Elçibəy hakimiyyəti nədən bir ildən çox davam edə bilməzdi? Elçibəy hakimiyyəti nədən bir ildən çox davam edə bilməzdi?

4 iyunda surətlər və rollar: Hüseynovun yeni reinkarnasiya cəhdi - TƏHLİL

Elçibəy hakimiyyəti nədən bir ildən çox davam edə bilməzdi?

Azərbaycanın sabiq Baş naziri Surət Hüseynovun internet kanallarına verdiyi müsahibələr siyasi mərkəzlər və müşahidəçilər tərəfindən diqqətlə izlənir. Bu da təsadafü deyil ona görə ki, Azərbaycanın ən yeni tarixinin, yumşaq desək, ən müəmmalı fiqurlarından birinin 27 illik fasilədən sonra sükutu pozması ilk növbədə “mən də varam” anlamına gələrək hakimiyyət uğrunda heç zaman səngiməmiş və səngiməyəcək mübarizənin subyektlərinə mesaj verir. Bu mesajlar, heç şübhəsiz, Azərbaycan mediasında heç zaman sistemli dəstəyi olmayan Surət Hüseynovun siyasi reinkarnasiya cəhdidir. O, sosial şəbəkələrin imkanlarından və sadəlövhlüyündən yararlanaraq az qala “tarixi yenidən yazmaq” niyyətində olmasını açıq dilə gətirir, bununla Azərbaycan ictimai rəyində uzun illər ərzində şəxsinə qarşı formalaşmış neqativ münasibəti ən azı qismən dəyişə biləcəyinə ümid edir. Ancaq tarix heç zaman proseslərin iştirakçılarının, xüsusən də məğlub tərəflərin şəxsi arzularına uyğun olaraq yazılmır. Bununla belə, Surət Hüseynovun tam mərkəzində olduğu tarixi olayların yenidən gündəmə gəlməsi Azərbaycan dövlətini təhdid edən xarici güclərin davranış modellərini və resurslarını təhlil etməyə, Elçibəy hakimiyyətinin siyasi səhnədə qalmış yüksək ranqlı fiqurlarının və onların bütün qütblərdən olan müxaliflərinin məsuliyyətini yenidən dəyərləndirilməyə, mərhum prezident Heydər Əliyevin siyasi və hərbi böhrana yuvarlanmış Azərbaycanda güclü mərkəzi hakimiyyət qurarkən hansı maneələrlə qarşılaşdığını xatırlamağa, nəhayət, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasına rəvac verən hərbi-siyasi faktorları bir daha nəzərdən keçirməyə imkan verir.

Surət Hüseynov maddi cəhətdən çox da təminatlı olmayan bir ailədə dünyaya göz açıb, amma deyilənə görə, ərköyün böyümüş, yeniyetmə və cavanların bir çoxunun iştirak etdiyi məhəllə davalarına az qarışmamışdı. Gənc yaşlarında Yevlaxdakı məşhur yun zavodunun direktoruna və Azərbaycan SSR Ali Sovetinin deputatına çevirilməsi nə təsadüf olub, nə də ailəsinin dəstəyi hesabına. Surət Hüseynovun keçmişi barədə məlumatlı olanlar onun hələ sovet dövründən qeyri-qanuni işlərlə məşğul olduğunu iddia edirlər. Deyilənə görə, həmin çevrənin dəstəyi ilə də zavod direktoru olub. Lakin onun sürətlə varlanmasına bəraət qazandırmaq üçün ailəsinin zənginliyi haqqında şayiələr buraxılıb. Həmin ərəfədə SSRİ dağılmaq üzrə idi, nəhəng imperiyanın can hayında olması müqabilində gənc deputat-direktor özünü dövlət mülkiyyətinin real sahibi kimi hiss edirdi. Azərbaycan torpaqlarına göz dikən ermənilərin qarşısına çıxmaq üçün yeni-yeni formalaşmağa başlayan yerli özünümüdafiə batalyonlarının silaha, silah almaq üçün isə pula və qaçaqmalçıya ehtiyac vardı. Pula, silaha və qaçaqmalçıya ehtiyacı olan, hökumət tərəfindən dəstəklənməyən vətənpərvərlik duyğusu və müdafiə instinktləri tezliklə Surət Hüseynovun timsalında özünə hami tapdı. Nəticədə iki il Sovet ordusunda xidmət etməkdən savayı heç bir hərbi bilik və vərdişə sahib olmayan, 30 yaşını təzəcə adlamış əyalət oliqarxı hərbi səhra komandirinə çevrildi. Onun mayor, polkovnik, general kimi hərbi rütbələri olmasa da, xalqın yanmış əlini təpdiyi ağzından aldığı “Lələ” ayaması vardı. Bir neçə ali məktəbin Gəncədəki yerli filiallarının bazası əsasında yaradılmış Texnologiya İnstitutunu birtəhər, pul gücünə başa vurmuş məzun məhz bu “rütbə” ilə hərbi hissələr təşkil edir, döyüş əməliyyatları hazırlayır və həyata keçirirdi. Belə bir adamın ətrafında ən müxtəlif xarici qüvvələrə, xüsusən də rus hərbi kəşfiyyatına çalışan isimlərin olmaması, şəxsən özünün leqal və illeqal daxili və xarici güc mərkəzlərinin diqqətinə düşməməsi mümkünsüzdür, əlbəttə. Odur ki, Surət Hüseynov həm də Ali Sovetin deputatı olması səbəbindən post-sovet Azərbaycanında təkcə silahlı yox, eyni zamanda, kamufulyaj olunmuş siyasi güc mərkəzlərindən biri idi. 1992-ci ildə Ayaz Mütəllibov istefa verdikdən sonra hakimiyyətə kimin gəlməsinin “yaxşı olacağı” barədə onun mövqeyi siyasi şərtləri müəyyənləşdirən amillərdən sayılırdı. Bu üzdən müxtəlif iddiaçılar ağzını aramış, “Lələ” seçiminin AXC sədri Əbülfəz Elçibəy olduğunu bildirmişdi.

Tarix getdikcə hər kəsə daha çox aydınlaşdırır ki, 1992-ci ildə Elçibəy hakimiyyətə gəlməməli, prezident olmamalı idi. Ayaz Mütəllibovun istefasından dərhal sonra Heydər Əliyevin rəhbərliyi ilə əvvəlcə Milli Etimad Hökuməti formalaşdırılmalı, Konstitusiya qəbul olunmalı, parlament seçkiləri keçirilməli, parlamentli respublika modeli əsas götürülərək prezident Milli Məclisdə seçilməli idi. O dövrdə ən güclü siyasi təşkilat olan AXC-nin sədri kimi Əbülfəz bəyin seçkilərdə iştiraka təhrik edilməsi Azərbaycanı bu rasional və az təhlükəli yoldan məhrum edib, zərəri qazancından qat-qat çox olan o itirilmiş bir il ölkəni on illərlə geri salmaqla torpaqlarımızın zəbtinə şərait yaradıb. Bir insan və dava adamı kimi heç kimin haqqına girə bilməyəcəyi Əbülfəz Elçibəyin hakimiyyətdən gedişinin ən başlıca və prinsipial səbəbi, bir qədər ritorik səslənsə də, onun iqtidara gəlişidir. Politologiya elmində xalq hərəkatının, meydan mübarizlərinin formalaşdırdığı siyasi rejimin adı oxlokratiyadır. Oxlokratiya dünyanın heç bir yerində uzun müddət iqtidarda qala bilməz, xarakter dəyişdirməli, ya avtoritarizmə, ya demokratiyaya keçməli, ya da yıxılmalıdır. Elçibəy hakimiyyətinin avtoritarizmə keçid etməsi mümkün deyildi. O, “bayraqdar” tipli lider idi, sosial dəstəyini cəmiyyəti təşkil edən fərdlərin bacarıqlarından deyil, “anti”lərindən alırdı, idarəçilik məktəbi keçməmişdi. Avtoritarizmin təşəkkül etməsi üçün vacib olan itaətkar bürokratiyası yox idi. Bürokratik vərdişləri olan köhnə kommunistlər prosesin təbii axarından qaynaqlanan qaçılmaz zərurət kimi onun hakimiyyəti dövründə işdən qovulur, kabinetlərə doluşan romantik meydan stixiyasının daşıyıcıları isə elementar kargüzarlıq qaydalarını bilmirdilər. Tarixi zərurətlər dəyişməmişdi: ölkə referenfuma və seçkilərə getməli, konstitusiya müəyyənləşməli, yeni parlament formalaşmalı idi. Lakin buna nə Qarabağda şiddətlənən döyüşlər, nə də hakimiyyətdaxili dəngələr və siyasi rəqabət mühitindəki gerçəklər imkan verirdi. Elçbəy hakimiyyətin zirvəsində olsa da, hakimiyyətin özü deyildi. O, Rəhim Hüseynovu keçmiş kommunist elitasının nümayəndəsi, İsa Qəmbəri, Pənah Hüseyni, Əli Kərimlini, Rəhim Qazıyevi, İskəndər Həmidovu, Tahir Kərimlini və digərlərini xalq hərəkatının öncülləri kimi hakimiyyətə payçı etmişdi. Güc strukturlarının rəhbərləri kimi, siyasi ierarxiyada ən yaxınında mənsəb tutanlar da onun adamı, kadrı, hətta dərindən baxanda, heç tərəfdarı da deyildilər. Seçkilər olarsa, faktiki olaraq iqtidarda ondan daha çox paya sahib olan ortaqlarının- Müsavatın, “Yurd”un, “Bozqurd”ların, ana müxalifət AMİP-in, Naxçıvandan başlayaraq bütün respublikada güclənən YAP-ın parlamentdəki yeri Fərəc Quliyevin başçılıq etdiyi AXC İcraiyyə Komitəsindəki “qatı elçibəyçilər”dən xeyli çox olacaqdı. Üstəlik, hakimiyyətin açıq gözlə görünən nöqsan və qusurları müqabilində az qala icra başçıları səviyyəsində də elan edilməyə başlayan iqtidar partiyalarının parlament səsverməsində təcrübəli dövlət adamı Heydər Əliyevin, qətiyyətli siyasətçi imicinə malik Etibar Məmmədovun mobil təşkilatlarına uduzmaq ehtimalları da böyük idi. Obrazlı desək, demokratiya Elçibəy hakimiyyətinin qarşısında sehirli daşa dönmüşdü- o daşı götürsələr də peşiman olacaqdılar, götürməsələr də!

Belə bir situasiyada Elçibəy hakimiyyəti üçün “əlavə və əlahiddə başağrısı” da yaranmışdı. YAP və AMİP formalaşmaqda olan siyasi sistemin leqal parçaları idilər, onlarla rəqabətin müstəvisi sivil idi. Lakin əlində silah və müxtəlif ordu birləşmələrinə təsir imkanları olan “bezpredel”lərin təmərküzləşməsi nəinki Elçibəy hakimiyyətinə, bütövlükdə müstəqilliyə və sivil siyasi inkişafa təhlükə törədirdi. Bu prosesin gözlə görünən tərəfləri Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov və Qarabağ savaşının bəzi digər mülki və qeyri-mülki keçmişə sahib batalyon komandirləri idilər. Elçibəy hakimiyyəti ilk vaxtlarda Surət Hüseynovu özünə yaxınlaşdırmaq xətti yürüdür- onu prezidentin Qarabağda səlahiyyətli nümayəndəsi təyin edir, Baş nazirin müavini vəzifəsinə irəli çəkir, “Milli Qəhrəman” adı verir. Ancaq “iştah diş altındadır” deyiblər. Elçibəy hakimiyyətini qorumaq üçün təşkil edilən bağ ziyafətlərində dövlətdə ondan yüksək mövqe tutan, hakimiyyətdə payçı olan fiqurlara yaxından bələd olduqca, bir çoxu xarici kəşfiyyat tərəfindən idarə olunan çevrəsinin təlqinləri və heç şübhəsiz, özünün şəxsən təmasda olduğu yüksək rütbəli rus silah tacirlərinin şirnikləndirməsi ilə onda “niyə mən yox” sualı yaranmaya bilməzdi. Uzun illərin müzakirələri təsdiq edir ki, bu sual Surət Hüseynovun hərəkətlərini gənc dövlətdə vəzifə tutmaqla kifayətlənməyib, monolit olmayan hakimiyyətdə payçı olmağa yönləndirirmiş və o, bu məqsədlə ön cəbhədə müəyyən provakasiyalara getməkdən də çəkinməyərək rəsmi Bakıya təzyiqlər edirmiş. Elçibəy hakimiyyətinin onsuz da gərgin ziddiyyətlər yaşanan daxili konflikt strukturuna yeni payçının girməsi, əlbəttə, nə prezidentin özü, nə də iqtidarı öz əlində maksimum çox cəmləmək istəyən yüksək mənsəb sahibləri üçün rahatlıqla qarşılanacaq ismarıc idi. Bu ismarıcın daha kəskin olan astar üzü isə "sizi devirərəm" hədəsi idi. Nəticədə, Dövlət Təhlükəsizlik Şurası toplanır və qərara alınır: Surət ya həbs, ya məhv edilsin!

4 iyun 1993-cü ildə Gəncədə baş verən qanlı hadisələrin bu günə qədər cəmiyyət üçün dolaşıq qalmasının ən mühüm səbəblərindən biri də budur ki, Elçibəy hakimiyyətində təmsil olunanların uzun illər müxalif media üzərində təsirli olması baş verənlərin adını dəqiq qoymağa imkan verməyib. Bəli, Surət Hüseynov hərbi birlik rəhbəri olub və onun başçılıq etdiyi hissənin Müdafiə Nazirliyinin əmr-komanda zəncirindən çıxması və ya Baş Qərargaha, ümumiyyətlə, tabe olmamasının adı dartışmasız və müzakirəsiz bir şəkildə qiyamdır. Qiyam yatırılmalıdır, bu da tam doğrudur. Ancaq 4 iyun 1993-cü ildə Gəncədə, AXC ideoloqlarının iddia etdiyi sayaq, qiyam baş verməyib, artıq baş vermiş qiyama, qiyamçılara, bilavasitə qiyamın üzdə olan liderinə qarşı dövlət, mərkəzi hakimiyyət xüsusi əməliyyat keçirməyə cəhd edib. Lap bu yaxınlara qədər həmin əməliyyatın hazırlanmasını və keçirilməsinə cəhd olunmasını AXC hakimiyyətinin təmsilçiləri birmənalı şəkildə inkar ediblər və buna görə də bir çox sualları aydınlaşdırmaq mümkün olmayıb. “Cida” 27 ildən sonra çuvaldan çıxdıqdan sonra bir sıra suallar yaranır.

Bu suallardan birini AMİP sədri Etibar Məmmədov səsləndirdi və AXC hakimiyyətinin liderlərindən təxminən bunu soruşdu ki, Surət Hüseynovun həmin dövrdə Ali Sovetin deputatı kimi malik olduğu toxunulmazlığı ləğv etmədən onu həbs, yaxud məhv etmək planı qanunlara zidd deyildimi, qanunlara zidd hazırlandığına görə isə səriştəsizlik nümunəsi sayılmamalıdırmı? Əlbəttə, AMİP liderinin bu sualının cavabı açıq və konkretdir, ancaq dövlət üçün son dərəcə həssas məqamlarda bu cür planları ictimai müzakirəyə çıxarmaq da xeyli dərəcədə risklidir. Odur ki, əməliyyat planının müəlliflərinin bu sarıdan riskə getməmələri, belə demək olarsa, “hüquqi əsaslandırmanı” sonraya saxlamaları, Etibar Məmmədovun mövqeyini təkzib etməsə də, haradasa başadüşüləndir. Ancaq o məsələ əsla başadüşülən deyil ki, əgər bir planın konfidensiallığı pozulubsa, nəinki ana müxalifət lideri, hətta hədəfdəki isim özü də ondan xəbər tutubsa, həmin əməliyyatı keçirməkdən niyə imtina olunmayıb?

Milli Təhlükəsizlik Nazirinin sabiq müavini Sülhəddin Əkbərin “Azadlıq” radiosuna verdiyi müsahibədən belə çıxdı ki, əslində, həmin əməliyyat Surət Hüseynovu deyil, elə Elçibəy hakimiyyətinin özünü bitirmək üçün qurulubmuş. Bu, əlbəttə, ən azı Sülhəddin Əkbərin tutmuş olduğu vəzifənin informasiya təminatının zənginliyi baxımından çox ciddi, üzərində dayanılacaq ehtimaldır, zira, bu versiyanı dərindən dəyərləndirmək üçün hər şeydən öncə çox özəl məxfi bilgilərə sahib olmaq lazımdır. Mən isə yalnız ictimailəşmiş faktara istinad edən siyasi analitik kimi o bilgilərdən məhrumam, ona görə də “komplo” nəzəriyyələrindən kənarda qalaraq iki rasional cavab üzərində dayanmağı daha məqbul sayıram:

1. Planın məxfiliyi artıq pozulmuş və planın hədəfində olan şəxsə bu barədə məlumat çatmışdısa, əməliyyatı ertələmək hakimiyyətin geri çəkilməsi kimi qarşılana, bununla qiyamın əhatə dairəsi genişlənə, həmçinin qiyamçılara daha mütəşəkkil müqavimət göstərmək və əks-hücuma keçmək üçün vaxt və digər fürsətlər verə bilərdi.

2. Elçibəy hakimiyyətini Surət Hüseynovla məsələni tez bir zamanda bitirməyə sürükləyən elə bir ciddi amil və ya amillər silsiləsi olub ki, bu, əməliyyat müəlliflərini planı dayandırmamağa vadar edib.

Bu amillərdən birincisi...

(Ardı olacaq)

Taleh ŞAHSUVARLI

AzNews.az analitik-informasiya portalının Baş redaktoru