İman ELdən getdi!- Taleh Şahsuvarlının Hacı Şahinə vida yazısı

İngiltərəni Böyük Britaniya imperiyasına çevirən kilsə islahatları olmuşdu.

70 illik sovet rejimindən sonra din cəmiyyətə qayıtmalı, islam öz təbii yerini tutmalı idi.

Bu zərurəti Xomeyniçilər, Fətullahçılar, Vəhabilər gördü və ölkəmizə doldu.

Hacı Şahinin timsalında Azərbaycan islamının müqavimət enerjisi ortaya çıxdı.

Məşədi Dadaş məscidi milli islamın məbədi oldu.

Azərbaycan kimliyinin millət qədər önəmli parçası olan islam və şiəlik Hacl Şahinlə yenidən milli platformaya qatıldı.

Londonda səfirliyimizə hücum olanda Azərbaycan islamı Üçrəngli Bayraq qaldıraraq yaşıla da, maviyə də, ala da sahib çıxdı.

Hacı Şahin sadəcə bir məscidin axundu, camaat imamı deyildi.

Hacı Şahin Şərqdə Azərbaycan, Azərbaycanda Şərq idi.

Kəsə desək: tarixi, milli-dini kimliyimizi yenidən identifikasiya edən reformator din xadimi idi.

Lap əvvəldə dedim, İngiltərəni nəhəng imperiyaya çevirən kilsə islahatı olmuşdu.

Azərbaycanı bütövləşdirəcək din islahatının mərkəzi fiquru Hacı Şahin idi.

Heç zaman komplo teorilərə inanmamışam.

Komplo teorilərin qurulmasına da yardımçı olmaq istəmirəm.

Fəqət TƏBİB-in açıqlamasına beynim kəskin şübhə edir.

Bütün hallarda, biz sekulyarlar Mirzə Fətəlidən, Mirzə Cəlildən bəri daim "iman əldən getdi" deyənlərə qarşı olmuşuq.

Ancaq bu gün Hacı Şahinin dünyasını dəyişməsindən keçirdiyim böyük sarsıntı ilə deyirəm:

İMAN ELDƏN GETDİ!

Taleh ŞAHSUVARLI