Əhmədinejad müəmmalı məhkum ölümlərinə etiraz etdi

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad həbsxanalardakı şübhəli ölümlərlə bağlı ölkənin dini lideri Ayətullah Əli Xameneyini tənqid edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Mahmud Əhmədinejad prezidentlik müddətində onun köməkçisi olan və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Həmid Bakayinin apellyasiya məhkəməsi öncəsi jurnalistlərə açıqlama verib.

Həbsxanalarda baş verən ölüm hadisələrini araşdıran Əhmədinejad bunları deyib: "Yoxsul olduğuna görə ailəsindən utanan bir adam etiraz edincə tutulub həbsə atılır. İnsanları rəhm etmədən tuturlar, daha sonra meyitini ailəsinə verirlər. Sonra da, narkotik istifadəçisi adını qoyurlar"

Əhmədinejad daha sonra bunları bildirib: "Rəhbər ( Ayətullah Əli Xameneyi) bunların məsuliyyətini öz üzərinə götürmür. Dövlət və hökumət tərəfindən əzilən daha nə etməlidir?"

İranda keçən ay "casusluq" ittihamı ilə tutulan İran əsilli Kanada vətəndaşı Kavus Seyyid İmaminin Tehrandakı Evin Həbsxanasında intihar etdiyi bildirilib. Ölkədəki bəsi dairələr şübhəli görünən bu ölümlə bağlı danışaraq diqqəti İran həbsxanalarında baş verən ölüm hadisələrinə cəlb etmişdilər.