- Redaktor masası
- 2 May 2023 11:12
- 17 039
Üçtərəfli Bəyanatın vətəndaşlıq tələbi: Laçın SBM-dən kimlər keçə bilməz?
Azərbaycan Ermənistanla Laçın rayonundakı sərhədində Sərhəd Buraxılış Məntəqəsi qurub.
Ermənistanın və digər dövlətlərin bu buraxılış məntəqəsinə etiraz etməsi hüquqi nihilizmdir.
Əvvəla, nə Ermənistanın, nə də başqa hər hansı bir dövlətin Azərbaycanın suverenlik haqqına girməsi qəbulediləndir.
Sərhəd və sərhədlərə nəzarət, ölkəyə giriş və çıxışın tənzimlənməsi hər bir ölkənin suverenlik məsələsidir.
Bu, milli və beynəlxalq hüquq açısından o qədər sadə və aydın məsələdir ki, ərtafında müzakirə açılması belə artıqdır.
Azərbaycan Ermənistanın təqdim etdiyi sayaq Laçın dəhlizi boyunca deyil, Ermənistanla sərhədin öz suveren ərazisi ilan başlanğıc nöqtəsində keçid postu qurub. Üçtərəfli Bəyanata əsasən, bölgəyə yerləşmiş Rusiya Sülhməramlı Kontingentinin Azərbaycan sərhədlərinə nəzarət etmək səlahiyyəti olmadığından Azərbaycan atdığı addımla öz öhdəliklərini pozmayıb. Üçtərəfli Bəyanatın 3-cü maddəsinə görə, RSK-nın fəaliyyət zonası müharibə tərəflərinin- Azərbaycan və Ermənistan qoşunlarının 10 noyabr 2020-ci ildəki təmas xətti və Laçın dəhlizi boyudur.
Bəyanatın 6-cı maddəsinə görə, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Azərbaycanın üzərinə götürdüyü öhdəliyi- təhlükəsizlik zəmanətini yerinə yetirməsi üçün SBM xüsusi önəm daşıyır. Çünki Üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə Laçın dəhlizindən Azərbaycan ərazisinə hərbi texnika və sursat, terrorçular və qanunsuz yüklər daşınıb, ölkəmizin təbii sərvətləri talanaraq xaricə aparılıb.
"Laçın dəhlizi" terminin Üçtərəfli Bəyanatda izahı açıq verilib. Bu dəhliz vasitəsi ilə Dağlıq Qarabağla Ermənistan arasında əlaqə təmin edilir. Ancaq Üçtərəfli Bəyanat Rusiya Sülhməramlı Kontingentinin Azərbaycan və Ermənistan sərhədlərini mühafizə etmək haqqı vermədiyindən dəhliz termini ancaq RSK-nın nəzarətində olan hissəni əhatə edir. Bu hissədən kənarda Azərbaycanın dövlət sərhədi ilə bağlı məsələlər dövriyyəyə daxil olur. "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" qanun var. 9 dekabr 1991-ci ildə imzalanıb. Həmin qanunla dövlət sərhədi mühafizə edilir, sərhədboyu zolaq, sərhədboyu zona, sərhədboyu rejim kimi anlayışlar və mexanizmlər dəqiqləşdirilir. Qanunun 22-ci maddəsində deyilir:
"Sərhədboyu zonanın hüdudlarını müvafiq icra hakimiyyəti orqanı sərhədyanı rayonların ərazisində, yerli şəraitdən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir".
Eyni qanuna görə isə, sərhədboyu zolağın eni 1 kilometrə qədər ola bilər.
Beləliklə, Ermənistanla sərhədin Laçın rayonundan keçən hissəsində sərhəd rejimi, sərhəd zonası və sərhəd zolağı ilə bağlı qaydalar müəyyən edilməlidir. Fəqət, indi mövcud olan hüquqi-normativ aktlara görə də, RSK-nın postları sərhəd zonasına girməməli, giribsə, geri çəkilməlidir.
Bəs, SBM- dən kimlər keçə bilər?
Bir qədər yuxarında Üçtərəfli Bəyanatın 6-cı maddəsini təqdim etdik. Yenidən həmin maddəyə dönək: "Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir".
Diqqətinizi "vətəndaşlar" termininə çəkmək istəyirəm.
Azərbaycan Konstitusiyasının 52-ci maddəsində deyilir:
"Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır".
Hüquqi baxımdan "vətəndaş" və "hər kəs" ifadəsi eyni mənada işlənmir.
Üçtərəfli Bəyanata görə, tərəflər- Azərbaycan və Ermənistan Respublikalarıdır ("Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası..."), Rusiya isə sülhməramlı dövlətdir. Başqa sözlə, Laçın dəhlizindən HƏR KƏS deyil, ancaq tərəf dövlətlərin, yəni Azərbaycan və Ermənistan Respublikasının vətəndaşları keçid üçün istifadə edə bilərlər.
Ermənistan vətəndaşları ilə bağlı qanunun tələbləri açıqdır. Yuxarıda xatırlatdığımız "Sərhəd qanunu"na görə, respublikamızın dövlət sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd və gömrük nəzarəti həyata keçirilir. Xankəndiyə, Ağdərəyə gəlmək istəyənlər kontrol ediləcək, sənədlərində və şəxsiyyətlərində (məsələn, beynəlxalq axtarışda deyilsə) bir problem olmazsa, yoluna davam edəcəklər. Ancaq, tutalım, hərbi çağırışçılar və ya rütbəlilər saxta sənədlərlə və ya terrorçuluq fəaliyyətində iştirak etmək üçün ərazilərimizə soxulmağa çalışacaqlarsa, Azərbaycan qanunlarının sərt üzünü görəcəklər.
Məlum olduğu kimi, Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparıb, beynəlxalq hüquqda "müharibə cinayəti" kimi tanınan əməllər törədərək həm öz vətəndaşlarını, həm də əcnəbiləri Qarabağda yerləşdirib, həmçinin Qarabağdakı erməni mənşəli şəxslərə öz pasportunu paylayıb. Beləliklə, Laçın SBM-də xidmət aparan səlahiyyətli şəxslərin "Ermənistan Respublikasının vətəndaşı" pasportuna malik fərdləri çeşidləməsinə ehtiyac yaranır. Azərbaycan Respublikasının ərazisində doğulmuş və yaşayan şəxslər belə bir pasport daşıyırsa, o zaman sənədin hansı səbəbdən verildiyi yoxlanılmalı və pasportun sahibi müharibə cinayətinin törədilməsində şübhəli bilinərək saxlanılmalıdır.
Odur ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinə müraciət edərək Qarabağda daimi yaşayan və o cümlədən işğal dövründə qanunsuz məskunlaşdırılan erməni mənşəli şəxslərə verdikləri pasportların ləğvini tələb etməli, bunun SBM-də doğuracağı nəticələr barədə İrəvana indidən xəbərdarlıq olunmalıdır.
Müvafiq qanunvericiliyə görə, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən KƏNARDA vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Bu vahid sənədə malik olmayan şəxslər Azərbaycan sərhədindən keçərək ölkədən çıxa və ölkəyə qayıda bilməzlər. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanuna əsasən isə, Azərbaycan Respublikasının ərazisində vətəndaşlarımızın şəxsiyyətini təsdiq edən sənəd şəxsiyyət vəsiqəsidir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Fəqət indiki halda Qarabağda yaşayan erməni mənşəli şəxslər Azərbaycan pasportuna sahib deyillər və onların şəxsiyyəti AR-nın şəxsiyyət vəsiqəsi ilə də təsdiq olunmayıb. Əlbəttə, buna uzun müddət göz yummaq olmaz, əks halda, quraşdırılan SBM-nin heç bir funksional əhəmiyyəti ola bilməz.
Bəli, Qarabağdakı erməni mənşəli şəxslərin vətəndaşlıq, şəxsiyyət vəsiqəsi və pasport məsələlərinin dövlətimiz tərəfindən həll olunması üçün hüquqi baxımdan yaxşı baza mövcuddur. Azərbaycan SSR-də anadan olmuş və daimi yaşamış şəxslərin (doğum şəhadətnamələri və pasportlar əsasında), onların hazırda ərazilərimizdə daimi yaşayan varislərinin dövlətimizlə hüquqi bağ qurması Ana Yasamızın və qanunlarımızın, o cümlədən beynəlxalq konvensiyaların tələbidir. Bu tələblərlə bağlı hüquqi mexanizmlər bir başqa məqalənin mövzusudur. Fəqət Üçtərəfli Bəyanata əsasən iki münaqişə tərəfindən birinin- Azərbaycanın və Ermənistanın vətəndaşı olmayan şəxs Laçın dəhlizindən istifadə edə və dövlət sərhədindən adlaya bilməz. İndi Azərbaycan sərhədçilərinin, gömrükçülərinin və pasport yoxlanışı həyata keçirən şəxslərin üzərinə düşən Bəyanatın bu tələbinə uyğun olaraq vətəndaşlığı olmayan şəxslərin hərəkətini dayandırmaqdır.
Taleh ŞAHSUVARLI