- Dünyanın halı
- 17:07
- 1 974
Rusiya-Ermənistan gərginliyi dərinləşir: Moskva İrəvana qarşı təzyiqləri artırır
Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında Avropa İttifaqına inteqrasiya məsələsi ətrafında yaranmış fikir ayrılıqları daha da kəskinləşir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməsindən sonra Moskva ilə İrəvan arasında münasibətlərdə yeni gərginlik mərhələsi başlayıb.
Rusiya Prezidenti Vladimir Putin ötən ay məsələ ilə bağlı çıxışında Paşinyan hökumətini Avropa İttifaqına üzvlük məsələsini referendum yolu ilə həll etməyə çağıraraq Ukrayna nümunəsini xatırladıb.
“Hamımız hazırda Ukraynada baş verənləri görürük. Bəs hər şey necə başladı? Ukraynanın Avropa İttifaqına qoşulmaq cəhdləri ilə”, – deyə Putin bildirib.
Rusiya səfirini geri çağırdı
Putinin açıqlamasından sonra Moskva Ermənistandakı səfiri Sergey Kopırkini məsləhətləşmələr üçün geri çağırıb.
Rusiya tərəfinin yaydığı məlumatda qeyd olunub ki, səfir Ermənistan rəhbərliyinin Avropa İttifaqına yaxınlaşmaq istiqamətində atdığı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa zərər vurduğu hesab edilən addımların müzakirəsi üçün Moskvaya dəvət olunub.
İdxal məhdudiyyətləri tətbiq edilir
Rusiya bununla kifayətlənməyərək son həftələrdə Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyətlər qoyub.
Moskva əvvəlcə meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırıb. Daha sonra Ermənistandan dəniz məhsullarının idxalı da demək olar ki, tamamilə dayandırılıb.
Rusiya rəsmiləri kənd təsərrüfatı məhsullarına tətbiq olunan məhdudiyyətlərin gələcəkdə daha da genişləndirilə biləcəyini açıqlayıblar.
Enerji təchizatı ilə bağlı xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ötən həftə verdiyi açıqlamada Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi halında Rusiyanın ölkəyə enerji təchizatını dayandıra biləcəyinə işarə edib.
Avropa İttifaqından Ermənistana dəstək
Moskvanın addımları Brüsseldə narazılıqla qarşılanıb.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sosial şəbəkədə yaydığı açıqlamada Nikol Paşinyanla Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi məhdudiyyətləri müzakirə etdiyini bildirib.
“Bu, iqtisadi təzyiqdən başqa bir şey deyil və qəbuledilməzdir. Avropa Ermənistanın yanında qətiyyətlə dayanır. Biz dəstək paketi hazırlayırıq”, – deyə fon der Lyayen vurğulayıb.
Müşahidəçilər hesab edirlər ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması ilə bağlı proses davam etdikcə Moskva ilə İrəvan arasında siyasi və iqtisadi qarşıdurma daha da dərinləşə bilər.
Mövsüm,
AzNews.az