Zaman Azərbaycanın lehinə işləyir Zaman Azərbaycanın lehinə işləyir

ZƏNGƏZUR ŞƏHİDLƏRİMİZİN ƏSLA UNUDULMAYACAQ MİSSİYASI

Zaman Azərbaycanın lehinə işləyir

Bu, bir ölüm-dirim savaşıydı.

Düşmən himayədarlarına arxayın olaraq, onlardan təlimat, silah, sursat alaraq mövqelərimizə və bölmələrimizə hücuma keçmişdi. Müdafiə nazirliyinin də təsdiqlədiyi kimi, ilk növbədə bölmələrimiz arasındakı rabitəni kəsmək, təchizatı və dəstəyi əngəlləmək məqsədi ilə minalanma həyata keçirmişdi. Əgər Silahlı Qüvvələrimiz yüksək hazırlıq, komandanlıq qətiyyət, əsgər və zabitlərimiz şücaət göstərməsəydi, nə olardı, bilirsinizmi, təsəvvür edirsinizmi?

Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan istiqamətlərində bu günəcən qazandığımız bütün hərbi naliyyətlərin əsasları sarsılacaq, Şərqi Zəngəzurda aparılan bütün infrostruktur işləri pozulacaq, sərhədlərin demarkasiya və delimitasiya prosesi Ermənistanın istəyinə uyğunlaşacaq, bəlkə də Azərbaycan-İran sərhədinin bir hissəsi də yenidən nəzarətimizdən çıxacaqdı. İş bu yerə gələrsə, Xankəndi və çevrəsindəki ermənilərə ən azından status tələb edən ATƏT-in Minsk Qrupu ilə də indiki kimi sərt formada danışa bilməyəcəkdik.

İçdikləri hərbə anda sadiq olaraq Vətən uğrunda, müstəqilliyimiz uğrunda, dövlətimiz uğrunda canından keçən 50 cəsur, qəhrəman Övladımızın mənsub olduğu Silahlı Qüvvələrimiz son dərəcə çətin gecə döyüşləri apararaq düşmənin bütün planlarını pozdu. Ermənistanın Baş naziri Paşinyan 44 günlük müharibədə olduğu kimi yenə telefonlardan asılı vəziyyətdə qaldı. Rusiyanın, Fransanın prezidentlərinin yuxusuna haram qatdı, Avropa İttifaqı rəsmilərindən mədət, ABŞ-dan imdan dilədi. Düşmənin itkiləri böyükdür. İrəvanda açıqlanan rəqəmlərə, Ermənistan mediasının susqunluğuna baxmayın, döyüş zonasından yüzlərlə tabut gedəcək Ermənistanın şəhər və kəndlərinə. Neçəsinin meyiti də heç tapılmayacaq, havaya sovrulub. Yaralananları, fərariləri də saysaq Ermənistan ordusunun şəxsi heyətini öz sözləri ilə desək, qarşımızda növbəti dəfə sındırmışıq. Hərbi mənbələrə istinadən yayılan xəbərlərə görə, düşmənin sərhədlərimizi təhdid etmək üçün formalaşdırdığı bütün infrostruktur məhv edilib. Dünənə qədər Laçındakı, Kəlbəcərdəki mövqelərimizə atəş açdıqları nöqtəyə əsgər çıxarmaq üçün kazarma qalmayıb, yolları atəş nəzarətimizə düşüb, bir çox postlarında da artıq Azərbaycan bayrağı dalğalanır.

Eskalasiya tam səngiməyib. Bu gecə də uzun ola bilər. Tanrı Ordumuzu qorusun, analarımızın, bacılarımızın duası qəbul olunsun! Düşmən revanşa çalışacaqsa, əminəm ki, yenə də qisasımız ağır olacaq. Artıq Ermənistan mediasında bəzi siqnallar verilir. Əgər yadınızdadırsa, Ermənistanın Baş naziri Nikol Paşinyan bölgəyə Rusiya ilə yanaşı digər ölkələrdən də sülhməramlı gətirilməsi barədə danışmışdı. Artıq erməni diasporu beynəlxalq mediada bu təklifləri səsləndirməyə başlayıb. Diplomatiyamız üçün də yeni və ağır mərhələ başlayır. İstər hərbi, istərsə də diplomatik sahədə tarixi fürsəti nailiyyətə çevirmək üçün hər zaman olduğu kimi, prezident İlham Əliyevə güvənməliyik. Bu güvən tarixi hədəflərimizin qapısının açarıdır.

Bayaq bir erməni FB fəalının statusunu oxudum. Təxminən belə yazmışdı: "Azərbaycan 30 il boyunca dünyaya car çəkdi, şikayət etdi, beynəlxalq təşkilatlar qarşısında ədalət axtardı. Tapdımı? Xeyr! Gücləndi, silahlandı, müasir ordu qurdu və öz məqsədlərinə nail oldu".

Bəli, bu gün əsas hədəfimiz Ermənistanı demilitarizasiya etməkdir. İndiki Ermənistan ərazisindən məcburi deportasiya edilmiş yüz minlərlə soydaşımızın qayıdışı bundan asılıdır. Bu qayıdış üçün bütün imkanları səfərbər etməli, Göyçəni, Zəngəzuru, Dərələyəzi hərbi nəzarətə götürməkdən də çəkinməməliyik. Bütün hallarda Ermənistana heç bir halda və formada yeni status-kvo yaratmağa imkan vermək olmaz. Ermənilər son iki yüz ildə məhz bu sayədə torpaqlarımızı ələ keçiriblər. İndi zaman bizim lehimizədir, vaxt Azərbaycana işləyir.

Allah şəhidlərimizə rəhmət etsin!

Allah yaralılarımıza sağlıq versin!

Ərənlərin sayəsində Azərbaycan ordusu tarix yaradır!

Taleh ŞAHSUVARLI