Şəhid ailələri, veteranlar və ehtiyyatda olan hərbiçilərin problemləri üzrə xüsusi dövlət komitəsi yaradılsın Şəhid ailələri, veteranlar və ehtiyyatda olan hərbiçilərin problemləri üzrə xüsusi dövlət komitəsi yaradılsın

Ən böyük tikəsi çəkməsindən tanınacaq oğullar nədən canına qəsd edir?

Şəhid ailələri, veteranlar və ehtiyyatda olan hərbiçilərin problemləri üzrə xüsusi dövlət komitəsi yaradılsın

Daha bir qazimizin intihar xəbəri gəldi.

Odun-alovun içindən sağ çıxmış oğullar öz evinin, həyətinin, kəndinin, şəhərinin içində bir-bir canına qəsd edir. Bu məsələdə o tərəf-bu tərəfə çəkməyin yeri yoxdur. Qazi həmişə haqlıdır! Bu təbəqədə intiharların vüsət almasına son qoyulmalıdır. Çətin deyil əslində, işləmək lazımdır. Dövlətin və prezidentin müharibə iştirakçılarına diqqət və sayğısını müharbə iştirakçılarına hiss etdirmək üçün mərlkəzdəki və yerlərdəki məmurlar ənənəvi vərdişlərindən, iş üslublarından əl çəkib post-müharibə dövrünün şərtləri ilə çalışmalıdırlar. Məhz bunu etmirlər. Nəticədə Şanlı Zəfər və dövlətin şəhid ailələri, veteranlar və ehtiyyatda olan hərbiçilərlə bağlı siyasəti kölgədə qalır.

44 günlük müharibədən sonra bu barədə xəbərdarlıq etmişdim. Qazilərimiz həbs olunanda müdafiə etmiş, canına qıyananlarla bağlı ilk xəbərlər dolaşanda həyacan təbili çalmışdım.

"Qazilər niyə intihar edir" sualına bir daha cavab verirəm.

44 günlük müharibə başlayandan dərhal sonra on minlərlə, hətta yüz minlərlə əsgər və zabit dərhal səfərbər olundu. Qısa müddətdə əyninə zolaqlı kəfən geyən hər kəs özünü döyüşdə və ya döyüşə hazırlıq hissələrində gördü. Müharibədə olanlar bilir, hər kəsin çəkməsinə adı, soyadı yazılırdı ki, bədəni parça-parça olsa, barı çəkməsindən kim olduqları bilinsin. Bu, artıq başqa bir gerçəklik idi, ani partlayışla hərbiçi bədəninin parça-parça olması ən yaxşı ehtimallardandı- diri-diri yana da bilərdin, heç çəkmələrinin qırıntıları da yerə düşməyəcək şəkildə havaya sovrula da... "Qrad"ın şumladığı ərazidə yox, avtomat gülləsindən ölməyi xoşbəxtlik sayanları müharibədən sonra saymamağın ilk simptomlarıdır intiharlar. Müharibənin bütün dəhşətini qoyuram bir qırağa, səfərbərlikdən öncə öz mülki həyatını yaşayan insan üçün tikəsinin tanınması məqsədilə çəkməsinə yazılan adının hansı travmalar yaratdığını söyləməyə ehtiyac yoxdur. Bu gün məmləkət olaraq üz-üzə qaldığımız o travmalar 44 günlük savaşın adi məsələləri idi. Bütün hallarda, torpaqlarımız işğaldan azad edilməli, tarixi xəcalətdən qurtulmalıydıq. Cəmi bir neçə avtomat atəşindən, mina, minamyot, top, raket partlayışından sonra ölüm qorxusu şəxsi heyətin canından çəkilirdi. Düşmən üzərində qazanılan ard-arda qələbələr sağ qalan hər kəsi yeni həmlələrə və zəfərlərə səsləyirdi. Zəfərə susayanlar arasında Ali Baş Komandana inanılmaz və xeyli dərəcədə də irrasional bir inam vardı. Bu inam və məsuliyyətlə nəhayət Şuşa azad olundu, Xankəndinə girmək an məsələsinə çevrildi. Müharibə Ermənistanın kapitulyasiyası ilə başa çatdı. On minlər, yüz minlər evə döndü. Özünü 44 gün boyunca Vətənin sahibi kimi hiss edənlər, canından keçməyə hazır olanlar və savaşın od-alovunda ölüm qorxusunu itirmiş insanlar sosial şəbəkələrin "başımızın tacısan" qıyından savayı gerçək həyatda mənəvi dəstək görmədilər. Fərdi çevrə və virtual "klikbeyt" kanalları hər vəchlə çalışdılar ki, səngərdən dünən dönmüş müharibə iştirakçılarını "aktuallığını itirmiş adamlar" kimi təqdim etsinlər. Çox təəssüf ki, buna əsaslar verildi.

Konkret misal çəkəcəm.

Ötən il mənim doğulduğum və 7 il təhsil aldığım Bərdə rayonunun Qaradəmirçi kəndində yeni məktəb binası istifadəyə verildi. Bu məktəbin onlarla şagirdi zabit və əsgər kimi 44 günlük müharibədə iştirak etmişdi. Açılışa onlardan bircə nəfərini də dəvət etməmişdilər. Direktor müəllimim olub, səmimi münasibətlərimiz var, yaxşı pedoqoqdur, ondan səbəbini soruşdum, "məsləhət belə oldu ki, tədbir məhdud dairədə keçsin" dedi. "Məhdud dairə"yə nazirlik nümayəndələri, rayon rəhbərliyi, deputatlar və köməkçiləri dəvət edilmişdi, amma müharibə iştirakçıları yox...

Bu statusu isə ötən il elə bu vaxt yazmışam, təkliflər hələ də qüvvədədir:

"Savaşdan qayıtmış şəxslər arasında intihar hallarının qarşısını almaq üçün hərəkətə keçməliyik.

1) Hər bir qazi məzundur. Məktəblər öz məzunları ilə təmas saxlamalıdır.

2) Bələdiyyələr öz sakini ilə əlaqə yaratmalıdır.

3) Yerli icra hakimiyyətləri və səfərbərlik xidmətləri onları diqqətdə saxlamalıdır.

4) Ailə və fərdi çevrə onlara mənəvi dəstək olmalıdır.

5) Qazilərlə bağlı tibbi, psixoloji və s müayinə pulsuz olmalıdır- həm dövlət, həm də özəl klinikalarda. Bununla bağlı dərhal klinikalara göstəriş verilməlidir ki, qazilər komplekssiz şəkildə müraciət edə bilsinlər.

6) Qazilərlə bağlı istənilən mübahisələr- iş, mülkiyyət, alqı-satqı, kredit, məhkəmə, təhsil və s. mövzularda - dərhal dondurulmalıdır!

7) Qazilər məşğulluq və fərdi inkişaf proqramlarına cəlb olunmalıdır!"

Həmkarım, Birinci Qarabağ savaşının əfsanəvi iştirakçısı Rey Kərimoğlu yaxşı təklif irəli sürüb. Mən də bu təklifi doğru sayır və dəstəkləyirəm:

Şəhid ailələri, veteranlar və ehtiyyatda olan hərbiçilərin problemləri üzrə xüsusi dövlət komitəsi yaradılsın!

Taleh ŞAHSUVARLI