Berezovskinin evini çəkdilər- VİDEO

Polis mərhum biznesmenin evini nəzarətə götürüb



ANS TV-nin məlumatına görə, hazırda mərhum biznesmenin evi polis tərəfindən nəzarətə götürülüb: "Hal-hazırda Berezovskinin Londona yaxın Askot, Berkşirdə yerləşən imarətinin önündəyik. Gördüyünüz kimi, ev polislərin nəzarəti altındadır. İçəri heç kəs buraxılmır". Qeyd edək ki, Berezovskinin cəsədi keçən şənbə bu evin hamamında tapılıb.

İndi ən çox müzakirə olunan məqam məhz Berezovskinin ölümü ilə bağlı ortalıqda olan qaranlıq məqamlardır. Belə ki, məşhur biznesmenin yaxınları intihar versiyasını qəbul etmirlər. Mərhumun dostu, biznesmen Mixail Çernoy bildirib ki, Berezovski ona ölümündən bir neçə gün əvvəl İsrailə səfər etməyə hazırlaşdığını deyib. Berezovskinin daha bir dostu da bu məlumatı təsdiqləyib.

Berezovskinin meyidinin tibbi ekspertizası ilk olaraq, mərhumun boğularaq öldüyünü ortaya çıxarmışdı. İndi isə ekspert qrupu rusiyalı Maqnat Boris Berezovskinin ölümündən əvvəl qabırğasının sındığını müəyyənləşdirib. Bununla belə, Berezovskinin bədənində digər zorakılıq izləri aşkarlanmayıb.

İlkin məlumata görə, biznesmenin dəfn mərasimi altı həftədən tez baş tutmayacaq. Polis bütün istintaq hərəkətləri başa çatdıqdan sonra dəfnə icazə verəcək. Oliqarxın harada dəfn olunacağı isə hələlik dəqiqləşməyib.



AzNews.az