• Fanat
  • 31 İyul 2019 14:46
  •  676

Transfer olunan futbolçuların adları açıqlandı - Siyahı

Komandalar arasında yay transfer pəncərəsində heyətinə ən çox futbolçu cəlb edən “Atletika Madrid” olub

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə vəsiqəni artıq təmin etmiş 26 komanda yeni mövsümə ciddi hazırlaşır.

UEFA-nın saytına istinadla xəbər verilir ki, komandalar arasında yay transfer pəncərəsində heyətinə ən çox futbolçu cəlb edən “Atletika Madrid” olub. Heyətindən ən çox futbolçu göndərən komandalar arasında isə liderlik “Çelsi”yə məxsusdur.

“Atletiko Madrid” klubu heyətinə 10 futbolçu cəlb edib. Klub yay transfer pəncərəsində Mario Hermoso, Kieran Trippier, Felipe, Hektor Herrera, Joao Feliks, İvan Şaponjiç, Nikolas İbanez, Markos Lyorente, Renan Lodi, Alvaro Morata ilə müqavilələr imzalayıb. “Atletiko Madrid” bununla yanaşı, 9 futbolçunu - Lukas Hernandez, Dieqo Qodin, Xuanfran, Aksel Verner, Lusiano Vietto, Gelson Martins, Rodri, Antuan Qrizma və Filipe Luis ilə vidalaşıb.

Yay transfer dönəmində cəmi bir futbolçunu – “Real Madrid”dən Mateo Kovaçiçi heyətinə qatan “Çelsi” isə 14 oyunçu ilə yollarını ayırıb. Eduardo, Eden Hazard, Kilian Hazard, Ola Aina, Qari Kahil, Rob Qrin, Alvaro Morata, Marsin Bulka, Ethan Ampadu, Cey Dasilva, Tomaş Kalas, Deyşon Redan, Ceyk Klarke-Salter və Luis Beyker komandanın heyətini tərk ediblər.

Turnirin sonuncu qalibi olan “Liverpul” isə heyətinə cəmi iki futbolçunu - Harvey Elliott və Sepp van den Berqi cəlb etdiyi halda 8 nəfərlə yollarını ayırıb. Belə ki, Daniel Starridc, Alberto Moreno, Adam Boqdan, Danni İnqs, Şeyi Oco, Rafael Kamaço, Marko Qrujiç və Ben Vudbörn klubdan ayrılıblar.

Avropanın böyük klublarından “Barselona” yay transfer pəncərəsində Frenki de Yonq, Emerson, Neto, Antuan Qrizman və Marc Kukulyera, “Bavariya” isə Lukas Hernandez, Benjamin Pavard və Yan-Fiete Arp ilə heyətini gücləndirib. “Yuventus” isə bu müddətdə Aaron Remsi, Luka Pelleqrini, Adrien Rabiot, Cianluici Buffon, Merih Demiral və Mathiys de Liqti heyətinə cəlb edib.

İstanbulun “Qalatasaray” klubu da UEFA Çempionlar Liqasında yeni mövsümə ciddi hazırlaşıb. Yay fasiləsində 8 futbolçunu transfer edən klub 4 nəfərlə də vidalaşıb. İstanbullular Rayan Babel, Laventin Ozornvafor, Adem Büyük, Şener Özbayraklı, Cimmi Durmaz, Jan Mişel Seri, Okan Koçuk, Kristian Luyindamanı heyətinə qatıb. Klub Eren Derdiyok, Sinan Gümüş, Fernando və Mujdat Çelik ilə yollarını ayırıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkü avqustun 29-da atılacaq.

Azərbaycanı bu turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu bu gün ikinci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın “Dandulk” komandası ilə cavab qarşılaşmasına çıxacaq. İlk oyunda ağdamlılar 1:1 hesablı heç-heçəyə nail olublar. “Dalğa Arena”da keçiriləcək cavab matçı saat 21:00-da başlayacaq. (Azərtac)