Köçəryan Nensi Pelosinin Ermənistanı tərk etməsindən sonra sərhəddə vəziyyətin yenidən pisləşə biləcəyini söyləyib Köçəryan Nensi Pelosinin Ermənistanı tərk etməsindən sonra sərhəddə vəziyyətin yenidən pisləşə biləcəyini söyləyib

Pelosi İrəvanda “Soros uşaqları”nın qulağına nə pıçıldayıb getdı - sirli mesajların “şifrələri”

Köçəryan Nensi Pelosinin Ermənistanı tərk etməsindən sonra sərhəddə vəziyyətin yenidən pisləşə biləcəyini söyləyib

ABŞ rəsmisinin bölgəni qarışdırmağa yönəlmiş çıxışlarına Bakıdan sərt reaksiya verildi; Kreml diplomatik şəkildə sözünü dedi; Ermənistanda da onlardan maşa kimi istifadə olunduğunu anlayanar tapılıb; deputat: “Ağ Evdəkilər və Dövlət Departamentindəkilər ABŞ-dakı hay lobbisinə nə qədər yaxın olsalar da, ölkəmizin regionda oynadığı rolu çox yaxşı bilirlər”

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri, qatı ermənipərəst kimi tanınan Nensi Pelosinin 2 günlük İrəvan səfəri bitdi. Səfər şübhə yox ki, həm də forpost Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq, İrəvanı buna sövq eləmək niyyəti ilə bağlı idi. Təkcə bu məqam ki, N.Pelosi İrəvandan sonra nə Bakıya, nə də Tiflisə baş çəkməyi özünə rəva bilmədi, özlüyündə çox şey deyir.

Gözlənildiyi kimi, Pelosi İrəvana ayaq basar-basmaz, anti-Azərbaycan bəyanatları verməyə başlayıb, həyasızcasına ölkəmizi Ermənistana qarşı aqressiyada ittiham edib, ABŞ-ın Minsk Qrupu həmsədri olduğunu xüsusi qabardıb, hətta Konqresdə Azərbaycan əleyhinə yeni sənəd layihəsi hazırladıqlarını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) reaksiyası isə gecikməyib. Azərbaycan XİN bəyan edib ki, N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir: “Bu, Ermənistanla Azərbaycan arasında hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir. Bu kimi birtərəfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə, gərginliyin artmasına xidmət edir”.

Onu da qeyd edək ki, səfər Azərbaycanla sərhəddəki məlum olaylardan dolayı Ermənistanda anti-Rusiya isterikasının və narazılığın pik həddə çatdığı dönəmdə reallaşıb. Pelosinin məhz belə bir məqamda İrəvana gəlməsi əsla təsadüf deyildi və böyük ehtimalla, həm də Ermənistanı öz ağasını dəyişməyə şirnikləndirmək məqsədi güdürdü. Yəni hədəf təkcə Soros layihəsi olan N.Paşinyana dəstək deyil, bütövlükdə Rusiyanı ABŞ-Fransaya dəyişmək istəyən erməni siyasi və ictimai kəsimi, erməni toplumu idi, onu Rusiyaya qarşı daha radikal ovqata kökləmək idi. Bu xüsusda diqqətçəkən məqamlardan biri də Pelosinin səfərinin Ermənistan rəhbərliyini KTMT ilə bağlı dərin məyusluq keçirdiyini rəsmən dilə gətirməsindən dərhal sonraya təsadüf etməsidir. Pelosinin səfəri günü hətta Rusiyanın İrəvandakı səfirliyi qarşısında Rusiya və KTMT əleyhinə etiraz aksiyası keçirildi və səfər müddətində eyni tələblə aksiyalar davam etdi. Öz növbəsində “Soros uşaqları”ndan olan parlament spikeri Alen Simonyan N.Pelosinin səfəri ərəfəsi Rusiyaya tənqid, ABŞ-a isə reverans xarakterli açıqlama verərək, Rusiya XİN rəsmisi Mariya Zaxarovanın sülhlə bağlı səsləndirdiyi fikrə, ümumiyyətlə, Kremlə sərt və ironiyalı reaksiya göstərmişdi. Belə ki, Zaxarovanın “hətta bu situasiyada da (sərhəd toqquşması nəzərdə tutulur - red.) sülh danışıqları davam etdirilməlidir” sözlərinə cavab olaraq Simonyan belə demişdi: “Bəs niyə belə bir situasiya yaranıb? Necə yəni "hətta belə situasiyada da"? Kim təminat verir ki, “belə bir situasiya” daha yaranmayacaq? Qoy Rusiya bunu bizə desin. Niyə indi açıq şəkildə bizə demir ki, indi heç nə edə bilməz? Amma imitasiya edir, yaxud situasiyanı belə vəziyyətdə buraxır. Rusiyanın böyük ərazisi var. Bağışlayın, ancaq bizim belə resursumuz yoxdur. Biz 3 milyonluq kiçik ölkəyik, bizim üçün hər metr böyük dəyər kəsb edir". N.Pelosi ilə görüşdə isə A.Simonyan “ABŞ-ın vasitəçiliyi ilə sentyabrın 14-də əldə edilmiş atəşkəs haqqında razılaşmaya görə” Amerika tərəfinə təşəkkür edib. Halbuki atəşkəsin məhz Rusiyanın səyləri ilə əldə olunduğu məlumdur. Bunu Bakı da etiraf edib. Atəşkəsə nail olduğuna görə hətta ABŞ nümayəndəsi də daxil olmaqla, BMT TŞ-yə üzv ölkələr Rusiyaya təşəkkür edib...

N.Pelosi də borclu “qalmayıb”, əsl simasını bir daha göstərərək, Simonyanla görüşdə belə bir ifadə də işlədib: “Biz ABŞ-da vətənpərvər ermənilərin əhatəsində olmaqdan qürur duyuruq. Hansı ki, onlar öz vətəndaşlarımızdır, bizim gücümüz və bütövlüyümüzün vacib komponentidir”.

Nensi Pelosi Ermənistana gəlib - FOTO

Qalır bircə “Daşnaksütyun” partiyasının üzvlük biletini Nensi nənəyə təqdim eləmək. Nümayəndələr Palatasının üzvü Ceki Speyer də çıxışında bildirib ki, Palata artıq Azərbaycanın hərəkətlərini pisləyən qətnamə təklif edib, o, “qətnamənin qəbul olunacağına” ümid etdiyini vurğulayıb: “Biz ərazi bütövlüyünü qorumağa davam edəcəyik və Ermənistanın sərhədlərində istənilən dəyişikliyin əleyhinə olacağıq”, - deyə konqresmen qeyd edib. Əlavə edək ki, türk düşməni Pelosi Azərbaycana qarşı bədnam “907-ci düzəliş”in dəstəkçilərindən və uydurma “erməni soyıqırımı”nın konqresdə tanınması barədə sənədin müəlliflərindən biridir. Vaxtilə həmçinin Meytu Brayzanın Azərbaycana səfir təyinatına qarşı çıxmışdı. Guya Brayza Azərbaycana və Türkiyəyə isti münasibətdədir. Amma özü qatı ermənipərəst ola-ola Nümayəndələr Palatasının sədri postunu tutur. Bəs onun səfəri kapitulyant ölkəyə “ikinci nəfəs” verə biləcəkmi? Ermənistanın ABŞ-dan əsas gözləntisi nədir və onun istədiyini ABŞ verə biləcəkmi? Məsələn, bu səfərdən sonra hərbi dəstək mümkündürmü? Pelosi İrəvandan Paşinyanın qulağına nə pıçıldayıb getdi? Səfərin “səsi” nə vaxt çıxacaq və Pelosinin ziyarəti İrəvanı Bakı ilə sülh danışıqlarında daha sərt mövqeyə kökləyə bilərmi? Digər bir məsələ isə Nensinin məlum davranışlarının fonunda, habelə Amerikanın son dövrlərdəki ermənipərəst davranışları Azərbaycanı Qərbdən uzaqlaşıb, Rusiya ilə daha sıx münasibətlərə sövq edə bilərmi? Bu, regiona nə vəd edir? Digər bir rəy isə ondan ibarətdir ki, Nensinin səfəri, dedikləri ABŞ-ın rəsmi mövqeyi sayıla bilməz. Başqa bir yanaşma isə odur ki, Tayvanı qarışdırmış Nensinin Ermənistan səfəri və oradakı bəyanatları əslində erməni xalqına “ayı xidməti”dir, bu gedişat Ermənistanı tam qarışdıra bilər. Həmçinin Ermənistanın Rusiyadan qoparılması projesinə Kremlin sərt reaksiya verəcəyi, hətta Paşinyan hökumətinin devrilə biləcəyi də gözləniləndir. Ekspertlər deyilən versiyalardan hansını real sayır? Səfərlə bağlı yeni gəlişmələri də nəzərə alsaq, Ermənistan eksperti deyib ki, "Pelosinin Ermənistana səfərinin əsl məqsədi ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır’" iddiasına münasibət necədir?

Sahib Alıyev (siyasətçi) — Vikipediya

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, bu səfərlə bağlı sosoial şəbəkədə yazdığı ilk statusunda Pelosini, sadəcə, ABŞ Demokratlar Partiyasının təmsilçisi kimi təqdim edib və bu da elə-belə deyil: “Çünki bu səfər ilk baxışda onun Tayvandda peyda olmasını xatırlatsa da, təşkilindən tutmuş, sözügedən nənənin hansı təyyarədə gəlməsinədək xeyli fərqli məqamlar var. Bir cümlə ilə deməli olsaq, bu, həm Pelosinin özü, həm də getdiyi ölkə üçün birdəfəlik effektə hesablanmış səfərdir. Yəni onun ardınca nə ABŞ İrəvanda manipulyasiyalı göz yaşı axıdan xanımın Azərbaycana qarşı əsassız ittihamlarında yer alan yöndə hərəkət edəsidir, nə də Pelosi öz şəxsi və partiya məqsədinə çatmasıdır. Bütün sorğular onu göstərir ki, payızdakı seçkilərdən sonra demokratlar həm konqresdəki çoxluğu itirəcəklər, həm də Nensi nənə Aşağı Palatanın sədri postu ilə vidalaşmalı olacaq”. S.Alıyev davamında digər maraqlı məqama toxundu: “Ermənistana gəldikdə, Pelosi getdi, indi baxaq, görək orada kim qalır. Orada Rusiyanın Gümrüdəki hərbi bazası qalır, sərhədçiləri qalır, kəndlərdəki icma başçılarından tutmuş, yüksək vəzifəli məmurlaradək minlərlə adamın cəlb olunduğu agentura şəbəkəsi qalır, Rosatom, Qazprom, Rusiya Dəmir Yolları və sair, və ilaxır kimi forpostdakı bütün strateji sahələri kontrolda saxlayan şirkətlər qalır. Yəni Ermənistan özünü cıra bilər, amma ən azından yaxın və orta perspektivdə Rusiyanın çəngindədir ki, çəngindədir”.

Azərbaycana gəldikdə, deputat qeyd etdi ki, bizim dövlətimiz dayanıqlı və strateji ağırlıqlı siyasət yeridir: “Əlbəttə, Pelosi kimi birinin Azərbaycanı əsassız ittihamları onun ölkəsi haqqında bizdə heç də xoş təəssürat yaratmır. Ancaq Azərbaycanın ABŞ-la gələcək davranışlarını bir qoca qarının dar partiya və şəxsi maraqlara dayanan çıxışı yox, geosiyasi proseslərin gedişi müəyyənləşdirəcək, müəyyənləşdirir. Və burada ön planda Azərbaycanın milli maraqları durur. Yeri gəlmişkən, indi Ağ Evdəkilər və Dövlət Departamentindəkilər ABŞ-dakı hay lobbisinə nə qədər yaxın olsalar da, ölkəmizin regionda oynadığı rolu çox yaxşı bilirlər”. S.Alıyev bildirdi ki, elə məhz ona görə də Blinken Pelosinin dövlətimizə qarşı əsassız ittihamlarının dərhal ardından cənab İlham Əliyevə zəng edərək, sülh gündəliyindən və kommunikasiyaların açılmasından danışdı: “Yəni yorğun demokratların daha bir qoca təmsilçisinin çıxışının yaratdığı mənfi atmosferi neytrallaşdırmağa çalışdı. Amma okeanın o tayında unudurlar ki, bəzi təmsilçilərinin özləri üçün birdəfəlik effektə hesablanmış səfər və çıxışlarının doğurduğu narazılıqları aradan qaldırmaq elə də asan olmur. Eyni zamanda əgər ABŞ Blinkenin bildirdiyi kimi, regionda sülhdən yanadırsa, onda Ermənistandakı revanşistləri yeni qarşıdurmalara həvəsləndirən addımlar atmamalıdır. Amma təəssüf ki, biz son zamanlar bunun tam əksini görürük. Gördüyümüz üçün də Azərbaycan-Ermənistan sərhədində 12-14 sentyabrda baş verən toqquşmanın dayandırılmasında Prezident İlham Əliyev elə məhz Rusiyanın rolunu qabartdı. Çoxuna, özəlliklə də Blinkenə sirr deyil ki, bunun kimin xidməti olması haqda Ermənistandakı hansısa bir Simonyanın yox, sərhədboyu əksər strateji nöqtələri kontrol altında saxlayan, əməliyyat şəraitinə tam nəzarət edən Azərbaycanın dövlət başçısının dedikləri əsasdır. Ümid edirəm ki, nəticə çıxarılacaq”.

Maraqlısı budur ki, bir sıra erməni ekspertlər də onlardan maşa kimi istifadə olunduğunun fərqindədirlər. “ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri bu ilin noyabrında keçiriləcək seçkilərdə Kaliforniya ermənilərinin dəstəyini qazanmaq və Ermənistanda yaranmış anti-Rusiya əhval-ruhiyyəsindən yararlanmaq məqsədi daşıyır”. Bunu Ermənistanın siyasi eksperti Karen Köçəryan deyib. Politoloqun sözlərinə görə, Vaşinqton hər zaman erməni cəmiyyətini rusiyapərəst hesab edib, lakin indi Ermənistanda yaranmış anti-Rusiya əhval-ruhiyyəsindən istifadə edərək təşəbbüsü öz əlinə almaq qərarına gəlib. Köçəryan Nensi Pelosinin Ermənistanı tərk etməsindən sonra sərhəddə vəziyyətin yenidən pisləşə biləcəyini söyləyib.

Kremlin də reaksiyası çox gecikməyib. “Rusiya Azərbaycan və Ermənistan arasında nizamlanmaya faktiki töhfə vermək üçün istənilən cəhdləri alqışlamağa hazırdır”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərini şərh edərkən bildirib. “Sözdə deyil, əməldə və yüksək səslə, populist şəkildə deyil, reallıqda, sakit və işgüzar şəkildə münasibətlərin normallaşmasına töhfə verə bilən hər şey sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bu alqışlanmalıdır. Bu cür səs-küylü hərəkətlər və bəyanatlar isə bu normallaşmaya həqiqətən töhfə verə bilərmi - buna hələ baxarıq, zamanla hər şey aydınlaşacaq”, - deyə Peskov bildirib.

Pelosinin səfərindən sonra Ermənistan hansı mövqe sərgiləyəcək, Rusiyadan birdəfəlik qırılma xəttini tutacaq, yoxsa yenə də Günəşin “şimaldan çıxacağını” zənn edəcək, bunu zaman göstərəcək...