Dünyada 870 mln. insan aclıqdan əziyyət çəkir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ümumdünya Ərzaq Gününün builki mövzusunu "Ərzaq təhlükəsizliyi və qidalanma üçün davamlı ərzaq sistemləri" seçib. BMT-nin hesablamalarına görə, bu gün dünyada 870 mln. insan aclıqdan əziyyət çəkir.

FAO-nun Azərbaycandakı nümayəndəsi Təranə Bəşirovanın "APA-Economics"ə verdiyi məlumata görə, təşkilatın İtaliyanın paytaxtı Romada keçirilən tədbirində Avropa və Mərkəzi Asiya, Orta Asiya, Cənubi Qafqaz regionuna dair proqnozlar da açıqlanıb. Belə ki, qarşıdakı illərdə 3 subregion – Şərqi Avropa (Ukrayna), Cənubi Qafqaz və Mərkəzi Asiya istehsal səviyyəsi potensialdan xeyli aşağı olacaq.

Tədbirdə Orta Asiya və Qafqaz ölkələrində kifayət qədər qidalanmamaq riskinin müşahidə olunduğu qeyd edilib. Kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26%, yoxsulluq səviyyəsi isə Dünya Bankının hesablamalarına görə 30-70% təşkil edir.

Məlumata görə, son beş ildə Azərbaycanda yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə enib, lakin bir çox ailələr gəlir əldə etməkdə və uşaqlarının əsas ehtiyaclarını təmin etməkdə hələ də çətinliklərlə üzləşirlər. Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak edir, xüsusən yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır: "Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir. Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da, il ərzində 248 kiloqram, balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir".

FAO-nun hesablamalarında da Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu vurğulanır: Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda 3095 kilokaloridir.

Qeyd edək ki, qidalanma üzrə II Beynəlxalq Konfrans 19-21 noyabr 2014-cü il tarixlərində Roma şəhərində keçiriləcək. FAO və ÜST tərəfindən təşkil olunacaq bu yüksək səviyyəli nazirlərin konfransı növbəti onilliklər üçün qidalanma ilə bağlı əsas problemlərin həlli məqsədilə çevik siyasət çərçivəsini təklif etməyi nəzərdə tutur.


AzNews.az