“İkinci evimin, həyatımın bayramıdır” - Rafiq Hüseynov

Bu gün Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramıdır. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Xalq artisti, Azərbaycanın tanınan diktoru Rafiq Hüseynov

AzNews.az-a açıqlamasında bu günü həyatının bayramı hesab etdiyini bildirib: "Gün hələ təzə başlayıb. Dünəndən başlayaraq mənə təbrik zəngləri gəlir. Amma eyni zamanda mən də kimlərisə təbrik edəcəm. Gözləyirəm ki, camaat yuxudan oyansın. Məni təbrik edib yada salan hər kəsə təşəkkürümü bildirirəm. Əlbəttə bu bayrama sevinirəm. Mənim ikinci evimin, həyatımın bayramıdır".

R.Hüseynov həyatının televiziyada keçdiyini qeyd edib: "Həyatım televiziyada keçib. Mən bu televiziyada böyüyən adamam. Televiziya məni elə dərəcədə tanıtdırıb ki, uşaqdan böyüyə hər kəs mənə zəng edib təbrik edir, səhhətimlə maraqlanır. Axı mən həmişə efirdə olmuşam".

R.Hüseynov bildirib ki, bu gün ona dayanmadan efirlərdən dəvət gəlir: "Amma bu saat efirə çıxmaq istəmirəm. Əhvalım yerində deyil. Efir əhval və görkəm tələb edir. Görkəm olsa da, əhvalım əvvəlki deyil".

Bahar RÜSTƏMLİ
AzNews.az