"Parlamentdə deputatların kiməsə üstən aşağı, altan-yuxarı baxmalarına təsadüf etməmişəm" "Parlamentdə deputatların kiməsə üstən aşağı, altan-yuxarı baxmalarına təsadüf etməmişəm"

Bu sualı bir neçə il əvvəl versəydiniz... - Cavid Osmanov "Deputatın gündəliyi"ndə

"Parlamentdə deputatların kiməsə üstən aşağı, altan-yuxarı baxmalarına təsadüf etməmişəm"

AzNews.az-ın "Deputatın gündəliyi" rubrikasının budəfəki qonağı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovdur.

- Cavid bəy, deputatlar əsasən vaxtdan gileylənirlər. Sizin də vaxtla bağlı problemləriniz varmı?

- Ümumiyyətlə, hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır. Millət vəkili olmaq da çox məsuliyyətli və şərəfli bir vəzifədir. Bilirsiniz ki, mənim deputatlığa namizədliyim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb, eyni zamanda, bu partiyanın Ağdaş rayon təşkilatının sədriyəm. Ona görə də ilk növbədə hər iki məsuliyyətli iş üçün vaxt tapmalıyam.

Çalışmaq lazımdır ki, bütün işlərə vaxtında çatasan. Millət vəkili ölkədə və dünyada gedən proseslərə hər zaman fikir bildirməlidir, mediaya açıq olmalıdır. Eyni zamanda, seçiciləri ilə görüşməli, dinləməli və onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparmalıdır. Bundan başqa, millət vəkilləri ayrı-ayrı dövlət tədbirlərində və digər yığıncaqlarda daim iştirak edirlər. Ona görə də iş qrafikini elə qurmaq lazımdır ki, hər bir məsələyə vaxt çatsın.

- Bəs günlük qrafiki necə müəyyənləşdirirsiniz, konkret olaraq plan tutursunuzmu?

- Təbii ki, özümdə müəyyən qeydlər aparıram və görüşlərin planını tuturam. Bəzən isə gündəlik plan tutulsa belə, ondan çıxmaq məcburiyyətində qalırsan. Deputatın gündəlik, həftəlik planla yanaşı, aylıq da planı olmalıdır. Çünki Milli Məclisdəki işlərlə yanaşı, seçicilərin də yanında olmalıyıq. Ona görə də ayın bir neçə gününü seçicilərə ayırmalısan.

- Partiya və Milli Məclis, hansına daha çox zaman sərf edirsiniz?

- O baxır həmin müddət ərzində harada daha çox işin olmasına. Milli Məclisdə ard-arda iclaslar ola bilər, yaxud hansısa qanun layihəsinin məhz bizim komitədə hazırlanıb müzakirəyə çıxarılması nəzərdə tutular. Təbii ki, bu halda Milli Məclisdə daha çox olursan. Amma YAP-ın rayon təşkilatı da gündəlik işlərin əsas tərkib hissəsidir.

- İşlərin çoxluğu şəxsi həyatınıza mane olmur ki?

- Hər bir məsələ, əlbəttə ki, şəxsi həyatdan başlayır. Biz bu vəzifələri tutmamışdan əvvəl ailə həyatı qurmuşuq. Ona görə şəxsi həyata vaxt ayırmaq mütləqdir, ailənin müəyyən məsələlərini də həll etmək lazımdır. Evimizdə yetişən gənclərin formalaşması üçün onlara vaxt ayırıb dəyər verməliyik.

- Hər hansı bir hobbiniz varmı?

- Piyada gəzməyi çox sevirəm. Bu, həm sağlamlıq baxımından, həm də insanlar arasında olmağı xoşladığımdan çox faydalıdır. Professional idmanla məşğul olmasam da idmana marağım çoxdur. Futbol azarkeşiyəm, əksər futbol oyunlarına tamaşa edirəm. Ölkəmizdə keçirilən müxtəlif beynəlxalq turnirlərin hamısına baxmağa çalışıram.

- Bayaq dediniz ki, zamanın bir hissəsini də rayonda seçicilərlə görüşə sərf edirsiniz. Ay ərzində onlarla hansı formada görüşürsünüz?

- Konkret olaraq, bu ayı nəzərdə tutsam, seçildiyim ərazidə dörd yaşayış məntəqəsində seçicilərlə görüşüm olub. Əvvəlcədən elan verirəm, insanlar yığışırlar, elə olur 50 nəfər, elə olur 100 nəfər. Ölkədə gedən proseslərdən danışırıq və insanlar onları maraqlandıran suallarla müraciət edirlər. Bəzən görürsən ki, kimsə kütlənin içində müraciət etməkdən, danışmaqdan çəkinir. Belə hallar olduqda onların hər birini ayrılıqda dinləyirəm. Bundan başqa, seçicilərin hər biri telefon nömrəmi bilir, lazım olduqda birbaşa telefon əlaqəsi də saxlaya bilirlər. Eyni zamanda, köməkçim daim Ağdaş rayonunda oturur, seçicilərlə sıx əməkdaşlıq edir. Ona görə də seçicilərimin mənimlə ünsiyyət qurmasında heç bir problem yoxdur.

- Cavid bəy, Ağdaş-Bakı yolunda tez-tez olursunuz. Yol boyu diqqətinizi çəkən, sizi düşündürən hər hansı bir məsələ varmı?

- Bu sualı bir neçə il bundan əvvəl versəydiniz, cavab verərdim ki, magistral yollar bərbad haldadır. Amma bu gün, Allaha Şükür, prezident İlham Əliyevin rəhbərliyi altında digər sahələrdə olduğu kimi, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Ölkəmizin elə bir magistral yolu yoxdur ki, tamamilə yenidən qurulmasın. Ağdaş-Bakı yoluna sərf etdiyim zaman kəsiyində əsasən çalışıram ki, sosial şəbəkələrdə gündəmi izləyim, xəbərləri oxuyum. Rahat gedib-gəldiyimə görə uzaq yol məni incitmir. Yol boyu istənilən yerdə xidmət mərkəzləri, kafe və restoranlar var. Ona görə də mənim şəxsən “bu yol boyu daha nəsə istəyirəm” deyə, bir düşüncəm olmayıb.

- Bəzən seçicilər problemlərinin həlli istiqamətində deputatdan daha çox şey tələb edirlər. Siz necə, onların hər hansı bir istəyini Milli Məclisdə səsləndirməklə yanaşı, onun həllini müəyyən qurumlardan bu və ya digər formada xahiş edirsinizmi?

- Əlbəttə! Burada məsələyə bir az fərqli yanaşmaq lazımdır. Təkcə bir misal deyim; bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə 4-cü dövlət proqramı cənab prezidentimiz tərəfindən təsdiqləndi və orada tədbirlər müəyyənləşdi. Hansısa bir yaşayış məntəqəsində hər hansı bir məsələni qaldıranda biz artıq bilirik ki, bu il ərzində bu kənddə filan iş icra olunacaq. Bunu yaşayış məntəqəsində yaşayan insanlar bilməyə bilər. Biz isə təbii olaraq bunu bilirik və poqramdan öz ərazimizə aid çıxarışları edirik. Ona görə də elə məsələ olur ki, onu yerindəcə cavablamaq mümkündür, yaxud elə məsələ olur ki, onu rayon daxilində həll eləmək olur və bunu edirik. Təbii ki, elə hallar da olur ki, biz onu rəsmi şəkildə hər hansı bir mərkəzi icra orqanına, nazirliyə, səhmdar cəmiyyətə və ya komitəyə ünvanlayırıq. Bu illər ərzində elə bir hal olmayıb ki, göndərdiyim məktublara cavab gəlməsin.

- Aktiv və ya passiv deputat ifadələri ilə tez-tez rastlaşırıq. Siz necə düşünürsünüz, Milli Məclisdə passiv deputat çoxdur, ya aktiv?

- Bunu daha çox seçicilər yaxşı bilər. Çünki hər bir millət vəkilnin arxasında onun seçicisi dayanır. Ola bilər ki, hansısa millət vəkili plenar iclasda çıxış eləmir, amma eyni zamanda seçicilərlə fərqli bir iş mexanizmi qurub və onların müəyyən problemlərinin həllində lazımi addımlar atır. Ona görə də mənə elə gəlir ki, yalnız çıxışla hər hansı bir deputatı aktiv və ya passiv hesab etmək olmaz. O da ola bilər ki, kimsə plenar iclasda danışmaq istəmir, amma komitə iclaslarının hər birində çox aktiv danışır. Ona görə də bu məsələyə birmənalı baxmaq olmaz.

- Siz Milli Məclisdə yenisiniz, köhnə deputatların yeni seçilənlərə biganə, belə deyək, yuxarıdan aşağı baxma halları olurmu?

- Bu sual konkret olaraq mənə ünvanlanıbsa, mən öz üzərimdə belə bir şeyi hiss etməmişəm. Çünki istədiyim vaxt plenar və komitə iclaslarda çıxış eləmək imkanım var, istədiyim vaxt mediaya danışa bilirəm, köhnə deputatlarla yanaşı, yeni deputatlar da bütün tədbirlərə dəvət olunurlar, onlara yaradılan şərait yeni deputatlara da yaradılıb. Ona görə də mən parlamentdə deputatların kiməsə üstən aşağı, altan-yuxarı baxmalarına təsadüf eləməmişəm.

- Bəs, sizin üçün deputat olmağın avantajları nələrdir, bu status sizə hansı duyğuları bəxş edir?

- Başlanğıcda bu barədə qismən fikir bildirdim. Bir daha deyim ki, deputat olmaq çox şərəfli və həddindən artıq məsuliyyətli bir vəzifədir. Bu vəzifəni daşıyan hər kəs bu duyğuları keçirməlidir. Biz dövlətimizin, mənsub olduğuuz partiyanın, seçicilərin fikirlərini həyata keçirmək üçün xüsusi səlahiyyətə malikik. Deputatlıq çoxşaxəli bir vəzifədir. Təbii ki, bundan ancaq şərəf duymaq lazımdır. İnsanlar arasında nümunəvi, ləyaqətli, vicdanlı olmalısan, dövlətini, vətənini, millətini, rəhbərini vəzifə daşıdığın üçün yox, sadə bir vətəndaş kimi sevməlisən...

Elgün MƏNSİMOV

***

Osmanov Cavid Həmid oğlu 6 fevral 1975-ci ildə Ağdaş şəhərində anadan olub. 1982-ci ildə Ağdaş şəhəri M.Qorki adına orta məktəbin birinci sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub, 2000-ci ildə həmin Akademiyanı bitirərək dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib. Evlidir. İki övladı var.

Fəaliyyəti
2001-ci ilin aprel ayından 2002-ci ilin iyul ayınadək Ağdaş rayon Gənclər, İdman və Turizm idarəsində baş inspektor, 2002-ci ilin iyul ayından 2005-ci ilin iyul ayınadək həmin idarənin rəisi vəzifəsində çalışıb. 2005-ci ilin dekabr ayından 2006-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi, 2006-cı ilin iyul ayından 2016-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləyib.

Siyasi fəaliyyəti
18 iyun 2016-cı il tarixdə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən təkrar seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və deputat seçilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi təsdiqlənib. Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin, Gürcüstan, Ukrayna, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya Parlamentlərarası dostluq qruplarının üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2007-ci ilin mart ayından Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədridir. 7 iyul 2013-cü ildə keçirilən Yeni Azərbaycan Partiyasının V Qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.