Onu çox-çox əvvəllərdən tanıyırdım. Onu çox-çox əvvəllərdən tanıyırdım.

Ağa Laçınlı və söz dünyası

Onu çox-çox əvvəllərdən tanıyırdım.

Tale elə gətirdi ki, bir çoxları kimi mənə də respublikamızın ən yüksək səviyyəli ali məktəblərindən birində – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində qiyabi təhsil almaq nəsib oldu. Burada oxuduğum müddətdə Azərbaycan ədəbiyyatının bel sütunlarını – azman sənət adamlarını yaxından gördüm və sevdim. Böyük-böyük alimlər və şairlərdən dərs aldım. Ədəbiyyatşünas alimlərdən Abbas Zamanov (diplom işi üzrə elmi rəhbərim olub), Bəkir Nəbiyev, Əlyar Səfərli, Şamil Qurbanov, filosof Camal Mustafayev, folklorşünaslardan Vaqif Vəliyev, Azad Nəbiyev, dilçilərdən Yusif Seyidov, Musa Adilov, türkoloqlardan Tofiq Hacıyev, Cəfər Cəfərov, Samət Əlizadə, Şaməddin Xəlilov kimi dəyərli alimlər bizə dərs verdilər.

Müəllimlərimizin arasında xalq şairi Bəxtiyar Vahabzadə, Azərbaycan ədəbiyyatında mənsur şeirin ustadı sayılan Gülhüseyn Hüseynoğlu, şair-tərcüməçi Şamil Zaman və Ağa Laçınlı kimi ölməz sənətkarlarımız da var idi. Bu siyahını uzatmaq da olar. Lakin bunlarla yetinməyi daha məqsədəuyğun hesab etdim.

Şair-müəllimlərin içərisində tək Bəxtiyar Vahabzadə zirvəsinə yaxın düşə bilməsəm də, Gülhüseyn Hüseynoğlu, Şamil Zaman və Ağa Laçınlı ilə yaxın münasibətlərim oldu. Bu üç şəxsiyyətin hər birini həm gözəl şair, həm gözəl müəllim, həm də böyük bir insan kimi sevdim.

Tələbəlik illərində bu üçlüyün içərisindən ən çox sevimli şairimiz və əziz müəllimim Ağa Laçınlı (1940-2007) ilə yaxın və səmimi münasibətim oldu.

Ağa müəllim bizə 1983-1985-ci illərdə xarici ölkələr ədəbiyyatı fənnini tədris edib. Özünü şəxsən ilk dəfə auditoriyaya girdiyi zaman görsəm də, onu çox-çox əvvəllərdən tanıyırdım. “Sirli-soraqlı dağlar”, “Torpağın gücü”, “Ana duyğusu”, “Aşırımlar qarşısında”, “Vaxt yetişəndə”, “Sevgimizlə sevindirək” kimi bir-birindən gözəl, bir-birindən əlvan, bir-birindən sənətkarlıq cəhətdən qüvvətli, birər-birər oxuduğum şeir kitablarından tanıyırdım (mənsur şeirimizin ustadı olan Gülhüseyn Hüseynoğlunun da kitablarının çoxunu bu cür oxumuşdum). Ağa müəllimin kitablarıyla tanışlığım özümü ona sevdirə bilməkdə mənə kömək etdi – körpü rolunu oynadı.

Bu gözəl şairimizlə aramızda səmimi bir müəllim-tələbə münasibəti yarandı və bu münasibət getdikcə dərinləşməyə başladı.

Bir gün Ağa müəllim dedi ki, qardaş, Yazıçılar İttifaqından mənə Köhnə Günəşli qəsəbəsində təzə ev veriblər, ora köçməliyik, evin yükünü daşımaqda köməyə ehtiyacım var, mənə köməklik edin. Mən tələbə yoldaşlarımdan ikisini götürdüm və bu işdə ona cani-dildən kömək etdik.

Beşinci kursun yay imtahanlarını verirdik. Yayın isti və bürkülü günləri idi. Çox əziyyət çəkirdik. On imtahan verməliydik. Sonuncu imtahanımız isə xarici ölkələr ədəbiyyatından idi, yəni Ağa müəllimdən. Mən qrup nümayəndəsi idim. Tələbə yoldaşlarımdan bir neçəsi mənə dedi ki, bəs Ağa müəllim sənin dostundu, onunla danış, imtahanda bizə kömək etsin, biz də qarşılığında borcunu ödəyək. Tələbə yoldaşlarıma dedim ki, mən Ağa müəllimin evində də olmuşam, onun ailə vəziyyətini azdan-çoxdan yaxşı bilirəm. İkincisi, o adam şairdir. Mən inanmıram ki, o insan bu yolun yolçusu olsun. Tələbə yoldaşlarımdan biri üstümə çəmkirdi ki, ə, o adam iyirmi beş manata belə qiymət yazar. Dedim, əzizim, sənin sözünə mən inanmasam da, üzümə üz tutub deyərəm.

Səhərisi gün dərsdən çıxanda yolumu qəsdən Ağa müəllimlə birgə saldım, avtobusda gedə-gedə, böyük xəcalət təri tökə-tökə ona xısın-xısın tələbələrin təklifini bildirdim. Sanki Ağa müəllimi güllə ilə vurdum. Dedi: “Ələsgər, qardaş, mən on beş ildir bu universitetdə işləyirəm. Əgər bu on beş ildə evimə bir tikə haram çörək aparmışamsa, qoy Allah-tala məni öldürsün. Yoldaşlarına de ki, narahat olmasınlar. Çalışıb oxusunlar”. Mən Ağa müəllimdən dönə-dönə üzr diləyib ayrıldım. Ürəyimdə sevinə-sevinə gəlib həmin tələbə yoldaşıma ağzımdan qopanı dedim. İmtahan isə çox uğurlu keçdi. Hər kəs haqq etdiyi qiyməti aldı və bütün tələbələr də Ağa müəllimdən son dərəcə razı qaldılar.

Növbəti görüşümüzdə isə mən Ağa müəllimə tələbə yoldaşlarımızla aramızda olan söhbəti dolğunluğu ilə anlatdım və dedim ki, mən bütün varlığımla sizə inanırdım, bilirdim ki, elə bir şey ola bilməz, ancaq sizin saflığınızı isbatlamaq üçün o addımı atmaq məcburiyyətində qaldım.

Yeri gəlmişkən bir haşiyəyə çıxım ki, Ağa müəllim 1986-cı ilə qədər nəşr olunan bütün kitablarını mənə aftoqrafı ilə hədiyyə edib. Bu hadisədən sonra isə “Meşə nəğməsi” kitabına belə bir aftoqraf yazdı: “Ələsgər Talıboğlu! Qardaş! Şair qəlbinə görə sağ ol! Qəlbini pis işlərdən qoruyanlar başqalarını da qorumuş olurlar. Əsil kişi odur ki, çirkablar içində də təmizliyini qoruya bilsin! Sağ ol, dost! Hörmətlə Ağa Laçınlı. Bakı, 15.01.1986”. Bu, sevimli müəllimimin mənə göstərdiyi ən böyük etimad idi.

Ağa müəllimlə son görüşüm belə oldu. Onda orta məktəbdə müəllim işləyirdim. 1991, ya 1992-ci ilin mart tətili zamanı idi. Bir həmkəndlimlə Rusiyaya gedirdik. Biletimizi alıb dəmiryol vağzalının qarşısına çıxdıq ki, bir neçə saat vaxtımız olduğundan bir az gəzib-dolaşaq. Bu zaman avtobus növbəsinə duranların sırasında Ağa müəllimi gördüm. Yaxınlaşdım. Məni görəndə çox sevindi. Görüşüb öpüşdük. Hal-əhvaldan sonra “Qatarın vaxtına hələ çox var. Qonaq gəlib, evdə məni gözləyirlər, mütləq getməliyəm. Ona görə gəlin bizə gedək” deyə çox israr etdi. Mənim ürəyimdən olsa da, həmkəndlimin getməyəcəyini bildiyimə görə, imtina etmək məcburiyyətində qaldım. Təxminən iyirmi-iyirmi beş dəqiqə son dərəcə xoş, ürəkaçan söhbət etdik. Avtobus gələndə üzr istəyib, öpüşüb-görüşüb bizdən ayrılası oldu. Bu mənim Ağa müəllimlə, çox təəssüflər olsun ki, son görüşüm oldu.

Ağa müəllim gedəndən sonra həmkəndlim soruşdu ki, bu adam kim idi, sənə qardaş deyirdi, səninlə belə sevinclə görüşdü? Dedim ki, bu insan universitetdə mənim müəllimim olub, həm də sevimli, gözəl şairimizdir, eyni zamanda böyük qardaşımdır. Həmkəndlim təəccüblə dedi ki, yəni müəllim-tələbə arasında da bu cür dostluq ola bilərmi? Mənsə dedim ki, gözlərinlə gördün ki, olar!..

O yerdə ki söhbət şairdən gedir, özü də Ağa Laçınlı kimi şairdən, bu cür bir şairin sənət dünyasından söhbət açmamaq, onun poetik aləminə baş vurmamaq mümkün deyil.

XX əsrin aforizm ustası, polyak şairi Stanislav Yeji Letsin belə bir sözü var: “Həmişə axtarışda olan şair ədəbiyyat üçün tapıntıdır”. Ustad şairimiz Ağa Laçınlı da daima axtarışda olan şairlərimizdən olub. Azərbaycan haqqında hər bir şairin şeiri var. Ağa müəllimin “Azərbaycan” şeirinin forması və məzmunu isə son dərəcə rəngarəngdir:

Sən deyirsən
aran səni darıxdırır dar quyucan,
– Mən deyirəm
səhrada da ucalıqdı Azərbaycan!

Soruşursan
hansı adla cinaslıdı dilək hecan?
– Mən deyirəm
Azərbaycan, Azərbaycan, Azərbaycan!

O taylı-bu taylı Vətən dərdi hər kəs kimi onun da ağrılı yerindəndir:

Yiyəsiz gəmidi, su basan ada,
Onun ağısına siz qulaq asın.
İnsanın hər nəyi iki olsa da,
Təki bir Vətəni iki olmasın.

“Rəngi əlvan, ətri həşəm sürülər”dən uzaq düşən şairin xəyalından heç zaman çıxmır “göy çəmənin o daş süfrəsi”, yurd yerləri:

Köhnə yurdu sarmaşıqlar qucaqlayıb,
Köhnə yurdda xatirələr daş bağlayıb.

“Ay bəxtin buludda itən ulduzu”nu axtaran şairin duyğuları, hissləri ürəyi kimi necə də saf, təmizdir:

Sizə gileyim var görüş yerləri,
Yoxsa gileyim də gecikib artıq?
Ay sevinc yerləri, gülüş yerləri,
Sizi görə-görə nisgilim artıb. –

deyən ustad sənətkarın gəl ki, ünü yetmir arzu kəndinə. Torpağa olan sevgisini daha bitkin şəkildə belə ifadə edir:

Orda göy gözündən qan sızan göyün,
Qərib axşamına Ay xına çəkir.
Tutub ətəyindən bərk sallaşmaqda,
Torpaq öz oğlunu qoynuna çəkir.

“Silə-silə yaddaşının tozunu” qəlbinin alt qatında yatan düşüncələrinə, xatirələrinə qanad verməyə çalışır:

Mat qalardım o kotanın
hodağına, majqalına.

Başqa bir şeirində isə bu fikri bu cür şaxələndirir:

Düzü, heyran qalır, mat qalır adam,
Könülün qəribə qibtələri var.
Duyğu dünyasının bizim dünyada
Kəşfi unudulmuş qitələri var.

“Qismət boyası da bir cür yağışdı” deyən şair könül dünyasının tablosunu daha da əlvan boyalarla cilalayır:

Boyalar birləşə, kinlər silinə,
Nə yollar ayrıla, nə də göz dola.

Gündən-günə silahlanan dünyasına qarşı durmaqla öz etirazını belə bildirir:

Bir gündə düzələn silahın sayı
Bir gündə doğulan körpədən çoxdur.

“Mən arzuya yorğanam” deyən şair “Arzunun boş əli bala batmadı” deyərək get-gedə dünyanı qan gölünə çevirənlərə qarşı üsyankar səsini daha da yüksəldir:

Yalqızam… öyüd də xətrimə dəyir,
Çoxuna yad imiş qəmin sınağı.
Qanadlı qəlbimə darlıq eyləyir,
Bu sağır dünyanın qan sağanağı.

“Təpiklərim ağrı təpdi yad topuna” deyən Ağa müəllimin poetikasının təkinə endikcə onun söz dünyasıyla üz-üzə dayanmış olursan və böyük sənətkarın poeziyasının önündə heyrət etməməyi, yenilməməyi bacara bilmirsən.

Ömrü-günü ar yoluna düzə-düzə
Çox diləyin köhlənini məhmizlədim. –

deyən şair itirdiyi yurdu ilə birgə ölən arzularının, istəklərinin önündə diz çökür sanki. Milli varlığını əzən dərdlərinin hayqırtısını çatdırır:

Bizim dərdin ağası var,
Qolu zorlu qağası var.
Dərdimizin kefi kökdü,
Heç deməzsən yağısı var.

***

Yurdu təpik döyənəyi,
Cibi qəpik döyənəyi…
Əli çəpik döyənəyi
olana bax, işini bil.

Və sonda Ağa Laçınlı:

Ay ürəyim, öz yaxşındı, öz pisin,
Sevgi səni bay etmədi… kinə sin.
Ay ürəyim, Ağa niyə incisin? –
Ha çalışdım, heç mən deyən olmadın,
Qəlbə dəyən, adam yeyən olmadın…

– deməklə ömür boyu onu müşayiət edən hisslərinin, duyğularının poetik bir dillə əksini çəkir, obrazını yaradır.

Ağa Laçınlını sevdim, ürəkdən sevdim… Həm böyük bir şair, ustad sənətkar kimi, həm gözəl bir pedaqoq, müəllim kimi, həm saf bir insan, dörd-dördlük bir şəxsiyyət kimi… Allah ruhunu şad eyləsin!..

Ələsgər Talıboğlu
Şair-publisist, Məmməd Araz
mükafatı laureatı