- Redaktor masası
- 18:56
- 1 560
Mətbuat Şurasında ictimai müzakirə keçirildi
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunu layihəsinin ictimai müzakirəsi keçirilib.
MŞ sədri Rəşad Məcid Şuranın İdarə Heyəti üzvlərinin, baş redaktorların, media ictimaiyyəti təmsilçilərinin qatıldıqları toplantını açaraq bildirib ki, sözügedən qanunvericilik təşəbbüsləri, ilk növbədə, Azərbaycanın hüquqi bazasının zənginləşdirilməsinə töhfədir. İkincisi, məsələ cəmiyyətdə məsuliyyət mexanizmlərinin genişləndirilməsini nəzərdə tutur ki, bu da müsbət haldır. Çünki virtual məkanın cəzasızlıq, hətta, bəzən özbaşınalıq mühiti kimi təsəvvürə gətirilməsi tendensiyası hiss olunmaqdadır. Mövcud tendensiya və ondan irəli gələn hərəkət və davranışlar isə həm informasiya təhlükəsizliyinə təhdid yaradır, həm də mənəvi baxımdan bir sıra problemlər doğurur. Təcrübə göstərir ki, belə problemlərin gərginlik formalaşdırma ehtimalı var.
Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Şuranın Sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli bildirib ki, sosial media platformalarında qeyri-etik hərəkət və davranışlar məsələsi cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Bu hərəkət və davranışların uşaqlar tərəfindən edilməsi isə daha fəal diskussiya predmetinə çevrilməkdədir. Əsas məqam isə uşaqların və yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulmasıdır.
H.Heydərli vurğulayıb ki, təklif edilən dəyişikliyin məğzi 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə icazə verilməməsi, 16-18 yaşlı uşaqlara müəyyən məhdudiyyətin tətbiqi ilə bağlıdır. Təbii, bu məhdudiyyət və qadağa daha çox fərdi səciyyə daşıyır. Yəni, ilk növbədə, hər bir valideyn duruma nəzarət etməlidir. Ancaq sosial şəbəkələrin özlərinin də məsuliyyəti yükü var. Onlar yayılmış mənfi kontentə görə cavabdehdirlər: “Əlbəttə, sosial şəbəkə böyük məhfumdur. Azərbaycanda geniş istifadəçi kütləsinə malik ən aktiv beş-altı sosial şəbəkə var. Dünən Medianın İnkişafı Agentliyinin təşkil etdiyi ictimai müzakirədə də daha çox söhbət uşaqlar üçün zərərli vərdişlərin olduğu sosial şəbəkələrdən getdi. Başlıca məqam mexanizmlə bağlıdır. Qanunvericilik sosial şəbəkələri, provayderləri məhz bu baxımdan məsuliyyətə çağırır”, - deyən H.Heydərli çıxışında bəzi xoşagəlməz hallara da diqqət çəkib, dəyişikliklərin onların minimallaşdırılmasında əhəmiyyətli rol oynayacağına inandığını bildirib.
MŞ İdarə Heyətinin üzvü, “Technote” şirkətinin direktoru Fərid Pərdəşünas çıxışında deyib ki, sosial mediadakı xoşagəlməz durumlarla mübarizə bütün dünyanı düşündürən məsələdir. O cümlədən, uşaqların bu məkanda təmsilçiliyinə həssas yanaşılır və həm də məhz buna görə ayrı-ayrı ölkələr tərəfindən mexanizmlər tətbiq olunur. Lakin bu mexanizmlər konkret cəmiyyətlərə fokuslanır, ümumi mahiyyət daşımır. Belə bir vəziyyətdə ölkələr özləri fərdi qaydada qanunvericilik təşəbbüsləri irəli sürürlər. Müzakirəsi aparılan mövzu da həmin təşəbbüslərin birinə həsr olunub və son dərəcə faydalıdır. Ona görə ki, qanunvericiliyə dəyişiklik sosial şəbəkələr müstəvisində məsuliyyət mühiti üçün, bir növ, alt baza rolunu oynayır: “Burada elə başa düşülməməlidir ki, söhbət hansısa total qadağadan gedir. Əsas məsələ problemli durumun formalaşacağı təqdirdə, həmin durumun hüquqi baxımdan mübahisələndirilməsinin mümkünlüyüdür. Qanunvericiliyə dəyişiklik məhz bunu rəhbər tutur. Çünki bu mübahisələndirilmə olmadıqda, hüquq pozuntuları adiləşə bilər. Belə vəziyyət isə cəmiyyət üçün əlavə gərginlik yüküdür. Dövlətin vəzifəsi bu cür xoşagəlməz durumların yaranmasına imkan verməmək, yaxud onların dərhal qarşısını almaqdır. Deməli, bunun üçün mexanizmin olması da şərtdir”.
Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini Səadət Məmmədova, “Manset.az” saytının redaktoru Əli Vəliyev, veteran jurnalistlər Aida Eyvazova və Müsəllim Həsənov, “Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, müstəqil jurnalist Sara Əzimova və başqaları sosial media platformalarının cəmiyyət həyatına virtual deyil, real şəkildə nüfuz etdiyini və mövcud vəziyyətin qanunvericilik müstəvisində də təsbit olunmasının vacibliyini əsaslandırıblar. Onlar bu baxımdan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunu layihəsinin əhəmiyyətini yüksək qiymətləndiriblər. Natiqlər, həmçinin, layihənin məsuliyyət hissinin dərinləşməsinə töhfə olacağına əminliklərini ifadə edib, sosial şəbəkələrlə bağlı bəzi digər məsələlərin tənzimlənməsi üçün istər maarifləndirici tədbirlərin görülməsinin, istərsə də hüquqi və institsional addımların atılmasının zəruriliyinə diqqət çəkib, konkret misallar üzərində dayanıblar.