Əli Kərimli özünü ifşa etdi - Taleh Şahsuvarlının yazısı

"Polis idarəsinə çatan kimi Əli Kərimlinin qorxusundan ürəyi gedib"

"Azərbaycan paytaxtı dəfələrlə iznsiz aksiyalara şahid olub. Hər dəfə də Bakının intensiv gediş-gəliş olan ərazilərində müxtəlif partiya və birliklərin təşkil etdiyi, şəhərdə iğtişaş yaratamağa hesablanmış cəhdlərin qarşısı güc nazirlikləri tərəfindən qısa zamanda və layiqincə alınıb".

Bu sözləri AzNews.az xəbər saytının baş redaktoru Taleh Şahsuvarlı özünün “Facebook” sosial şəbəkəsindəki profilində yazıb. Həmin statusu olduğu kimi təqdim edirik:

"Heç kim buna görə Azərbaycan hakimiyyətini və polisini qınaya, qaralaya bilməz. Bu dünyanın heç bir ölkəsində iğtişaşların qarşısını polis aksiyaçılara gül dəstəsi təqdim edərək almır- dəyənəklə, bibər qazı ilə, təzyiqli su ilə, gərəkirsə, güllə sıxaraq dağıdılır. Yadınıza Fransanı, "sarı jilet"lilərin Parisdə necə qanlarına qəltan edilməsini salın. Yaralananların, şikəst olanların sayı yüzlərlə idi, xeyli ölən olmuşdu. Fransaya baxanda Azərbaycan polisi dünən Milli Şuranın azsaylı tərəfdarlarına qarşı çox nəzakətli davrandı, ancaq Əli Kərimli təxribat və iğtişaş törətmək niyyətini davam etdirərsə, növbəti aksiyalarda daxili qoşun əsgərlərinin bu qədər mədəni davranacağını zənn etmirəm.

Dünənki qanunsuz aksiyada Əli Kərimlinin başı avtobusa mindirilərkən qapıya dəyib partlayıb, qarşılığında qayğıkeş polisimiz onu rentgendən, müayinədən belə keçiriblər. Qalan iddialar isə Əli Kərimlinin uydurmasıdır, özündən "məzlum" obrazı yaratmaq cəhdidir. Onun iddialarının yalan olmasını çox asanlıqla təyin etmək mümkündür. Sevinc Osmanqızına dünən verdiyi açıqlamada üç mərhələdə döyüldüyünü söylədi. İddiasına görə, üçüncü mərhələdə Xətai RPİ-də döyülüb, təpiyin altına salınıb, saçından tutub başını divara vurublar və s. Məqsəd də onun kamera qarşısında "mübarizəsindən çəkindirmək" olub. Ancaq cəmi bir neçə saniyə sonra deyir ki, Xətai RPİ-də onunla çox mədəni davranıblar, RPİ-nin rəisinin iştirakı ilə su içizdirib, yüksək qayğıkeşliklə xərəkdə həkimə aparıblar. Həkimdə isə məlum olub ki, Kərimlinin daxili orqanları heç bir zədə almayıb. Halbuki, iddia olunan o qədər işgəncənin qarşısında Kərimlinin sağ-salamat bir yeri qalmamalı idi məntiqlə. Odur ki, situasiyanı təsəvvür etmək çərin deyil: RPİ-ə çatan kimi Kərimlinin qorxusundan ürəyi gedib, nəticədə onu hospitala götürüblər. Zatən, onun Tofiq Yaqublu tərəfindən qorxudan isterik vəziyyət almış halda meydana itələndiyini FB-da yayılmış şəkillərdən də görmək olur.

İndi gələk aksiyanın siyasi tərəflərinə. Əvvəla, Bakı ŞİH Milli Şuranın mitinq üçün müraciətinə "yox" deməyib. Mitinqin keçirilməsi üçün Lökbatanı münasib sayıb. Lökbatan kifayət qədər uğurlu məkandır, hər halda "Motodrom"dan pis deyil. Necə olur Heydər Əliyev, Əbülfəz Elçibəy, İsa Qəmbər "Motodrom"da aksiya keçirə bilirdi, amma Əli Kərimli Lökbatanı özünə yaraşdırmır? Deməli, məqsəd mitinq keçirmək, etiraz etmək yox, kütləvi iğtişaş yaradıb hakimiyyətin nəbzini yoxlamaq idi. Nəticəsi məlum: hakimiyyət Əli Kərimlinin özünün nəbzini yoxlayıb evinə yola saldı. Bütün hallarda Əli Kərimli bir partiyanın sədridir və "siyasi məsuliyyət"in nə olduğunu ən azı eşidib. Son zamanlar baş verənlərə baxın. Türkiyə Suriyada əməliyyat keçirir, Bakıda Türk Şurası təşkil olunur, prezident İlham Əliyev Soçidə və Aşqabadda Paşinyanı pərt edərək Ermənistan cəmiyyətini çalxalayır, iqtisadi müşavirədə islahatlara mane olmaq istəyən şəxslərin varlığından söz açır. Belə bir vəziyyətdə Əli Kərimli hansı siyasi məsuliyyətin altına girir, nəyə nail olmaq istəyirdi? Məgər Əli Kərimli bilmir ki, prezident seçkisinə hələ beş il var, parlament səsverməsi ilə gələn il olacaq? Bu qəfil radikallıq üçün AXCP sədri hansı maliyyə və siyasi dəstəyə arxayın olub başını polis avtobusuna çırpırdı?

İlk ipucunu Riçard Kozlariç verdi. Məlum oldu ki, Əli Kərimliyə ABŞ-dakı "kürəsəlçilər" ürək-dirək veriblər. Bu həmin qrupdur ki, Türkiyədə FETÖ çevrilişini hazırlamışdılar. Əli Kərimlinin FETÖ ilə işbirliyi üçün onun heç də Səid Nursi ideologiyasının daşıyıcısı olması şərt deyil. Üçüncü maraqlı tərəfin nümayəndələri aksiyada tez-tez gözə dəyən qara çarşablılar idi. Kim bu üç qüvvənin maraqlarının təmsilçisi kimi Əli Kərimlinin Azərbaycana hər hansı fayda verəcəyini düşünürsə, bəribaşdan deyim: Onun ağlına da, savadına da, vətənpərvərliyinə də şübhə edirəm.

Sonda isə həmin qüvvələrin Azərbaycanda nəyə nail olmaq istədiklərini Əli Kərimlinin və onun Şurasının nə qədər anti-milli bir projedə iştirak etdiyini göstərməkdə yarar var.

1) ABŞ-dakı kürəsəlçilərin məqsədi son aylarda Rusiya prezidenti Vladimir Putinlə səmimi görüşlər keçirmiş İlham Əliyevin Qarabağ danışıqlarında mövqeyini zəiflətmək, Paşinyanı qorumaqdır.

2) Prezident İlham Əliyevin "Barış pınarı" əməliyyatında birmənalı olaraq Türkiyəyə siyasi dəstək ifadəsi Ərdoğanın Suriyada məğlubiyyətini arzulayan FETÖ-nün qıcığına səbəb olub.

3) Radikal şiə dindarlarının cənubdakı sahibləri Gəncə təxribatını Bakıya transfer etməkdə maraqlıdır".

AzNews.az