Tofiq Hüseyn Tofiq Hüseyn

Bizə qoz-fındıq gözü ilə baxırdılar - Əyalət şairləri

Tofiq Hüseyn



Bizim marketlərdə müxtəlif yerlərdən kauçuk qablarda gətirilən içməli su satırlar. Mən ən çox "Şahdağ " suyu alır və aldığım kauçuk qabın üzərindəki sözü oxuyan kimi Tacəddin Şahdağlını xatırlayıram. O Tacəddini ki, sözlərinə yazılan mahnılar illər uzunu dillər əzbəri olub. Bu mahnıları Şövkət xanım, Zeynəb xanım, Akif bəy ifa edib. Nəğməkar şair bir çoxları kimi heç kəsin qoltuğuna sığınmayıb, fəxri ad, iri maşın, televiziya kanalları naminə qapılar arxasında dayanmayıb.

Biz bir-birimizi qiyabi tanıyırıq, yəni imzalarımızdan. Səksəninci illərdə mənim Sabir Rüstəmxanlının kiçik bir məqaləsi ilə "Ədəbiyyat" qəzetində üç şeirim dərc olunmuşdu. Birinin adı "Yerli şair" idi. Adından da göründüyü kimi əyalətdə yaşayan qələm adamlarına olan münasibətdən poetik dillə bəhs edən bu şeirə görə müxtəlif yerlərdən bir neçə məktub aldım. Onlardan birini Tacəddin Şahdağlı göndərmişdi. Şeirdəki misralar, məsələn,

Bəli, yerli şair qalxıb kürsüyə
Oxuyur şerini günahkar kimi.
Qızıldan qiymətli bir söz də desə
Qiymətsiz olacaq,
yerli fabrikin.
Toxuyub tikdiyi bir paltar kimi.

onun ürəyindən xəbər verdiyindən, mənimlə cani-dildən həmrəy olduğunu bildirirdi . Əyalət şairi, yerli şair... "Əyalətdə yaşamaqla" "əyalət şairi" anlayışları çox ğüman bir-birindən fərqli olsalar da ötən illərdə, indinin özündə də təəssüf ki, aktuallığını itirməyib. Gizlətməyin nə mənası,mərkəzdəkilər vaxt var idi yerlərdə yazib-yaradan adamlara bir az yuxarıdan aşağı baxırdılar. Yaxşı bir nümunə gətirmək istəyəndə isə bir qayda olaraq Musa Yaqubun adı çəkilib. Halbuki, mən biləni Musa yetmişinci illərdə Bakıda məskunlaşıb. İsmayıllıya, Buynuza- doğma yurdu ziyarət edib, havasını dəyişmək üçün gedir. Biz isə əyalətdə yaşayırıq. Deyim ki, elə əyalətin təbiətindən doğan sadəlövlüyümüz də az olmayıb. Bakidan gələn şair və yazıçıları ən əziz qonağımız bilib yaşadığımız əyalətdə onlardan ötrü əldən-ayaqdan getmişik. Paytaxta yolumuz düşəndə təəssüf ki, bu istiliyi, hərarəti onlardan görməmiş, görməsək də yenə küsüb inciməmişik. Bizə elə gəlib ki, bu elə belə də olmalıdır. Düzdür, bu incikliyi mən bir vaxtlar " Bakiya gedirəm" adlı şeirimdə ötəri də olsa biruza vermişəm.

Bakiya ələnir qar narın-narın
Çox yerdə könlümə qubar dolacaq.
Tələsik görüşüb qaçan dostların
Hardasa çox vacib işi olacaq.


Yenə də gizlətməyin mənası yoxdur. Mərkəzdəki qəzet-jurnal redaksiylarında əyləşənlər o illərdə Lənkəranda yaşayan şairə – sitrus, salyanda yaşayana –balıq, Qaxda-Qəbələdə yaşayana- qoz-fındıq gözü ilə baxırdılar. Şəxsən mən, bunu aydın görür və elə həmin " Bakıya gedirəm" şeirimi bu misralarla bitirirdim:

Titrəyir heybəmdən yapışan əlim
Bakıya gedirəm xoruz banında.
Heyif qara kürü tapa bilmədim
Üzüm ağ olardı şerim yanında.

Bəli, biz, əyalətdə yaşayırıq. Yaşayış məkanının yaradıcılığa, istedada dəxli varmı? Yadımdadır ki, Sovet dövründə böyük rus yazıçısı Valentin Rasputini nə billah elədilərsə mərkəzə köçüb Moskvada yaşamadı. Baykal gölünün sahilində tikdirdiyi koma (izbuşka) onuncun daha əziz idi. Düzdür, biz Rasputin deyilik, amma fərqli münasibət olmasaydı yüzümüzün içindən bəlkə bir Rasputin çıxa bilərdı.
Nə isə, qayıdaq Tacəddin Şahdağlıya. Saytlarda köhnə qiyabi tanışımı axtaranda gözıərimə inanmadım. Tacəddin 1928-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. 86 yaşı var, indi də həmin kənddə yaşayır. Eşq olsun. İstədim məktub yazib deyəm ki, qardaş, kişi adamsan. 86 yaş - dahiyanə əsərin, 6 övlad, 14 nəvə,5 nəticən isə gözəl nəğmələrindir. Bunları sənə Şahdağın ətəyindəki o Xırxatala kəndi bəxş edib, hansı ki, mərkəzdə yaşayıb fəxri ad, cürbəcür imtiyaz alanların çoxu o yaşa , o nəvə-nəticəyə tamarzıdır. Istdədim onu da əlavə edəm ki, elə bu gün, bu vaxt nə yaxşı ki, Bakıda deyilsən. Tıxaclara bəlkə dözə bilərdin, ədəbi aləmdəki vur-çatlasına çətin tab gətirəydin. Sənin-mənim vurğunu olduğumuz şairlər, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vaqif Bəhmənli, Əjdər Ol və qeyriləri abırlarına qısılıb handan–hana gözə dəysələr də, meydan onların deyil. İndi meydan başqalarınındır. AYB–çilər, AYO-çular, altımışıncılar, doxsanıncılar var, ortada "Dəli Kür" , "Axırıncı aşırım", "Yamacda nişanə", "Dantenin yubileyi", "Kür qırağının meşələri" yoxdur. Özünə "modernist", "posmodernist" adı qoyan "ədəbi danbatlar" çıxıb ortaya. Çətin tələffüz olunan 10-12 xarici yazıçı adı əzbərləyib özlərindən bu yazıçıların adına sitatlar qondarır, bununla da özlərini dünya ədəbiyyatının həm bilicisi, həm də yaradıcısı kimi göstərmək istəyirlər. Biz, xarici yazıçı adı əzbərləməyi ağlımıza gətirməmişik. Drayzer , Hüqo, Heminquey, Markes, Folkner öz- özünə yaddaşımıza həkk olunub. Jan Valjanı, Kozettanı, Martin İdeni, Kerrini illər boyu əziz adamlarımız kimi xatirələrimizdə yaşatmışıq. Biz onu bilmişik və bu gün də o qənaətdəyik ki, ədəbiyyatın mayası real həyat, şəhd- şirəsi bütün dövrlərin əşrəfi olan İNSANDIR. Gəl indi bu gün müsaqibələr qalibi olan kitablarda tap bunları, görüm necə tapırsan. Yazmaq istədim, ancaq yazmadım. "Əyalət şairi" deyimini yada salıb öz komasında rahat ömür sürən qocaman ədibin, nəğməkar şairin kefinə soğan doğramaq istəmədim. Amma qoy olsun, biz əyalət şariləriyik. Həqiqətən fərqlərimiz var; şəhərdə yaşaynlar "Şahdağ" suyunu kauçuk qabdan, Tacəddin Şahdağlı isə Xırxatala kəndində bulağın ğözündən içir.

Tofiq Hüseyn,
Əməkdar jurnalist