"Mən bu fikirlə qəti razılaşmıram". "Mən bu fikirlə qəti razılaşmıram".

Mikayıl Müşfiqlə bağlı araşdırmalar hansı mərhələdədir?

"Mən bu fikirlə qəti razılaşmıram".

“Deyirlər ki, Mikayıl Müşfiq Nargin adasında güllələnəndən sonra guya onun cəsədi dənizə atılıb. Mən bu fikirlə qəti razılaşmıram. Yəni bu xalq arasında formalaşmış bir rəvayətdən başqa bir şey deyil. Digər tərəfdən, bunu sübut edəcək bir sənəd də ortada yoxdur. Sovet qanunlarına görə bir qayda olaraq, güllələnmiş şəxsin cəsədi müxtəlif rakurslardan çəkilirdi və heç bir başdaşı qoyulmadan məxfi şəkildə torpağa basdırılırdı. Yeri gəlmişkən, hələ bir neçə il əvvəl yaşlı sənət adamlarından eşitdiklərimə əsasən qeyd edim ki, onlar Müşfiqin basdırıldığı yerin çətin də olsa, tapmağın mümkünlüyünü deyirdilər”. Bu fikirləri bu yaxınlarda Qaradağ rayonunun Puta qəsəbəsindəki gizli məzarlıqda tapılmış sümük qalıqlarının Mikayıl Müşfiqə aid olub-olmaması ilə bağlı təəssüratlarını “İki sahil”lə bölüşən sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə söylədi. O bildirdi ki, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının güdazına gedərək 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Prezident İlham Əliyevin diqqətini cəlb edib: “Cənab Prezident bu məsələni öz nəzarətinə götürüb və araşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş verib. Bəri başdan deyim ki, mən möhtərəm Prezidentimizin bu məsələyə böyük önəm verərək, müşfiqsevərlərin həyəcanına son qoymaq üçün işçi qrupunu təşkil etməsini çox yüksək dəyərləndirirəm. Yeri gəlmişkən qeyd edim ki, yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında ilk iclası da keçirilib. İclasda dövlət başçısının tapşırığına uyğun olaraq işçi qrupuna Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı müvafiq arxiv materiallarının bir daha araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNT (dezoksiribonuklein turşusu) analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. Əgər qalıqların həqiqətən nakam şairimizə məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcəkdir”.

Abbasqulu Nəcəfzadə, həmçinin vurğuladı ki, Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərimizin, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə həmişə böyük diqqətlə yanaşır: “Buna bir misal göstərmək yerinə düşərdi. Əgər yadınızdadırsa, bir il öncə Bakının Yasamal rayonu ərazisində keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajı məsələsi ortaya çıxmışdı. Onda cənab Prezident heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq verdi və həmin göstərişin qısa zamanda icra olunmasından sonra heykəli ziyarət etdi və önünə gül dəstəsi qoydu. Bunu mən Prezidentimizin Müşfiqə, onun yaradıcılığına olan sevgisi ilə də izah edərdim”.

Müsahibimiz Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənova istinadən tapılmış sümük qalıqlarının Müşfiqə aid olub-olmadığını müyyən etmək üçün artıq işlərə başlanıldığını bildirdi. Belə ki, şairin ata nəslindən olan yaxın qohumlarından da müayinələr götürülüb. DNT analizi aparıldıqdan sonra sümük qalıqlarının müayinələrinin nəticələri Müşfiqin qohumlarının müayinələrinin nəticələri ilə tutuşdurulacaq: “Qaradağ rayonunun Puta qəsəbəsindəki gizli məzarlıqda tapılmış qalıqların Mikayıl Müşfiqə aid olması məndə əsla şübhə doğurmur. Odur ki, şübhə etmirəm ki, yaxın günlərdə bu, müayinələr əsasında da sübut olunacaq və həmin qalıqlar şairin adına layiq dəfn ediləcək. Nəhayət, nakam şairimizin də məzarı olacaq. Bütün bu dediklərimə rəğmən, mən də bir sənəsevər, müşfiqsevər insan kimi DNT analizinin nəticələrini səbirsizliklə gözləyirəm”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

image description