İlham Əliyevin müsbət ssenarilərinin müxalifləri- BİZANS PAPAZLARI!

2013-cü il Azərbaycan siyasətində kimin hansı məzhəbə qulluq etdiyini anlamaq üçün kilid səciyyəsi daşıyır

Siyasi polemikalar öz təbiətinə əsasən zaman-zaman yüksək emosiyalarla müşahidə oluna, sərtləşə, hətta əndazədən çıxa bilər. Bununla belə, hər kəsin rahatlıqla qavrayacağı, qəbul və müdafiə edəcəyi prinsipial bir yanaşma var: etik çərçivəni aşmaq, yalnız kübarlığa və nəzakətə söykənməli olan siyasi üslubu korlayaraq təhqirə, söyüşə keçmək nə tənqid etməkdir, nə də siyasətlə məşğul olmaq.

Mən Azərbaycanda siyasətlə məşğul olan insanların yetərincə çox, o cümlədən ölkəmizdə güclü, öz nəfəsini daima hakimiyyətin boynunda hiss etdirən müxalifətin olmasını arzu edənlərdənəm. Çünki siyasətlə məşğul olmaq ölkənin problemlərinə çözüm istehsal etmək, müxalifətçilik isə hakimiyyətin gerçəkləşdirdiyi çözümlərin effektivliyini təftiş etmək anlamına gəlir. Zira, bu günlərdə Milli Şura adlanan və özünü Azərbaycan müxalifətinin əsas “intellektual bazası” hesab edən qurumun onlayn toplantısında nə problemlərin müzakirəsini gördük, nə çözüm arayışına şahid olduq.

Sanki Azərbaycanın bir başqa dərdi-səri yoxmuş...

Sanki azərbaycanlılar olaraq koronavirus illətinə yoluxmamaq üçün ellikcə başqa bir planetə köçübmüşük...

Sanki pandemiya dövründə hökumətin fakt qarşısında- “vətəndaşın can sağlığı, yoxsa iqtisadi mənfəət” seçimi ilə üzbəüz qalaraq gerçəkləşdirdiyi sosial izolyasiya şəraitində minumuma enən iqtisadi təşəbbüskarlıqdan zərər görəcək bizim xalq, bizim dövlət deyilmiş...

Sanki işğal altında qalan torpaqların bizə dəxli yox imiş...

Sanki dünya dövlətlərinin hər kəsin üzünə qapadığı sərhədləri daxilində can hövlünə düşdüyü bir zaman kəsiyində belə ermənilərin məkrli həmlələrinə məruz qalmaqda davam etməmişik...

Amerikalıların çox gözəl bir sözü var, “problemsiz düşmənimiz olsun” deyirlər.

Bəli, nə qədər insanlıq var, xalqlar, cəmiyyətlər, dövlətlər var, insanlıq bu və ya digər problemlərlə qarşılaşacaq. O cümlədən biz də!

O cümlədən biz azərbaycanlılar da öz tarixi və cari problemlərimizi dəf edərək daha yaxşı bir həyata can atacağıq, bu dialektikanın təməl motivasiyasıdır. Mövcud və aktual problemləri daha yaxşı təsnif etmək, onlar arasında əlaqəni tapmaq, həll yollarını aşkarlamaq, çözüm üçün qaynaqlar bulmaq siyasətçilərin və siyasi təşkilatların qarşısında dayanan əsas vəzifədir. Bir siyasi mərkəzin xalqın təqdirini qazanmasının, dövləti daha yaxşı idarə edəcəyinə cəmiyyəti inandırmasının tək yolu budur.

Amma könlündən Azərbaycan prezidenti olmaq keçən, bu yöndə açıq iddia sərgiləmiş Cəmil Həsənlinin sədarətində gerçəkləşən,- bu arada “toplantımız xəlvətcə qeydə alınıb, mediaya sızdırılıb” deyə, yalandan üzə durmasınlar, MŞ sədri özü bəyan etdi ki, iclas açıq keçirilir və canlı yayımlanır- zoom-tədbirdə bir dəstə, mümkün qədər yumşaq deyəcəm, SƏVİYYƏSİZ gördük!

Şəxsən mənə təəccüblü olmadı!

Hər kəsə yaxşı məlumdur, bəndeyi-həqiriniz Cəmil Həsənlinin də, 2013-cü ildən bəri onu professor və siyasi lider kimi “zoom”layanların da intellektual-mədəni səviyyələrinə, milli düşüncə daşıyıcısı olmalarına, kəsə desəm, LƏYAQƏT prinsipi ilə bu dövləti idarə edə biləcəklərinə çox böyük şübhə edib və öz mövqeyini dəfələrlə konkret şəkildə ictimai rəyə açıqlayıb.

Sadəcə, bir-iki əlavə edəcəm.

Birincisi budur ki, Cəmil Həsənli NED adlı təşkilatdan qrant alır və bu məlumat ABŞ kəşfiyyatı ilə əlaqələri danılmayan həmin qurumun saytında öz əksini açıq tapıb. Təsəvvür edirsiniz, Azərbaycan Respublikasına prezidentlik etmək istəyən bir adam heç bir mənəvi baryer tanımadan xaricdən pul qoparır? Bu məqamda onun səviyyəsinə enib “sümsük” sözündən istifadə etməyəcəm, ancaq oğlu, nəvəsi yaşda olan insanlara bu cür vulqar ifadələrlə “dişinin dibindən” çıxanları söyləməyi özünə yaraşdıran bir professorun siyasəti də, elmi də, şəxsiyyəti də avantüra çərçivəsində dəyərləndirilməlidir.

Bəli, 2013-cü il Azərbaycan siyasətində kimin hansı məzhəbə qulluq etdiyini anlamaq üçün kilid səciyyəsi daşıyır. Milli insanlar birmənalı olaraq İlham Əliyevi dəstəklədi, "5-ci kolon" isə əvvəlcə Ziyalılar Forumu adı altında pərdələndi, daha sonra Milli Şuranı yaratdılar. Bu proyekt təkcə hakimiyyətə qarşı deyil, milli azadlıq hərəkatı dalğasında formalaşmış müxalifətin vətənpərvər bazası üçün də rus tələsi idi. O tələni quranların Azərbaycan xalqının və dövlətinin yükünü daşımaq, təəssübünü çəkmək kimi bir dərdi yoxdur, olmayıb, olmayacaq da.

Ancaq nə yaxşı ki, ustad Nəcib Fazilin təbirinə sığınsaq, bu davaya xor baxanlara rəğmən Azərbaycan mücadiləsini yetim qalmağa qoymayan, onu yeni hədəflərlə zənginləşdirən, öz yüksək intellekti, siyasi təcrübəsi və liderlik keyfiyyətləri ilə vətəni, ulusu böyüdən, istənilən problemin qarşısında millətə güvən və nikbinlik aşılayan İlham Əliyevdir dövlətimizin başçısı.

Mehmet Kaplanı tanımamış olmazsınız, Türkiyənin məşhur ədəbiyyatşünaslarındandır, onun sözüdür: “Üslub- həyat qarşısında alınan tövrdür, duyğu tərzinin obyektivləşmiş şəklidir”.

Elə bu səbəbdən bir jurnalist və siyasi təhlilçi kimi Prezident İlham Əliyevin leksikonunu hər zaman diqqətdə saxlayıram və indi, icazənizlə, onun mütəmadi olaraq işlətdiyi bir ifadəyə diqqət çəkəcəm: “Pozitiv ssenarilər”!

Zənnimcə, bu ifadə İlham Əliyevin Azərbaycanın üzləşdiyi istənilən problemə baxış bucağıdır, aldığı tövrün adıdır, dünyagörüşünün açar sözüdür.

Bəli, bütün səmimiyyətimlə inaraq deyirəm, Azərbaycandakı istənilən milli və lokal problemə yanaşmada dövlət başçımız pozitiv ssenarilər ərsəyə gətirir və reallaşdırır. Bunun son təsdiqi koronovirus təhlükəsi qarşısında Azərbaycanın dünyaya örnək olacaq sistemli addımlarıdır. Məhz Əliyevin rasional və qətiyyətli qərarları sayəsində Azərbaycan cəmiyyəti, dövləti, sosial-iqtisadi infrostruktur qısa zamanda məlum təhlükəyə qarşı səfərbər olundu, sipər vəziyyətinə gətirildi. Nəticədə olduqca ağır və riskli vəziyyətdən minimum itki ilə çıxmaqdayıq.

İlham Əliyev hər bir Azərbaycan vətəndaşının canını ölkəmizə anidən gəlmiş və məqsədi heç də üç-beş canla kifayətlənmək olmayan “taclı Əzrayıl”ın əlindən qurtarmaqla məşğul ikən bəs onun müxalifləri nə edirdi?

Bir əhvalat danışım, biz türklərin hərb tarixinə keçmişdir və "cəfəng gündəm" yaratmağın tipik örnəyidir.

Sultan Mehmet Fateh Konstantinapolu mühasirəyə alıbmış. Bir-iki günə şəhər tutulacaq, Bizans tarixdən silinəcəkdi. Bizans keşişləri o günlərdə Aya Sofya məbədinə yığışaraq mələklərin cinsini müzakirə edirmişlər.

Doğru deyiblər ki, hər cür müqayisə uğursuzdur və bu müqayisənin bir çox baxımdan son dərəcə uğursuz olmasının fərqindəyəm. Ancaq hər hadisədən çıxarılmalı bir ibrət var. İndiki konteksdə işarə etmək istədiyim mətləb budur ki, Milli Şuranı məmləkət məsələlərinin və demokratiyanın "məbədi" hesab edənlərin ölkəmizin dəhşətli bir təhlükə ilə qarşı-qarşıya qaldığı günlərdə, mümkün qədər yumşaq desək, nə mələk, nə də süddən çıxmış ağ qaşıq olanların cinsini dartışmasının ancaq və ancaq bir adı var: Bizans papazlığı!

Lap dəqiq desək, Bizans da yox, siyasi biznes papazlarıdırlar!!!

Taleh ŞAHSUVARLI