İslam tarixini Mehmet Azimli kimi araşdırmaq...

Müsəlman dünyasının vacib rituallarından olan Qurban bayramı günlərini yaşayarıq. Mən özümü Azərbaycanlı, Türk və Müsəlman sayıram, bununla belə, birmənalı şəkildə sekulyar və pozitivist elmi dünyagörüşün tərəfdarıyam. Çox təəssüf ki, bütün dinlər kimi bizim dinimiz də özünü sorğulatmaq və çağdaşlaşmaq istəmir. Bu da insanların son nəticədə deizmə və ateizmə meyl etməsinə səbəb olur. Əgər diqqət etdirsinizsə, bu tendensiya bütün dünyada ildən-ilə artmaqdadır. Fərdlərin etiqadı və vicdani tərcihləri enində-sonunda özlərinə məxsusdur. Heç kimin əqidə müffətişi deyiləm və olmaq da istəmirəm. Odur ki, təəssüfüm tamam başqa səbəblərə bağlıdır.

Din xalqların xarekterini və ruhunu formalaşdırdığından, tarixi ideoloji sistemin əsas mühərriki olduğundan cəmiyyətlərin dominant dindən radikal qopuşu milli şüuru zədələyir. Əsla danmaq mümkün deyil ki, müstəqil Azərbaycan dövlətini meydana çıxaran iradə 1918-ci ildə Qafqaz Müsəlmanları Qurultayında ortaya qoyulub. Azərbaycan Xalq Cümhuriyyətini elan edən Milli Şuranın rəsmi adında "İslam" termini olub. Azərbaycan əraziləri uğrunda ötən əsrin əvvəllərində apardığımız savaşlar "erməni-müsəlman davaları" adlanıb. Odur ki, Azərbaycanda tarixən formalaşmış islam cərəyanlarının hər biri milli identifikasiyamızın və dövlət kimliyimizin önəmli hissəsidir. İslam bayrağımızın üç rəngindən biridir və böyük bir ərazini əhatə edən dövlətlər xəritəsi ilə təbii müttəfiqliyimizin açarıdır.

Təxminən yarım aydır ki az qala hər gün Youtube üzərindən qardaş Türkiyənin çox ciddi bir elm adamını- ilahiyyatçı və tarixçi Mehmet Azimlini izləyirəm. Hoca ərəb dilini mükəmməl bilməklə İslamın yaranış dövrünü tədqiq edir. Xeyli sayda kitabı var, ilk fürsətdə əldə edib bir-bir oxumağa çalışacam. Mehmet Azimli danışdıqca hədsiz sevincə qərq oluram. Çünki dini mövzularda o, çağdaş dildə- "pozitiv elmin qrammatikası" ilə danışır!

Mehmet Azimli

Nə demək istədiyimizi bir balaca izah edim.

Mən bir şiəyəm. Bilincim pozitivist olsa da, bilinc altında şiə kodları daşıyıram. Daşıdığım kodları yaradan çoxəsrlik ideoloji sistem islam peyğəmbəri Hz. Məhəmmədin əmisi oğlu və kürəkəni Hz. Əlini qutsallaşdırıb. Bu qutsallıq onun 11 varisinə də aid edilib. İslam tarixində qutsallaşdırılanlar, elmi müzakirədən uzaq tutulanlar təkcə şiə imamları deyil. Peyğəmbərin səhabələri və qurduğu ərəb dövlətinin başına ondan sonra keçən xəlifələr də ən azından günahlardan arındırılıb və kultlaşdırılıb. Nəticədə tarixi olaylar hər iki cinah tərəfindən təhrif edilib. Ortamı yumşaltmaq istəyənlər, din tarixçisi Mehmet Azimlinin çox sərrast ifadə etdiyi kimi, "Hz. Əli haqlı idi, amma Əbubəkr, Ömər, Osman da haqsız deyildi" kimi tezislərə sığınmalı olublar. Gerçək tarixçilik isə, hər hansı dövrün fotoşopunu hazırlamaq deyil, fotosunu çəkməkdir. M. Azimli məhz bu işlə məşğul olur və bütün ideolojiləri, fotoşopları, önyarğıları, haqq qazandırmaq cəhdlərini bir kənara qoyub pozitiv tarix elminin prinsip və metodları ilə gerçəkləri üzə çıxarır, təqdim edir. Bu da bizim kimi "inanmaq yox, bilmək istəyirəm" deyənlərə İslamın təşəkkül etdiyi son dərəcə önəmli, maraqlı, zəngin bir dövrün şəxsiyyətlərini və proseslərini obyektiv tanıdır. Necə deyərlər, tarixdən ibrət almağımıza vəsilə olur. Bu ibrət isə, bizə olduqca çox lazımdır.

Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra cəmiyyətimizə üç istiqamətdən dini-ideoloji basqı edildi. Ölkəmizə Səudiyyə Ərəbistanından sələfilik, İrandan Xomeyniçilik və Türkiyədən sonradan terrorçu çətə lideri sayılan Fətullah Gülənin "nurçuluğu" ixrac edildi. Adnan Oktarçılıq, Bəhailik və s. sektalar da fəallaşdı, amma onlar ciddi təşkilatlana bilmədilər. Hər birinin iddiası bizə "əsl dini öyrətmək" adı altında öz iqtidasi-siyasi maraqlarını təmin etmək, hətta dövlətimizə qarşı təzyiq rıçaqları formalaşdırmaq idi. Azacıq düşünən hər kəsə bəllidir ki, bu qeyri-ənənəvi cərəyanlar bizim milli tərəqqi modelimizə tamamilə ziddir və əsla cəmiyyətimizə fayda verə bilməz. Niyə?

Bizi erkən islamdan üç əsas amil ayırır.

Birincisi, biz fərqli coğrafiyanın insanlarıyıq. Məkkə və Mədinə kimi islamın beşiyi olan şəhərlərin yerləşdiyi Hicaz bölgəsi ilə Azərbaycanın relyefi, iqlimi, flora və fanunası tamamilə fərqlidir.

İkincisi, biz ilk müsəlmanlardan çox fərqli zamanlarda yaşayırıq. Avtomobilə minir, kosmik raketlərlə kainatı tədqiq edir, dronlarla savaş aparırıq.

Üçüncüsü, biz fərqli toplumuq. Bizi bir araya gətirərək "azərbaycanlı" etmiş tarixi-mədəni amillərlə islamı institutlaşdıran erkən orta çağ ərəb icmalarının dəyərlər sistemi tamamilə fərqlidir.

Bu 3 əsas amil bizim Yaradana olan baxışlarımızı 7-ci əsrdə quldarlıqdan feodalizmə keçid mərhələsini yaşayan ərəblərin həyat tərzini və doqmalarını cəmiyyətimizə aşılayanlardan, gerçək tarixi şəxsiyyət olub-olmadığı mübahisəli olan Mehdinin zühurunu bəhanə edib fars şovinizminə dini məzmun verənlərdən, öz risalələrinin ərşi-əzəmdən endirildiyini iddia etməklə mətnlərini Quran, fərdi statusunu Peyğəmbərlə birbaşa və ya dolayı yollarla eyniləşdirənlərdən ayırır. Bizim üçün islam konstitutsional və sekulyar dövlət sistemimizin içində vicdan azadlığı kimi yaşanan və tarixi filtirdən keçmiş öyüdlərdir. Bu öyüdlərə əməl etməyi və etməməyi kimsə kimsəyə diktə edə bilməz.

Hz. Məhəmməd bir neçə günlük inzivadan qayıdıb yaxınlarına Cəbrayılla təmas qurduğunu bildirdikdən və bu xəbər Məkkədə yayıldıqdan sonra onun peyğəmbərliyinə ilk növbədə öz əqrabaları qarşı çıxmışdı. Məkkəyə hakim olan soydaşları Hz. Məhəmmədin Allaha şərik qoşmamaq çağırışına qarşı çıxmaqla ilk növbədə öz iqtisadi maraqlarını qorumağa çalışırdılar. Belə ki, heç də iddia edildiyi sayaq çoxəsrlik tarixə malik olmayan və hətta qədim dövr xəritələrində, yeni eranın başlarından bəhs edən yazılı mənbələrdə adına belə rast gəlinməyən Məkkəyə çeşidli ərəb qəbilələri qurbanlıq heyvanlar gətirib kəsirdi. Bu, şəhər əhalisinin ticarətdən qazancını və ərzaqını təmin edirdi. İslamdan öncə mövcud olan İbrahim və İsmayıl miflərinə istinadən Həcc və qurban kimi ərəb ənənələri saxlanıldı. İslamın daha geniş coğrafiyaya yayılması isə, ilk başlarda Cəbrayılın gətirdiyi ismarıcların onları aclıq təhlükəsi ilə üz-üzə qoyacağını zənn edən ərəblərə böyük qazanc yeri yaratdı. Budur, hər il "Hacı" titulu qazanmaq istəyən milyonlarca müsəlman Ərəbistana üz tutur. Orada qurbanlar kəsilir, şeytanlar daşlanır və nədənsə Allah-Təala milyardlarla insanın duasını qəbul edib protein qıtlığı çəkən müsəlman ölkələrinə bolluq və firəvanlıq nəsib etmir.

Yanlış anlaşılmasın, insanların Həccə getməsinin, qurban kəsməsinin əleyhinə deyiləm. Doğmalarım, yaxınlarım da zaman-zaman qurban kəsir, mən də "Allah qəbul etsin" deyib özümü verirəm manqalın qırağına. Tarixi yerləri görmək və islam inancının doğulduğu şəhərlər haqqında bilavasitə təsəvvür əldə etmək üçün Məkkə və Mədinədə olmaq istəyərəm. Bir şiə kimi imamların məzarını ziyarət etmək də arzumdur. Səfəvi şeyxlərinin, Şah İsmayılın məqbərəsini görmək də, Altay dağlarına boylanmaq da, moğol-qıpçaq çöllərinin yovşanını qoxlamaq da planlarım daxilindədir. Amma mən ildə bir dəfə qurban kəsməklə nə dünyada səfalətin aradan qalxacağına inanıram, nə də qonşusunda təhsil haqqını ödəyə bilməyən tələbənin probleminə laqeyd yanaşıb Ərəbistana şeytan daşlamağa gedənlərin ilahi kəlama qulaq vermiş olduğuna...

Azərbaycanın təbii şərtləri kiçik və iri buynuzlu mal-qara saxlamaq üçün əlverişlidir. Təkcə Laçın və Kəlbəcər bölgəsində hər il milyonlarla baş heyvan yetişdirmək, bununla həm insanlarımızın protein ehtiyacını qarşılamaq, ətin, südün, yunun qiymətini daxili bazarda ucuzlaşdırmaq, həm də xaricə satıb maddi rifahımızı gücləndirmək mümkündür. Mənə elə gəlir ki, biz sözün bütün mənalarında "kəsən" yox, yaradan, yetişdirən, istehsal edən müsəlman olmalıyıq. Bunun üçün isə bircə yol var:

POZİTİV ELM!!!

Bizim "əsl islamı" yox, pozitiv elmi öyrənməmiz lazımdır.

Pozitv elmi dünyagörüşə hakim olan cəmiyyət öz dininin tarixini də, mahiyyətini də özü kənar təsir olmadan birbaşa öyrənəcək.

Taleh ŞAHSUVARLI