4 min illik xəzinə tapıldı

Abxaziyanın Qudauta şəhərindəki Açandara kəndində yaşayan bir şəxs səlahiyyətlilərə eramızdan əvvəl 2000-ci ildən əvvəl qəbristanlıqda basdırılmış xəzinəni tapdığını xəbər verib.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Rüstəm Çələbi adlı kəndli qəbristanlığı təmizləyərkən xəzinə tapıb. Qəbirdə olan qızılları yığan kəndli xəzinəni hüquq-mühafizə orqanlarına təhvil verib. Bununla bağlı Abxaziya Dövlət Muzeyinin səlahiyyətliləri məlumatlandırılıb.

Arxeoloqlar qəbristanlıqdakı bürünc dəbilqələr, zirehlər, xəncərlər, qızıl bəzəklər, qılınclar və müxtəlif aksessuarları eramızdan əvvəl 2000-ci illərə aid edirlər.

Abxaziya Dövlət Muzeyinin direktoru Arkadi Jopua tapılan əşyaların əvəzsiz olduğunu bildirib: "Bizə xeyli xəzinə çatdığı üçün çox xoşbəxtik. Təşəkkür edirik. Qəbristanlığın xəzinəsi Abxaziya Dövlət Muzeyində sərgilənəcək. Biz də davam etdirdiyimiz araşdırmanın son nəticələrini ictimaiyyətlə paylaşacağıq. "

Xəzinəni tapan kəndlinin mükafatlandırılacağı ehtimal edilir.