FEMEN hərəkatı dağıldı: “Dənizdəki gəmilər kimi ayrıldıq”

“FEMEN artıq təşkilat yox, etiraz üslubudur”

AzNews.az xəbər verir ki, bu barədə hərəkatın fəallarından olan Yana Jdanova Ukraynanın “Apostrof” nəşrinə verdiyi müsahibəsində bildirib. Onun sözləriə görə, Ukraynanın qadın hərəkatı FEMEN hələ 2015-ci ildə fəaliyyətini dayandırıb:

“Hər kəs dənizdə gəmi kimi ayrıldı. Əvvəl fəaliyyət göstərən komanda artıq yoxdur.”

Yana bildirib ki, hərəkatın ilkin konsepsiyası artıq mövcud deyil, müxtəlif ölkələrdə ayrı-ayrı aksiyalar həyata keçirilir:

“İdeyamız uğrunda istirahət günü və tətil olmadan hər gün çalışdığımız vaxtlardakı həmin ilkin sistem və konsept başa çatıb. İndi FEMEN təşkilat yox, etiraz üslubudur. Təşkilatımızın mövcud olduğu bütün müddət ərzində yaratdığımız həmin üslub sadəcə başqaları tərəfindən götürülür.”

Jdanovanın sözlərinə görə, hərəkatın dağılması “özünü lider elan edənlərin” meydana çıxmasından sonra başlayıb.

FEMEN bu zamana qədər həyata keçirdiyi bir sıra etiraz aksiyaları ilə məşhurlaşıb. Hərəkatın fəalları olan qadınlar üst geyimlərini çıxararaq çılpaqlıqları ilə diqqət cəlb etməklə sinələrinə yazdıqları şüarı təbliğ edirlər.