az