"Kreutz" kometası Günəşə yaxınlaşır

Yanvar ayında Atakama səhrasında həvəskar astronomlar tərəfindən aşkar edilən kometanın aprelin əvvəlində Günəşə çox yaxın məsafədən keçəcəyi gözlənilir.

AzNews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Alimlər bildirirlər ki, əgər kometa parçalanmasa, hətta gündüz saatlarında belə görünəcək qədər parlaq ola bilər.

Astronomların məlumatına görə, 13 yanvar 2026-cı ildə kəşf edilən C/2026 A1 (MAPS) məşhur “Kreutz” kometalar ailəsinə daxildir. Bu ailə min illər əvvəl parçalanmış böyük göy cisminin qalıqlarından formalaşıb.

Hesablamalara əsasən, kometa Günəş səthinə təxminən 120 min kilometr məsafəyə qədər yaxınlaşacaq. “Günəşə toxunanlar” (sungrazer) adlandırılan bu tip kometalar ya Günəşin güclü istiliyi səbəbindən buxarlanır, ya da çox parlaq görünərək maraqlı səma mənzərəsi yaradır.

Mütəxəssislər bildirirlər ki, kometa bu yaxın keçidi sağlam keçərsə, aprelin ortalarında axşam səmada parlaq şəkildə müşahidə oluna bilər. Hətta bəzi alimlər Günəşə ən yaxın anında onun gündüz vaxtı çılpaq gözlə seçilə biləcəyini istisna etmirlər.

Kometa əsasən Cənub yarımkürəsindən daha yaxşı müşahidə olunacaq.

AzNews.az