Prezidentin qərarı ölkəni qarışdırdı: Paytaxtda atışma

Somalinin paytaxtı Moqadişuda təhlükəsizlik qüvvələri ilə müxalifəti dəstəkləyən silahlı qruplar arasında gecə saatlarında şiddətli toqquşmalar yaşanıb.

Məlumata görə, Moqadişunun Hovlvaadaq və Abdiasis rayonlarına yerləşdirilən minlərlə hərbçi Prezident Həsən Şeyx Mahmudun səlahiyyət müddətinin uzadılmasına etiraz olaraq keçirilməsi planlaşdırılan aksiyalar ərəfəsində səhər saatlarınadək silahlı qruplarla döyüşüb.

Polis genişmiqyaslı əməliyyat keçirdiyini açıqlayıb

Somali polisi bəzi ərazilərdə minaatanlardan istifadə edən ağır silahlı qruplaşmalara qarşı genişmiqyaslı təhlükəsizlik əməliyyatı həyata keçirildiyini bildirib.

Toqquşmalar nəticəsində bir sıra yaşayış evlərinə ziyan dəyib, çoxsaylı sakin isə təhlükəsizlik səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Seçki islahatları gərginliyin əsas səbəbi sayılır

Somali Prezidenti Həsən Şeyx Mahmud ölkədə uzun illər tətbiq olunan qəbilə əsaslı siyasi təmsilçilik sistemini dəyişdirərək demokratik seçki modelinə keçidi həyata keçirməyə çalışır.

Prezident daha əvvəl bildirib ki, mart ayında parlament tərəfindən qəbul edilən yeni konstitusiya seçki islahatlarının hüquqi əsaslarını müəyyənləşdirib. Həmin dəyişikliklər çərçivəsində onun prezidentlik müddəti bir il uzadılıb.

Müxalif qüvvələr isə bu qərarın demokratik prinsiplərə zidd olduğunu iddia edir və hakimiyyətin səlahiyyətlərini genişləndirməsinə qarşı çıxırlar.

Ekspertlər hesab edirlər ki, seçki islahatları ətrafında yaranan fikir ayrılıqları Somalidə siyasi gərginliyi daha da artıraraq ölkədə təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərə bilər.

Mövsüm,

AzNews.az