- Redaktor masası
- 10:51
- 3 627
Vahid məktəbli forması: məktəb nə klubdur, nə də mədrəsə!
İdrak liseyində açılan atəş ictimai diqqəti təhsil sisteminə cəmlədi. Baş verən hadisənin kökündə müəllim-şagird konflikti dayanır. Bu konflikt öz məğzinə və təzahürlərinə görə çoxşaxəlidir. Zaman-zaman məsələnin kökü barədə müxtəlif şərhlər təqdim etmişik. Bir daha təkrarlamalı olsam, təhsil, müəllim və şagird məktəbə qayıtmalıdır. Məktəb isə ancaq nizam-intizam güclü olanda öz məqsədinə çata, pozitiv elmi bilikləri nəsildən-nəsilə ötürə bilər. Pozitiv elm dindən ayrılmış, yalnız empirik müşahidəyə, təcrübəyə və rasional düşüncəyə əsaslanan biliklər məcmusudur. Odur ki, Azərbaycan Konstitusiyasının dövlətin dindən ayrıldığı, təhsil sisteminin isə dünyəvi olduğu xüsusi vurğulanır.
Deməli, orta məktəblərdə vahid məktəb formasına keçid təkcə estetik və ya intizamla bağlı məsələ sayılmamalıdır. Bu, birbaşa uşaq hüquqları, dünyəvi təhsil prinsipi və şagirdin azad inkişaf mühiti ilə əlaqəli mövzudur. Zənnimcə, vahid məktəbli formasının tətbiqi ilk növbədə ona görə zəruridir ki, məktəb neytral ictimai məkan olmalıdır. Heç kimə sir deyil ki, məktəb uşaqların ailədən kənarda əsas sosiallaşma mühitidir və fərdi kimliyi məhz burada formalaşır. Şəxsiyyətin formalaşma prosesi heç bir ideoloji, siyasi, dini və ya sosial təzyiq altında baş verməməlidir. Vahid forma şagirdi ailədaxili və ya icma mənşəli təsirlərdən qismən də olsa ayıraraq, onu bərabər hüquqlu təhsil subyekti kimi qoruyur.
İkinci mühüm məqam bərabərlik prinsipidir. Fərqli geyimlər sosial statusu, ailənin dünyagörüşünü və maddi vəziyyətini açıq şəkildə nümayiş etdirir. Bu isə məktəb mühitində ayrımçılıq, psixoloji təzyiq və etiketləmə yaradır. Vahid forma uşaqları “kimin kim olduğu” müzakirəsindən uzaqlaşdıraraq, diqqəti əsas məqsədə - təhsilə yönəldir.
Daha həssas və çox zaman açıq şəkildə deyilməyən, amma real olan məsələ isə uşağın müxtəlif təlqinlərlə dinə yönləndirilməsidir. Fərdin öz həyat obrazını müəyyənləşdirməsi üçün bəlli mövzularda biliyə və həyat təcrübəsinə ehtiyacı var. Şagird təsəvvürləri və hələ tam formalaşmamış şəxsiyyət nəyi və niyə seçdiyini tam dərk etmir. Deməli, qız uşaqlarının dini geyim tərzinə üstünlük verməsi heç də azadlıq deyil. Azadlığa istənilən müdaxilə isə uşaq hüquqları pozuntusudur. Vahid məktəbli forması bu nöqtədə profilaktik mexanizm rolunu oynayır. O, nə dini inancı qadağan edir, nə də ailənin etiqadına müdaxilə edir. Sadəcə məktəb mühitində uşağın ideoloji neytrallığını təmin edir və “uşaq - valideyn ideologiyasının daşıyıcısıdır” yanaşmasının qarşısını alır. Eləcə də məktəbə açıq-saçıq geyimdə gəlmək, yaşından tez kosmetikadan istifadə etmək istəyənlərə “olmaz” deyilir.
BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında deyilir:
“Öz dininə və ya məzhəbinə etiqad etmək azadlığına yalnız elə məhdudiyyətlər qoyula bilər ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin mənəviyyatının və sağlamlığının qorunması və ya digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi üçün zəruridir”
Bu müddəa uşaqların din və etiqad azadlığının mütləq olmadığını, onun ictimai maraq və digər şəxslərin hüquqları ilə balanslaşdırıldığını aydın şəkildə göstərir.
Konvensiyanın bu bəndinə görə, uşaqların öz dininə və ya məzhəbinə etiqad etmək azadlığı yalnız üç əsas şərtlə məhdudlaşdırıla bilər:
Birincisi, məhdudiyyət mütləq qanunla müəyyən edilməlidir. Yəni bu, şəxsi yanaşma, inzibati istək və ya subyektiv qərar ola bilməz. Hüquqi əsas olmadan hər hansı müdaxilə yolverilməzdir.
İkincisi, məhdudiyyət legitim məqsəd daşımalıdır. Konvensiya bu məqsədləri açıq şəkildə sadalayır: dövlət təhlükəsizliyi, ictimai qayda, əhalinin mənəviyyatı və sağlamlığı, eləcə də digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi. Siyahının qapalı olmaması dövlətlərə geniş səlahiyyət vermir, əksinə, müdaxilənin ictimai zərurətə əsaslanmasını tələb edir.
Üçüncüsü isə, məhdudiyyət zəruri və proporsional olmalıdır. Yəni dövlət ən sərt yox, məqsədə çatmaq üçün sadə və effektiv vasitəni seçməlidir. Azadlığın özü deyil, onun müəyyən formaları və konkret təzahürləri tənzimlənə bilər.
Konvensiyanın şərhinə görə, uşağın din azadlığı valideynin dini azadlığının avtomatik davamı kimi qəbul edilə bilməz. Əgər dini davranış uşağın fiziki, psixoloji və sosial inkişafına zərər vurursa və ya onun azad seçim imkanlarını məhdudlaşdırırsa, dövlətin müdaxilə etməsi Konvensiyaya zidd deyil, əksinə onun tələbidir.
Taleh ŞAHSUVARLI