Telekanal rəhbəri ölkəsinə xəyanət etdi - VIDEO

Ukrayna Milli Teleradio Şirkətinin rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq icra edən Aleksandr Panteleymonov Ali Radanın "Azadlıq" partiyasından olan deputatların hücumuna və təzyiqinə məruz qalıb.

Deputatlar Aleksandr Panteleymonovun ofisinə daxil olaraq, onu işdən çıxmaq barəqə ərizə yazmağa məcbur ediblər. Deputat İqor Miroşniçenko Krımın Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə dair sazişin imzalanmasının canlı yayımına görə, Panteleymonovu Ukraynaya xəyanətdə ittiham edib. İnsident zamanı çəkilmiş videoyazı da baş verənləri sübut edir.

Ukraynanın baş naziri Arseni Yatsenyuk "Azadlıq" partiyasının deputatlarının hərəkətlərini "demoktratik cəmiyyət üçün yolverilməz" adlandırıb. "Bu, bizim yanaşmamız deyil" - deyə Yatsenyuk bildirib və vurğulayıb ki, Ukrayna Milli Teleradio Şirkətinin işinə qiyməti qanunvericiliyə uyğun şəkildə hökumət verməlidir.

Rusiyanın ərazisinə qatdığı Krımdan silahlı insidentin baş verməsi barədə xəbərlər yayılıb. Dünyanın aparıcı kütləvi inormasiya vasitələri rusiyapərəst qüvvələrin Ukraynanın hərbi dəniz qüvvələrinin qərargahını ələ keçirməsi barədə məlumatlar yayıb.

Sevastopol şəhərində yerləşən Ukrayna Hərbi-Dəniz Qüvvələrinin qərargahına rusiyayönümlü silahlı qruplaşma daxil olub. "Asoşieytid Press" agentliyinin məlumatına görə, özlərini "özünümüdafiə qüvvələri" adlandıran yüzlərlə maskalı silahlılar qərargahın darvazasını qıraraq binaya daxil olublar. Bu zaman qərargahda olan ukraynalı hərbçilər atəş açmayıb və müqavimət göstərməyib. Hərbi-Dəniz Qüvvələrinin qərargahının binasına Rusiya bayraqlarının asıldığı bildirilir. Bəzi məlumatlara görə, silahlı şəxslər binaya hücuma keçməzdən əvvəl bir saat binanın yaxınlığında gözləyiblər. Yalnız Rusiya Qara dəniz donanmasının komandiri gəldikdən sonra binaya hücuma keçilib. Binaya daxil olmağa müvəffəq olan "Asoşieytid Press" agentliyinin jurnalisti hücumdan sonra ukraynalı əsgərlərin öz əşyalarını toplayaraq, mülki geyimlərdə binanı tərk etdiklərini bildirib.

Bu arada, Avropa Birliyi böhrandan sonra vəziyyəti sabitləşdirməyə yardım məqsədilə Ukraynaya 1,6 milyard avro həcmində maliyyə yardımı paketi təklif edib. Bu qərarı Avropa Komissiyasının vitse-prezidenti Oli Ren Brüsseldə açıqlayıb. Renin sözlərinə görə, bundan əvvəl Avropa Birliyi hansısa ölkəyə ən çox 610 milyon avro dəyərində maliyyə yardımı təklif etmişdi.

Avropa Komissiyasının vitse-prezidenti, Oli Ren: "1,6 milyard avro dəyərində maliyyə yardımı Ukraynadakı çətin maliyyə vəziyyətinə dərhal və konkret reaksiyadır. Bu maliyyə yardımı Avropa Komissiyasının martın 5-də prezident Joze Manuel Barrozu tərəfindən elan edilmiş yardım paketinin bir hissəsidir".



AzNews.az