Abxaziyalı məcburi köçkünlər aksiya keçirdilər - Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında

Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya bölgələrindən olan bir qrup məcburi köçkün iyunun 16-da Tbilisidə etiraz aksiyası keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Abxaziyadan olan məcburi köçkünlərin yaratdıqları “İşğala qarşı hərəkat” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın iştirakçıları metronun Marcanaşvili stansiyasından Ermənistan səfirliyinin binasının qarşısınadək yürüş ediblər. Səfirliyin qarşısında etiraz bəyanatı oxunub və “İşğala qarşı hərəkat”ın sədri Onise Gerqadava sənədi səfirliyin əməkdaşına təqdim edib.

O.Gerqadava bildirib ki, bu gün Ermənistan bölgədə sabitliyi və sülhü pozmağa cəhd edən əsas ölkədir: "Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalında ermənilər xüsusi fəallıq göstəriblər. İndi də həmin bölgələrə erməni ailələri köçürülür. Bu yolverilməzdir və dünya birliyi buna hüquqi qiymət verməlidir”.

Onun sözlərinə görə, Ermənistanın işğalçılıq və anti-Gürcüstan siyasəti beynəlxalq müstəvidə də davam edir: "Ermənistandan olan deputatların Avropa Şurasında qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması və doğma yurd-yuvalarına qayıtmaları barədə qərarın əleyhinə səs vermələri, eyni zamanda, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməməsi buna əyani sübutdur. Biz Ermənistan hökumətindən Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyi və suverenliyinə hörmət bəsləməyi, Gürcüstandakı qaçqın və məcburi köçkünlərinin hüquqlarını müdafiə etməyi və onların doğma-yurd-yuvalarına qayıtmaları barədə qərarı dəstəkləməyi, Ermənistandan olan erməni ailələrinin zorla Abxaziya və Cənubi Osetiya ərazilərinə yerləşdirilməsini dayandırmağı tələb edirik. Əgər tələbimiz yerinə yetirilməsə aksiyalarımız daha geniş və müxtəlif yerlərdə davam edəcək”.

Qeyd edək ki, Ermənistan səfirliyinə təqdim olunmuş bəyanatı mindən çox məcburi köçkün imzalayıb.

AzNews.az

image description