Suriya Türkiyədən enerji idxalını dayandırdı

Moskva- Dəməşq reysi ilə uçan təyyarənin F-16-larla Ankara Hava Limanına endirilməsi onsuzda gərgin olan münasibətləri tarıma çəkib. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, Suriya Türkiyə ilə iqtisadi əlaqələrini kəsir və bu yolla qonşu ölkəyə təzyiq göstərmək niyyətindədir. Verilən məlumata görə, Suriya ilk olaraq Türkiyədən elektrik enerjisi idxalını dayandırıb.

Ankara nə qədər etiraf etməsə də, Suriyaya satılan enerjidən gələn gəlir kifayət qədər ciddi rəqəm olub. Bunu Türkiyə tərəfinin "istəsələr enerji ixracını bərpa edərik" deməsi də sübut edir. İkinci bir önəmli bir məqam isə Suriyada istehlak olunan içməli su qaynaqlarının mənbəyinin Türkiyədə olmasıdır. Bu isə Suriya üçün çox ciddi təhdid hesab edilə bilər. Ekspertlər hesab edirlər ki, Türkiyə içməli su qaynaqlarını dayandırarsa, iki ölkə arasında müharibə qaçılmaz ola bilər.

Qeyd edək ki, Türkiyə Suriya iqtisadi münasibətlərində qazanan tərəf rəsmi Ankara idi. Bəs Qərb Türkiyənin bütün iqtisadi itkilərini ödəyə bilirmi sualı yaranır ki, bunun da cavabı yəqin ki, müsbətdir. Əks təqdirdə Suriya ilə bu qədər dərinə gedilməzdi.

Sadiq Musa
AzNews.az