Azərbaycanın və Belarusun opera ulduzları Bakıda eyni səhnədə

Operanı dirijor Əyyub Quliyev idarə edib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italiyalı bəstəkarı Cakomo Puççininin “Boqema” operası təqdim olunub.

AzNews.az-ın məlumatına görə, səhnə əsərində əsas partiyalardan biri olan Rudolfun partiyasını gənc və istedadlı solist Azər Rzazadə ifa edib.

Operada Marsel partiyasını Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov canlandırıb.

Mimi rolunda Əməkdar artist Afaq Abbasova, Müzetta rolunda Əməkdar artist İnarə Babayeva çıxış edib. Səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Tural Ağasıyev və Əliəhməd İbrahimov da rol alıb.

Opera teatrın baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

Qeyd edək ki, Vokalçı kimi karyerasına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində başlayan A.Rzazadə sonradan təhsilini davam etdirmək üçün İtaliyaya gedib. Hazırda o Milanın La-Skala Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır.

AzNews.az