Xatırlatmaqda fayda var: İrəvanla yanaşı Moskva da öhdəliklərinə əməl etməlidir Xatırlatmaqda fayda var: İrəvanla yanaşı Moskva da öhdəliklərinə əməl etməlidir

Rusiyada Üçtərəfli Görüş: Ya “Zəngəzur dəhlizi” açılmalı, ya da “Laçın dəhlizi” qapanmalı! - ANALİZ

Xatırlatmaqda fayda var: İrəvanla yanaşı Moskva da öhdəliklərinə əməl etməlidir

Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün ölkəsində növbəti üçtərəfli sammitə dəvət edib.

Aznews.az TASS-a istinadən xəbər verib ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

Onun sözlərinə görə, sammitdə üçtərəfli və ikitərəfli məsələlərin bütün sahələri üzrə müzakirə aparılacaq.

Müzakirələrin yeri və vaxtı barədə yəqin ki dövlət liderlərinin protokol xidmətlərinin məsləhətləşmələrindən sonra açıqlama veriləcək. Ancaq ehtimal etmək olar ki, Rusiya prezidentinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü yaxın həftələrdə gerçəkləşəcək. Bu zərurət ilk növbədə ondan irəli gəlir ki, Azərbaycan və Ermənistan arasında yeni eskalasiya riski var və bir çox xarici dövlətlər, xüsusən İran və Fransa faktiki olaraq Ermənistanı yeni hərbi təxribatlar törətməyə təhrik edirlər. Heç şübhəsiz bu təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınacaq və sentyabrın 13-də olduğu kimi Ermənistanın mövqelərinə sarsıdıcı zərbələr endiriləcək. Əgər sentyabr döyüşləri cəmi bir neçə saat çəkmişdisə, yeni hərbi əməliyyatların miqyasının və müddətinin məhdud olacağını söyləmək mümkün deyil.

Belə ki, Üçtərəfli Bəyanata əsasən Ermənistan üzərinə götürdüyü öhdəliklərin qalanını yerinə yetirmək istəmir. Bunun üçün bəyanatda imzası olmayan regional və beynəlxalq güclərin, təşkilatların himayəsindən istifadə etməklə bölgəni xaosa sürükləyir. Cənubi Qafqazda proqnozlaşdırılmayan bölgəyə çevrilməsi və xaosa sürüklənməsi hərbi, iqtisadi və diplomatik gücünün böyük hissəsini Ukraynadakı savaşa həsr edən Rusiya üçün yeni cəbhənin, ən azından yeni gündəmin açılması deməkdir. Heç kimə sirr deyil ki, Ukrayna ilə savaşda prezident Vladimir Putinin həm şəxsi xarizması, həm də Rusiya Silahlı Qüvvələrinin reputasiyası çox ciddi zərər görüb. Belə bir şəraitdə Üçtərəfli Bəyanata əsasən Rusiyanın Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsində üzərinə götürdüyü qarantyorluq rolunu itirməsi, yeni savaşlarda tərəfə çevrilməsi, yaxud təşəbbüsü əldən verməsi Kremlin “böyük dövlət” inancına ziddir. Elə bu səbəbdən də Vladimir Putin tərəfləri bir araya gətirməklə Üçtərəfli Bəyanatın icra vəziyyəti və digər aktual məsələlər barədə müzakirə aparmaq və Rusiyanın regiondakı nüfuzunu təsdiqləmək istəyir. Mariya Zaxarovanın bəyanatına əsasən vurğulamaq olar ki, rəsmi Moskva Avropa İttifaqının və dövlətlərinin, kəsə desək, “kollektiv Qərb”in Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinə daxil olmasını özünə həqarət sayır və Rusiyanı bölgədə sıxışdırmaq cəhdi kimi qəbul edir.

“Bizim üçtərəfli nailiyyətlərimiz mənimsənilir və təhrif olunur. Avropa İttifaqı, ATƏT, Fransa adı altında Qərb emissarlarının Ermənistana gəlişləri daha da artıb. Bütün region əhalisinin maraqlarını nəzərə almayan tez-tələsik uydurulmuş təşəbbüslər irəli sürülür. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il tarixli sazişlər əsasında çətin şəraitdə əldə edilmiş balansın pozulmasıdır”- Zaxarova bəyan etmişdi.

Lakin rəsmi Moskvanın Mariya Zaxarovanın dili açıqladığı rahatsızlıqları təkcə bundan ibarət deyil. Kreml fərqindədir ki, Vaşinqton və Brüsselin göstərişi ilə fəaliyyət göstərən çoxsaylı fondlar, QHT-lər və media Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi oyatmaq üçün çalışır. Bu ovqatın yaradılması isə yaxın gələcəkdə Ermənistandan Rusiya hərbi bazalaranın çıxarılmasına yönəlib. Bu, Nikol Paşinyanı iqtidara gətirən sorosizmin Ermənistan hökuməti qarşısında qoyduğu tələb və plandır. Bu planı icra etmək üçün Ermənistanda “Zəngəzur dəhlizinin açılmaması” bir nömrəli gündəm maddəsinə və ölkə təhlükəsizliyinin kilid məsələsinə çevrilib. Halbuki Üçtərəfli Bəyanata əsasən Nikol Paşinyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında MANEƏSİZ nəqliyyat əlaqəsinin qurulmasına, həmin əlaqənin təhlükəsizliyinə təminat verməyə və kommunikasiyaya nəzarətin Rusiya FTX-I tərəfindən həyata keçirilməsinə boyun olub. Azərbaycanın həm Ermənistandan, həm də Rusiyadan haqlı gözləntisi budur ki, Üçtərəfli Bəyanatın müvafiq 9-cu maddəsi nəhayət gerçəkləşdirilsin. Əgər bu maddə yerinə yetirilməzsə, əvvəla Azərbaycanın hüquqi əsası yaranır ki, Qərbi Zəngəzura qoşun yeridərək hərbi güc vasitəsi ilə Ermənistanın açmaq istəmədiyi dəhlizi formalaşdırsın. İkincisi, şərtlər buna imkan verməsə, Üçtərəfli Bəyanata əsasən təhlükəsizliyinə təminat verdiyi Laçın dəhlizini qapasın. Elə bu gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb və Ermənistanı Laçın dəhlizinə alternativ yoldan Azərbaycan ərazisinə hərbi sursat daşımaqda və suveren ərazilərimizdə qanunsuz hərbi fəaliyyət göstərməkdə ittiham edib.

Azərbaycanın Rusiya da daxil olmaqla bütün beynəlxalq tərəfdaşlardan və ictimaiyyətdən gözləntiləri konkret, ardıcıl və hüquqidir. Harada, kimin vasitəçiliyi ilə və hansı formatda keçirilməsindən asılı olmayaraq Azərbaycan öz şərtlərini strukturlaşdırıb və sistemləşdirib. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən təsdiqlənmiş məlumata görə, rəsmi Bakı strukturlaşdırılmış formada danışıqlar apararkən aşağıdakı istiqamətləri əsas götürür:

- Sülh müqaviləsi.

- Sərhədlərin delimitasiyası.

- Kommunikasiyaların açılması.

- İtkin düşmüş şəxslər və minalar problemi da daxil olmaqla, bütövlükdə humanitar məsələlər.

Hazırda Ermənistan Avropa Birliyinin və ATƏT-in iki fərqli müşahidəçi missiyasını “sərhədlərin delimitasiyasına kömək üçün” öz ərazisinə gətirib. Həmin müşahidəçilərin ən azı yarıdan çoxunun yüksək rütbəli hərbiçilər və xüsusi xidmət orqanlarının əməkdaşları olduğunu təxmin etmək çətin deyil. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahından fərqli olaraq, Qərbdən gələn heyətlərin əlində demarkasiya və delimitasiya prosesinə töhfə verəcək xəritələr də yoxdur. Ermənistanın “texniki heyət” adı altında Qərbdən “toy polkovnikləri”ni KTMT ərazisinə gətirməsi “ayının dərisini bölüşdürməyə” hazırlıq aksiyasıdır. Azərbaycanla sərhəddə hərbi təlimlər keçməklə və Arazı keçmək üçün körpüsalma təmrini gerçəkləşdirməklə İran İslam Respublikası da həmin dəridə gözü olduğunu nümayiş etdirdi. Vassalı Ermənistanın xəyanəti ilə gerçəkləşən bu böyük planı Rusiya cəmi iki addım ataraq poza bilər:

1) Zəngəzur dəhlizinin açılmasını təmin etmək;

2) Xankəndi və çevrəsindəki seperatçı rejimin varlığına son qoymaq üçün Azərbaycanın tələblərini nəzərə almaq.

Həllini gözləyən əsas məsələlər bunlardır. Əgər bu yöndə Rusiya prezidenti Vladimir Putinin təşkil edəcəyi müzakirələrdə prinsipial qərarlar çıxarılacaqsa, həm Sülh Sazişinin imzalanmasının və humanitar problemlərin çözülməsi iradəsinin qarşısında maneələr qalmayacaq, həm də Soros şəbəkəsinin proseslərə destruktiv təmayüllə müdaxilə etmək imkanı sıfıra bərabər olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfər etməsi və Cənubi Qafqazın üç respublikası arasında əməkdaşlıq barədə təşəbbüs irəli sürməsi onu göstərir ki, Azərbaycan 3+3 formatına dönüşü vacib hesab edir.

Taleh ŞAHSUVARLI