Türkün təbiətlə savaşı

Şiddətli zəlzələ qardaş Türkiyədə əsl fəlakət yaradıb.

Türkiyənin bütün televiziya kanalları canlı yayımla fəlakət bölgəsindəki dağıntıları, dağıntıya məruz qalmış məntəqələrdəki xilasetmə çalışmalarını yayımlayır.

Ekran qarşısında oturub dəhşətli mənzərəni izləmək ürəyi olan adamın işi deyil.

Param-parçayıq, varlığımız dağlanır, gözümüzdən yaş axır.

Bir can qurtarılında sevincimizdən yerə-gəyə sığmırıq.

Saatlar keçdikcə həlak olanların sayı artır.

Bu sətirləri yazdığımda Türkiyə rəsmilərinin açıqladığı rəqəmə görə, Qəhrəman Maraş zəlzələsi nəticəsində 6 min 9657 nəfər həyatını itirib, 38 min 224 nəfər yaralanıb.

Həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm.

Zəlzələnin Türkiyəyə verdiyi insan təlafatı İkinci Qarabağ Müharibəsindəki şəhidlərimizin sayından xeyli çoxdur.

Təbiət Türkiyəyə müharibə elan edib.

Bu savaşdan Türkiyənin qalib çıxacağına inanıram.

Bu qalibiyyət üçün Azərbaycan dövləti bütün gücü ilə, xalqımız bütün varlığı ilə Türkiyənin yanındadır.

Azərbaycanda aparılan "Qardaş köməyi" yardım kampaniyası bunun şərhsiz göstəricisidir,

Əslində bir kampaniyadan çox, xalqın özünü ifadə etdiyi aksiyadır.

Bir yardım toplanışından çox, Azərbaycanla Türkiyənin ortaq toplumsal instinktinin ifadəsidir.

Prezident Əliyev "Ərdoğan yoxdur, mən buradayam" deyəndə də elə bu instinktlə hərəkət edirdi, Cumhurbaşqanı Ərdoğan Azərbaycanın dövlət himnini telefonundan yayımlayanda da!..

Siyasi iradəmiz və hərbi gücümüz birləşmiş olduğu kimi, qardaş ölkəmizdə baş verən şiddətli zəlzələnin törətdiyi fəlakətə münasibət təsdiq edir ki, millət olaraq da birik, tamıq, bölünməzik.

Azərbaycanla Türkiyənin münasibətləri özümüzdən asılı olan və olmayan səbəblərdən zaman-zaman zəif, yaxşı, əla olub.

Ancaq Azərbaycan və Türkiyə münasibətləri heç zaman istər rəsmi, istərsə də toplumsal açıdan bu səviyyədə olmayıb.

Bir zamanlar Azərbaycanın rəsmi xahişinə rəğmən Türkiyə öz mülki helikopterlərini Kəlbəcərdən əhalinin daşınması üçün göndərməkdən imtina etmişdi. Ancaq 44 günlük savaşda Ankaradan ən üst səviyyədə bəyan olundu ki, Türkiyə ordusu, Türkiyə cəbbəxanası Azərbaycanın Ordusu, Azərbaycanın arsenalıdır.

Bu, millət birliyinin, fikir birliyinin, əməl birliyinin təzahürü idi.

Bu barədə düşünürəm və öz özümə deyirəm ki, zəlzələ yeraltı təkandır, bir də yerin, torpağın altındakıların təkanı var.

Azərbaycanda türkçülük ideyasının banisi Əli Bəy Hüseynzadədir.

Çox böyük bir tarixi simadır.

Osmanlıda "İttihad və Tərəqqli" Partiyasını quran, proqramını yazan şəxsiyyətlərdən biridir.

Bu ideyanın irəli sürülməsindın yüzildən artıq bir zaman keçib.

Orta çağların ən qüdrətli imperiyalarına sahib olsalar da, şiə və sünni məzhəbinə bölünərək didişən türklər son yüzilliklərdə tayfa ittifaqlarından vahid millətə çevriliblər.

Ulu Öndər Heydər Əliyevin "Bir millət-iki dövlət" şüarı təbiətlə də, dünya ilə də savaş üçün ən müasir ideoloji silahdır.

Müəyyən komplo nəzəriyyələr ortaya atılır: seçki ərəfəsində Türkiyəni tektonik silahla vurublar!

Bu absurd fərziyyəyə ən kiçik ölçüdə inananlardan deyiləm. Ancaq hətta bu cür olsaydı belə, əmin olduğum bir şey var.

Bölgəmizdə əsl geopolitik zəlzələ İranın çöküşü olacaq.

Seysmik olayları proqnozlaşdırmaq mümkün deyil, ancaq geopolitik təkanlar öncədən görüləndir.

Qafqazda, Anadoluda, Güney Azərbaycanda "Bir millət- üç dövlət" olmağın zamanı çatıb!

Sonrasına gələcək nəsillər qərar verər.

Taleh ŞAHSUVARLI