- Köhnə - Cəmiyyət
- 21 Avqust 2015 12:58
- 10 328
“51-in mübarək, Rəşka, qaqulya…“ - Dostları belə təbrik etdi

Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibi ,”525-ci qəzet”in baş redaktoru, şair-yazıçı Rəşad Məcidin 51 yaşı tamam olur.
Rəşad Məcidin yaxın dostları onu AzNews.az vasitəsi ilə təbrik ediblər.

Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca hesab edir ki, Rəşad Məcid bu gündən etibarən tamam dəyişəcək: "Rəşad, 51 nə tez gəldi? Biz iş yoldaşıyıq. O, istedadlı oğlandı, qəzet rəhbəridir, şairdir. Rəşad, insan ki 50 yaşını keçir, tamam dəyişir. İnsanın ikinci ömrü başlayır. 50 yaşdan sonra gəncliyin müdrik çağı gəlir. Mən ona bu müdrik çağlarında mənalı ömür arzulayıram. Rəşad işini çox yaxşı qura bilir. İnsan ki işini qurdu, deməli ona zaval yoxdur".

Millət vəkili Aqil Abbas 40 illik dostunun ailəsindən, böyüdüyü mühitdən və çatışmayan cəhətlərindən danışıb: "Rəşad Məcid böyük nəsildəndir. Qarabağda babasını görəndə ayağa qalxıb, əlindən opüblər. Atası gözəl bir ziyalıdır. Rəşad Məcid kitabın içində böyüyüb. Mən onu özümə dost deyil, balaca qardaş sayıram. Təxminən 40 ilə yaxındır ki, biz bir yerdəyik. Mənim övladlarım onun qucağında böyüyüb. Biz belə bir ailə olmuşuq. Rəşad Məcid gözəl təşkilatçıdır. Rəhbərlik etdiyi "525-ci qəzet" Azərbaycanda ən önəmli qəzetdir. Rəşad Məcid gözəl yazıçıdır, dünyanın bir çox ölkələrində əsərləri çap olunur. O, Yazıçılar Birliyinə katib seçiləndən Azərbaycanda onlarla gəncə dayaq olub, onların üzə çıxıb tanınmasında köməyini əsirgəməyib. Rəşad Məcidin çatışmayan bir nöqsanı var. Bu da bütün qarabağlılarda özünü biruzə verir. Həddindən artıq çılğındır. Lazım olmayan ifadələri işlədir. Gərək o sözləri işlətməyə. Müsahibələrində həddindən artıq köntey cavab verir. Rəşad Məcid çox etibarlı insandır. O, etibarın simvoludur".

Yazıçı Seyran Səxavət Rəşad Məcidi öz yerini bilən şəxs hesab edir: "Rəşad söz adamıdır. Sözün müxtəlif zirvələri var. Rəşad şip-şirin, yeməli bir oğlandı. Münasibətlərdə adam özü görsənir. Biz peşəmizə aludə oluruq, onun qulu oluruq. Yadımızdan çıxarırıq ki, biz həm də adamıq, adam balasıyıq. Bir eli-obanı, ailəmizi təmsil edirik. Bunların hamısından da vacib özümüzü təmsil edirik. Rəşad nə işlə məşğuldur, nə yazır, nə pozur hamısı məlumdur. O, bütün bu pillələrin üzərindən özünü unutmayıb. Özünə hörmətlə yanaşıb. Öz yerini bildiyi üçün hörmət qazanıb. Bəzən adam var ki, özünü ömrü boyu axtarır. 51-in mübarək, Rəşka, qaqulya…"

Bahar RÜSTƏMLİ
AzNews.az