- Redaktor masası
- 27 İyun 2021 09:00
- 26 181
Təşəkkürlər, Zakir paşa! - Taleh Şahsuvarlı yazır

Müdafiə nazirinin Mirşahinlə söhbətində sətir arasında gizlənən detallar
“Real” TV-nin rəhbəri, ustad Mirşahin Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan mükəmməl bir müsahibə alıb.
Bu müsahibə niyə mükəmməldir?- əvvəlcə bu suala cavab verim.
İstənilən bir ölkənin müdafiə naziri danışmaq yox, danışmamaq üçündür- bu, aksiomadır.
Peşəkar jurnalist odur ki, danışa-danışa danışmamaq istəyən bir müsahibdən nəyi danışa bilərsə, onu qoparsın, cəmiyyətə çatdırsın.
Mirşahin bu sərhədləri çox ustalıqla gözləyib.
Həm generalın danışmayacağı, həm də danışa biləcəkləri arasındakı neytral zonada mövqe tutaraq 26 iyun- Azərbaycan Silahlı Qüvvələrinin yaranma günündə Müdafiə nazirindən müsahibə alıb.
Nazir, əlbəttə, kamera və yönəldici suallar qarşısında vəcdə gəlib hər məsələni təfsilatı ilə açmayıb.
Ancaq bəzən açıq, bəzən dolayı şəkildə, sətirlərin arasında Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı qələbənin taktiki və strateji planını, arxa fonunu görmək istəyənlər üçün çox şey deyib.
Mən müharibə başlayan gün ehtiyyatda olan zabit kimi cəmi bir neçə saat ərzində səfərbər olunaraq ön cəbhəyə yollanmışam. Nöqsanları da bilirəm. Ancaq qazanılan qələbə qarşısında bunlar bizim canımız kimi xırda məsələlərdir. Azərbaycan ordusu bu qələbəni haqq edirdi. İstər maddi-texniki təchizatı, istər şəxsi heyətin döyüş əzmi, istərsə də hərbi-taktiki planların mükəmməlliyi baxımından.
Tale elə gətirdi ki, mən və səfərbərlikdən cəlb olunmuş bir neçə leytenant, baş leytenant döyüşlərin ilk günlərində “Suqovuşan” istiqmətində şəhid olmuş zabitlərimizin yerini doldurmaq üçün Ağdam istiqamətindəki hərbi hissələrdən birinə göndərildik. Düşmənin Ağdamda yaratdığı istehkamlar, minaları ərazilərə tum kimi səpələməsi, çox sayda şəxsi heyətini məhz bu səmtdə cəmləməsinə görə, bizim briqada “ölüm düşərgəsi” sayılırdı. Real hücumda on minlərlə itki vermədən Ağdamı almaq mümkün deyildi. Ancaq biz Ağdama mütləq girəcəkdik, amma düşmənin gözlədiyi yerdən deyil, arxadan. Bizim mövqelərimiz də məhz buna uyğun seçilmişdi və elə seçilmişdi ki, qısa zamanda dislokasiya olunub düşmənin arxasına keçə bilək. Bəli Ağdamda qırğın olacaqdı, amma kütləvi şəkildə qırılan biz deyil, düşmən olacaqdı. Nazir bu məsələdə olduqca səmimi, olduqca sərrast danışıb. Fəqət həmlənin olmaması, Ağdamın Kəlbəcər və Laçın kimi hücum əməliyyatı keçirilmədən təhvil alınması vətənimizin bu hissəsinin döyüşsüz azad edildiyi anlama gəlmir. Təfsilata varmaq istəmirəm. Çoxsaylı lokal döyüşlərdə yaralananlarımız da oldu, şəhidlərimiz də. Hər şey bir yana, yüzminlərlə minanın içindən sağ-salamat qayıtdıqsa, bu Allahın bizə lütfü, Yaradanın mərhəməti ilə yanaşı, Azərbaycan ordusunun mükəmməl hərbi strategiya və taktika ilə hərəkət etməsinin nəticəsidir.
Savaş bitdikdən və səfərbərlikdən çağırılanlar tərxis olunduqdan sonra ilk təşəkkürlərimdən birini Müdafiə naziri Zakir Həsənova etdim. Bu gün də o fikrimdə qalıram ki, Ali Baş Komandan İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqların dəqiqliklə və uğurla gerçəkləşdirilməsində müzəffər ordumuzun nazirinin çox böyük rolu var. Kobud deyəcəm, - hərbiçilər çox da nəzakətli adamlar olmadığından əminəm ki, cənab nazir bu qüsurumuzu təbəssümlə qarşılayacaq,- deyir, yüz mamaça yığışsa, güc doğana düşür.
Bu qələbənin yaxından-uzaqdan, qıraqdan-bucaqdan yüz min “mamaça”sı üzə çıxa bilər, amma onu, Xəlil Rza Ulutürk demiş, öz kişi bətnindən “doğan” Azərbaycan ordusu, Azərbaycan əsgəri, Azərbaycan generalı, Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyidir.
Bəli, 44 günlük savaşda bütün dövlətimiz, dövlət təşkilatımız, ordumuz, kəşfiyyatımız, polisimiz SAAT KİMİ işlədi.
Çünki ötən hər dəqiqə bizi qələbəyə aparmalı idi və apardı.
Qalanlarını general Zakir Həsənovdan dinləyək.
Müsahibədən bəlli olur ki, 27 sentyabr gecəsi Azərbaycanın Müdafiə naziri evində olub, gecə yarıdan keçmiş ona təmas xəttində düşmənin təxribatları haqqında məlumat verilib, o, dərhal nazirliyə gəlib:
“Ayın 27-də təxminən saat 5-i keçmişdi, mənə məruzə olundu ki, düşmən intensiv şəkildə bizim mövqelərimizi və cəbhəboyu kəndləri atəşə tutur. Təbii ki, mən dərhal iş yerimə gəldim, burada müvafiq tapşırıqlar verdim və saat 6 radələrində bunlar artıq ağır artilleriyadan atəş açmağa başladılar. Bilirsiniz ki, bizim itkilərimiz də oldu. Mən dərhal Ali Baş Komandana məruzə etdim və Ali Baş Komandandan müvafiq tapşırıqları aldım və “Dəmir yumruq” əməliyyatını həyata keçirilməsinə, əks hücuma keçməyə göstəriş aldım. Müvafiq tapşırıqlarla Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatına başladı”.
Buradan o da bəlli olur ki, planı əvvəlcədən hazırlanmış “Dəmir yumruq” əməliyyatına cəbhədəki vəziyyət dərhal götür-qoy ediləndən sonra Ali Baş Komandan tərəfindən sübh tezdən "OK" verilib.
Ardınca ilk həmlələr həyata keçirilib:
“Ermənilərin əsas ümidi istehkam qurğularına idi. Ön xətdə yaradılmışdı, hətta onlara müxtəlif adlar da verilmişdi. Bu xəttin yarılmasında, minalanmış ərazilərin keçilməsində bizim hərbçilərin, əsgərlərin qəhrəmanlığı, yüksək səviyyədə peşəkarlığı böyük rol oynadı. Bizim ordu korpuslarının həmlə taborları, kəşfiyyat taborları, tank taborları qısa bir müddətdə çoxsaylı istiqamətdə düşmənin ön xəttini yardı. Hətta mən deyim ki, burada bu hərəkətlər, bu sürət, bu yüksək peşəkarlıq Ermənistan ordusunda şok yaratdı. Biz bunu hiss edirdik. Sürətli hücum bizim gələcək qələbəmizin təməlini qoydu”.
Müdafiə naziri daha sonra yenə bu məqama dönür:
“Bütün dünyada, bütün ordularda döyüş sənədlərində hansı şəraitdə döyüş aparmağın daha çətin olduğu qeyd olunur. Praktika eynidir. Onlardan bir neçəsini mən sizə misal çəkim və görəcəksiniz ki, necə çətin şəraitdə Azərbaycan Ordusu döyüşlər aparıb. 30 ildir bunlar burada böyük pul sərf edib betondan tutmuş müxtəlif üsullardan istifadə edərək bir sədd yaratmışdılar. Buna çox ümid bəsləyirdilər. Görəndə ki, qısa bir müddətdə qəhrəman Azərbaycan əsgəri peşəkarlıqla, sürətlə hücuma keçdi, bu ön xətti yardı və hücumun sürrəti çox yüksəkdir, təbii ki, bu, düşməni sarsıtdı və qələbənin təməlini qoydu”.
Daha sonra nazir Mirşahinin sualına cavab olaraq dronların qələbəmizdəki roluna toxunur və zənnimcə, olduqca sərrast şəkildə izah edir:
“Əsas məsələ dronun ərazidə hərəkət etməsi, zərbələr endirə bilməsi və oradan çıxmasıdır. Özü də vurulmadan. Bu zaman drona 5 qoşun növü dəstək olur. Mən indi burada, təbii ki, hər şeyi danışa bilmirəm. Yəni o dronu idarə edənin də naliyyətidir, amma bütün o əməliyyatda iştirak edən mütəxəssislər, müasir avadanlıq nəticəsində o fəaliyyət təşkil olunub. İstəyirəm məni düzgün başa düşəsiniz ki, ordunun bütün qurumları, ordunun bütün avadanlıqları tam şəkildə müharibədə istifadə olunmuşdur. Təbii ki, vəzifəsinə görə, tapşırığa görə və digər məsələlər nəzərə alınmaqla…”
Həqiqətən də Azərbaycan ordusu 44 günlük savaşda bütün bölmələri inteqrasiya olunmuş bir şəkildə, kombinə döyüşlər aparırdı. Bu döyüşləri kombinə etmək, müxtəlif təyinatlı qoşunları inteqrasiya edilmiş bir şəkildə düşmənin üstünə göndərmək, istehkamları yarmaq və dərinliyə girmək başlı-başına böyük hərbi məharət istəyir.
Müdafiə naziri Zakir Həsənov daha bir “sirr açır”. Bu feili ona görə dırnaq işarəsinə alıram ki, general-polkovnikin məlumatlı şəxs kimi etiraf etdiyi bu məqam, əslində, bütün hərbi ekspertlər tərəfindən çoxdan vurğulanıb. Yəni, nazir peşəkarcasına həm hər şeyi deyib, həm də heç nə deməyib:
“Müharibənin 7-ci günü mən artıq hiss etdim ki, Ermənistanın hərbi rəhbərliyi artıq idarəçiliyi itirir. İdarəçilik böyük bir anlamdır və əsas məqamlardan biridir. Bütün dünyanın ordularının kitablarında, hərbi nizamnamələrində, sənədlərində idarəçilik əsas məqamlardan biridir. Bunun üçün böyük pullar xərclənir, bunun üçün böyük avadanlıqlar alınır, proqramlar yazılır, bu komanda kontrol səviyyəsinə qaldırlır. Bunu Azərbaycan Ordusu etdi. ... Çox məqamlar var. Bu müharibə göstərdi ki, Azərbaycan Ordusu, Azərbaycan Silahlı Qüvvələrinin idarəçiliyi ən müasir səviyyədə qurulub, yüksək səviyyədə, operativ qoşunları, hissə və birləşmələri döyüşdə idarə etmək imkanı var idi. Deyim ki, mən bütün döyüş meydanlarını, döyüş meydanlarında nə baş verirdi ekranda görürdüm”.
Müsahibənin başqa bir maraqlı məqamı düşmənin yetərsiz həmlələri ilə bağlıdır:
“Mənə zəng edib dedilər ki, Paşinyan çıxış edərək deyib ki, erməni silahlı qüvvələri Cəbrayıldadır. Mən dedim, necə yəni Cəbrayıldadır? Mən indi general Bərxudarovla Cəbrayıldan danışıram. Yəni öz xalqını aldadırdılar. Təbii ki, biz hər bir məlumatdan nəsə nəticə əldə edirik. Mən dərhal göstəriş verdim, Bərxudarov Cəbrayılı əhatə edən yüksəkliklərdə mövqelərini gücləndirdi və məruzə etdi ki, filan istiqamətdən düşmənin hücumu gözlənilir, biz orada görürük ki, cəmləşirlər. Düzdür, məruzəsində dedi ki, hücuma hazırlaşan qüvvə çox azdır. Düzdü, mən o vaxt dedim ki, bəlkə bunlar döyüş kəşfiyyatı aparmaq istəyirlər, belə bir üsul var. Dedi ki, məruzə edərəm. Biz öz kəşfiyyatımızı da bu işə cəlb etdik və gördük ki, doğrudan da az bir qüvvə ilə onlar heç hücuma keçə bilmədilər. Bizim artilleriya onları hamısını yerindəcə məhv etdi”.
Nəhayət, gəlin müzəffər ordu generalımızın bu sözlərinə də yaxşı-yaxşı diqqət yetirək:
“Bilirsiz, mülki dillə desək, müharibə silahlı qüvvələr üçün bir imtahandır. Biz imtahanı verdik. Ancaq bizi imtahana türk silahlı qüvvələri hazırlayırdı. Bizim zabitlər orda hərbi təhsil alırdılar. Bizim hissə və birləşmələr orda təlimlər keçirdilər. Və siz əgər xatırlayırsınızsa, möhtərəm cənab Prezident keçən il hərbi əməkdaşlıq barədə çıxışında dedi ki, təkcə, 2019-cu ildə 13 irimiqyaslı birgə təlimlər keçirilib. Bu təlimlər niyə keçirildi?!. Burada türk silahlı qüvvələri zabitlərin hazırlığını, bizim hərbi birləşmələrin döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün bizə dəstək olurdular, təlimlər keçirdilər, hətta, belə üsul var idi ki, qurumlar taborlarla birlikdə Türkiyəyə göndərilirdi, orada Türkiyə Silahlı Qüvvələrinin təlim mərkəzində təlim keçirdilər.”
Müsahibədəki bu cür önəmli sitatları uzatmaq, çoxaltmaq olar. Ən yaxşısı oxumaq, dinləmək, seyr etməkdir.
https://www.aznews.az/news/conflict_hearth/279479.html
Mən, sadəcə, yekunda başqa bir mətləbə toxunmaq istəyirəm. “Clickbate” jurnalistikası bu xalqa, bu cəmiyyətə həqiqətləri çatdırmır. Xəbər başlıqları ilə oynamağı, oxucunu qarmağa salmağı, “tık” gətirməyi, vallah, billah, bununla öyünənlərin hamısından biz daha yaxşı bilirik. Ancaq bizim məramımız “tık"lanmaq deyil, ictimai faydalı informasiyalarla kütləni xalqa çevirmək və gələcəyə daşımaqdır. Bu qələbənin sahibi də kütlə deyil, məhz xalqdır. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Qarabağ Azərbaycan”dır deyə hayqıranda və silahlı qüvvələrimizlə vəhdət təşkil edəndə, kütlə Altay Gö...üşov kimilərinin “Azərbaycan ordusu savaşı uduzacaq” proqnozuna “tık” verirdi.
Bəs, nə oldu kollektiv Paşinyanlar?
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru