"Yeni nəsil" sədrinin köhnəlmiş təfəkkürünün tənqidi "Yeni nəsil" sədrinin köhnəlmiş təfəkkürünün tənqidi

Köç geri qayıtmır, "axsaq" Arif qabağa düşə bilməyəcək!

"Yeni nəsil" sədrinin köhnəlmiş təfəkkürünün tənqidi

2012-ci ilin sonları, daha dəqiqi, dekabr ayı idi.

Amerika Birləşmiş Ştatlarında çap olunan və dünyanın dörd tərəfində əl-əl gəzən, oxunmaqdan səhifələri piltim-piltim gedən “Newsweek” dərgisinin qapanma xəbəri hər kəsin əlini üzündə qoymuşdu.

Jurnal adından açıqlama verən Tina Broun - Birləşmiş Ştatların çox məşhur və nüfuzlu media kapitanı qapanma qərarını bu sözlərlə əsaslandırmışdı:

“Müdhiş və yıxıcı innovasiyaların gerçəkləşdiyi bir dövrü dəyişdirə bilməzsiniz. Heç kəs bu axını tərsinə çevirə, ona arxasını döndərə bilməz”!

O zaman dünya hələ bu qədər digitallaşmamışdı, internet hər kəsin evində, əlində-ovucunda yox idi, mobil aplikasiyalar da oxucuları indiki qədər şıltaqlaşdırmamışdı. “Newsweek” kimi bir jurnalın ayaqda qalmaq, nəşrini davam etdirmək üçün imkanları hələ vardı, tam tükənməmişdi, editorial siyasətdə və menecmentdə yeniliklər etmək, sərmayə baxımından təzə ortaqlar tapmaq mümkün idi. Ancaq rəhbərlik xalqın xəbər almaq haqqına xidmət edən jurnalistikada yeni bir dönəm başladığını sezmiş, dərgini internet versiyasında yaşatmaq qərarına gəlmişdi.

Daha sonra “Newsweek”i diriltməyə, yəni, çap formasında fəaliyyətini davam etdirməyə cəhdlər olundu. Ancaq gün keçdikcə Brounun çaldığı həyacan təbilinin səsini hər kəs daha ucadan duymağa başladı. Texnoloji innovasiyalar, sürətlə yenilənən kommunikasiya kanalları və xəbər istehlakçılarının dəyişən alışqanlıqları yeni çağın digital trendindən geridə qalanların peşəkarlıq baxımından axsaq olduğunu üzə çıxardı...

İndi Azərbaycandakı həmin zehni axsaqlardan biri - Arif Əliyev başqa bir intellekt şilinin oxunaqsız saytına müsahibə verir və Azərbaycanda çap mediasının üzləşdiyi problemləri yerli hakimiyyətin media siyasətinə, həmin siyasətin gerçəkləşmə mexanizmlərinə bağlayır.

Doğrudanmı, Arif Əliyev bilmir və ya anlamır ki, yəhudi sərmayəsi ilə 1897-ci ildə qurulan “Forward” qəzetinin çapını dayandırıb yola internet versiyası ilə davam etməsinin səbəbkarı Azərbaycan hakimiyyəti və KİVDF deyil?

Bəlkə, öz ittihamlarında lap qabağa gedə və “lap ağıllı” görsənmək üçün İngiltərənin məşhur “The İndependent” qəzetinin də 3 il öncə mətbəədən digital sferaya çəkilməsinin günahını Azərbaycan hakimiyyətinin media siyasətində axtara?

Yoxsa, qardaş Türkiyədə “Radikal”, “Vatan”, “Habertürk” kimi zəngin iş adamları tərəfindən çıxarılan qəzetlərin, hətta “Rəsmi qəzet” kimi qocaman nəşrlərin çapının dayandırılmasının günahı da bizim iqtidarın ayağına yazılmalıdır?

“Köç geri qayıdır” deyir Arif Əliyev öz müsahibəsində. Öz fikrini də belə əsaslandırır: “Ümumdünya Qəzetlər Assosiasiyasının hesabatına görə, təkcə 2010-2015-ci illərdə çap tirajları 21,6% artıb, hətta Böyük Britaniya, Fransa, Almaniya kimi yeni medianın güclü inkişaf etdiyi ölkələrdə də 2016-cı ildən qəzet tirajlarının ildə azı 2-3% artımı qeydə alınıb. Yox, dünya KİVDF gedən istiqamətdə getmir, orda artıq köç geri qayıdır”.

Əslində isə məsələ heç də bu yerdə deyil. Köç geri qayıtmır, sadəcə, bizim axsaq qabağa düşmək həvəsi ilə faktları bəzən təhrif, bəzənsə səhv təqdim edir. Üstəlik, hər cəhdi ilə primitiv aqrar təfəkkürünü və sürü psixologiyasının daşıyıcısı olduğunu ortaya qoyur. Halbuki, çağdaş media individlərə xitab edir. Bu, bir az fərqli, Arif Əliyevdən geniş çapa malik opponent istəyən mövzudur, ona görə də, rəqəmlərə dönək.

Ümumdünyna Qəzetlər Birliyi (WAN-IFRA) tərəfindən 2014-cü ildə İtaliyanın Torino şəhərində təşkil olunan toplantıda elan edilən raporta görə, Avropada qəzet satışları 2013-cü ildə 4 faiz civarında, beş illik periodda isə ortalama 22 faiz həndəvərində azalıb.

Yenə həmin qurumun “World Press Trends”/ “Dünya Mətbuat Trendi” adlı hesabatına görə, 2014-cü ildə Şimali Amerikada qəzet tirajlarında 1,3 %; Avropada isə 4,5 % eniş olmuşdu.

Buna rəğmən, 2014-cü ildə dünya üzrə qəzet tirajları öncəki illə müqayisədə 6,4%, son beş ildə isə 16,5 faiz artmışdı.

Görünür, Arif Əliyev bu kimi rəqəmlərin vacehinə yetə bilməyib.

Elə ona görə də ya çaşıb, ya da məqsədli şəkildə Azərbaycan media cameəsini çaşdırmaq istəyir. Əks halda, Amerika və Avropada qəzet tirajlarının aşağı düşdüyü bir dövrdə dünya üzrə rəqəmlərinin yüksəlməsinin səbəbkarının Çin və Hindistan olmasını da bilərdi. Sözügedən dövrdə Asiyada qəzet tirajları, ümumilikdə, 9,8 % artmışdı. Fəqət dünyada Çin və Hindistandan sonra ən çox qəzet satılan üçüncü ölkə olan və nəşrlərə son dərəcə mühafizəkar həssaslıqla yanaşan “ənənələr ölkəsi” Yaponiyada hər il ümumi tiraj təxminən 1 milyon nüsxə azalır. Bütövlükdə isə Avropa və Asiya arasındakı eniş-qalxış fərqininin kökündə üç əsas səbəb dayanırdı: əhali artımı, ikinci qitədə oxuyub-yazma əmsalının güclənməsi, internetə giriş imkanları arasındakı təzad!

Bu təzad isə həm də ona dəlalət edir ki, Azərbaycan hakimiyyəti, hakimiyyətin medianın effektiv fəalliyətinə məsul qurum və şəxsləri, peşəkar jurnalist təşkilatları, obyektiv media nümayəndələri, ictimaiyyətin ciddi nümayəndələri Azərbaycanda kütləvi informasiya vasitələrinin Qərbdəki elmi-texniki tərəqqi ilə ayaqlaşmasına çalışır, Arif Əliyev isə Çin və Hindistanın coğrafı və demoqrafik şərtlərindən doğan zahiri rəqəmlərlə həm özünü, həm də camaatı aldadır. Axı bu üç faktorun heç biri nə Avropa, nə də Azərbaycan üçün keçərlidir: əhalimiz çinlilər və hindistanlılar qədər artmır, savadlılıq səviyyəsi 100 faizə yaxın olduğundan yeni kütlə ortaya çıxmır, gənc nəsil mobilləşməyə üstünlük verir, internetə giriş sərbəstdir, sürət problemi yoxdur!

Belə yerdə deyirlər ki, harada, nə bişdiyini bilmədən qazana çömçə uzadır. Çömçəni boş qaytarmazlar. Odur ki, Arif Əliyevin çağdaş dünyada, o cümlədən çağdaş dünyanın bir parçası olmaq əzmi ilə Azərbaycanda medianın hara getdiyini bilməsi, öyrənməsi üçün bəzi rəqəmlər təqdim edək.

Hələ iki öncə aparılmış bir araşdırmaya görə, ABŞ-da hər 10 adamdan 8-i digital medianı tərcih edir. Məhz bu tərcihin nəticəsidir ki, 2005-ci illə müqayisədə 2014-cü ildə həmin ölkədə qəzet satışı 24% azalıb. Bu azalma qəzetlərin gəlirlərinə də təsir edib və 2005-ci ildə 47,4 milyard dolları əhatə edən rəqəm 2014-cü ildə 16,4 milyard dollara düşüb. 2017-ci ilin son üç ayında öz gəlirlərini artıran məşhur “New York Times” isə buna digital abunəçilərini artırmaqla (aylıq abunə haqqı: 12.5 USD) nail olub. Başqa bir dünyaca məşhur media quruluşunun - “Reuters”in ekspertləri isə hesab edirlər ki, “New York Times” öz abonentlərini Hollivuddakı təcavüz skandallarını gündəmə gətirməklə artıra bilib.

Əslində, uzun-uzadı statistikalarla baş ağrıtmaq lüzumsuzdur. Küləyin hardan əsdiyini bilmək üçün mütləq meteoroloq olmaq lazım deyil. Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda insanlar daha çox internetdə vaxt keçirir, mobil, “ağıllı” telefonlardan internetə giriş personal kompüter və notbukları üstələyir. Reklam bazarında da şərtlər, dəngələr dəyişir, digital tanıtma kampaniyaları üçün xərclənən pulların həcmi sürətlə artır. Yaxın iki-üç ildə nəşrlərdə yayımlanan reklamların gəlirinin nəinki onlayn mediadan, hətta çöl (“outdoor”) reklamlarının çox gerisində qalacağı təxmin edilir.

Belə bir ortamda qəzetlər necə yaşamalı?

Əgər məsələyə istehlakçı nöqteyi-nəzərindən baxsaq, hər kəs öz tərcihində sərbəstdir. Xəbəri haradan və necə oxumaq fərdin, vətəndaşın öz işidir. Heç kim qədim yunan allahları kimi Olimpiya dağının zirvəsində oturub xəbərlə bağlı ehkamlar kəsə bilməz. Azərbaycanda 200, 100, demirəm, heç 50 ildir davamlı çıxan müstəqil qəzet də yoxdur. Deməli, cəmiyyətimizin oxuculuq ənənələri də obyektiv səbəblərdən qəzetləri digital trenddən bir müddət qorumağa yetərli deyil. “Huffington post” kimi bir təcrübə varkən, ağlı başında olan heç bir iş adamı çap mediasına sərmayə qoymaz. Xəbərdən pul qazana bilmir, reklamdan gəlir gətirmir, Molla Nəsrəddin sayaq bahaya alıb, ucuza satmaq kimə gərək? Azərbaycanda çap mediasına dövlət dəstəyinə zərurət məhz bu məqamda üzə çıxır. Mənim bildiyim, duyduğum və başa düşdüyüm qədər hazırda KVD DF vasitəsi ilə dövlət çap mediasının ayaqda qalması və təsir gücünü artıra bilməsi üçün markalaşmanı, hibridləşməni (innovasiyaların nəzərə alınmasını), məzmunun zənginləşdirilməsini təklif və müdafiə edir. Bu yanaşmanın, bu siyasətin yanlış olduğunu iddia etmək, ancaq nadan cəsarətinin göstəricisi ola bilər.

7 fevral 2019-cu il

Taleh ŞAHSUVARLI
AzNews.az xəbər portalının Baş redaktoru