Milli Məclisin deputatı Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanın son günlərdəki davranışlarına hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib. Milli Məclisin deputatı Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanın son günlərdəki davranışlarına hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib.

Deputatdan Baş prokurora müraciət – İlhamə Quliyeva ilə bağlı

Milli Məclisin deputatı Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanın son günlərdəki davranışlarına hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib.


Bu barədə AzNews.az-a deputat özü məlumat verib.

Ç.Qənizadənin sözlərinə görə, keçmiş köməkçisi Mehriban Hüseynovanın İlhamə Quliyeva haqqında Bakı İstintaq Təcridxanasından mətbuata ünvanladığı müraciətdə kifayət qədər ciddi faktlar var: "Bir hüquqşünas kimi demək istəyirəm ki, Mehriban Hüseynovanın videoda İlhamə Quliyeva tərəfindən vaxtı ilə diz çökdürülərək, onun şəxsiyyətinin, ləyaqətinin alçaldılması, təhqir edilməsi qatı cinayət faktıdır. Bu videogörüntü birbaşa olaraq cinayət məsuliyyəti yaradır. Hadisə özlüyündə Azərbaycan Respublikasının qanunvericiliyi ilə cinayət məsuliyyəti anlayışına əsaslanır. Təbii ki, belə olan halda hər bir şəxs cinayət məsuliyyəti daşımalıdır",

Deputat bildirib ki, Mehriban Hüseynova İlhamə Quliyevanın oğlunun dostu olan şəxs tərəfindən əsasız şəkildə verilən ifadə əsasında həbs edilib: "İlhamə Quliyevanın keçmişi və bu günü qaranlıq olan oğlunun Vüqar adlı dostunun bir ifadəsi ilə Mehriban Hüseynova tutulub. Bu, yolverilməzdir. Bu gün biz elə bir ölkədə yaşayırıq ki, hər bir məsələyə kifayət qədər ciddi və hüquqi qiymət verilməlidir".

Çingiz Qənizadə məsələ ilə bağlı şəxsən Baş prokuror Zakir Qaralova müraciət ünvanlayacağını deyib: "Bu adam gah prezidentin, gah şəhərin polis rəisinin, gah da müxtəlif yüksək vəzifəli şəxslərin adından danışır. Deyir ki, "mən onlarla dostluq edirəm. Kimsə mənə nəsə desə, götürüb zəng edərəm, başına oyun açdıraram".

Buna görə də, Mehriban Hüseynovanın mətbuata açıqladığı faktlar İlhamə Quliyevanın haqqında hüquqi ölçü götürülməsinə ciddi əsaslar verir. Bunlar mütləq araşdırılmalıdır.

Bu məsələ ilə bağlı mən bu gün hörmətli Baş prokuror Zakir Qaralova müraciət edəcəyəm. Mehriban Hüseynovanın da müraciətinin öz müraciətimə əlavə edəcəyəm. Cənab Baş prokurordan xahiş edəcəyəm ki, bu məsələni şəxsi nəzarətinə götürsün.

Müraciətimdə söyləyəcəyəm ki, əgər hüquq və qanun imkan verirsə, Mehriban Hüseynova haqqında olan həbs qətimkan tədbiri istintaqın sonuna qədər dəyişdirilsin, azadlığa buraxılsın. Çünki Mehriban Hüseynova şəhid bacısıdır, ailəlidir, uşaq anasıdır.

Buna görə də bir nəfərin ifadəsi ilə bir qadının tələm-tələsik həbs edilməsi yolverilməzdir".

Millət vəkili İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın keçmiş davasından da söz açıb: "İlhamə Quliyevanın dişində artıq şirə qalıb. O, Nazpəri Dostəliyevanın heç bir qanun pozuntusu olmadan ifadə etdiyi fikirlərə görə hansısa vasitələrlə məhkəmədə cərimələdib 25 min manat pul aldı. İlhamə Quliyeva deyirdi ki, guya o vaxt aldığı 25 min manatı uşaq evinə göndərəcək. Amma onun çıxışlarından görünür ki, elə İlhamə Quliyeva bu yolun yolçusudur. Onun insanları haqsız yerə, heç bir əsas olmadan məhkəməyə verib onlardan pul qopartmaq istəyi var.

Artıq görünür ki, İlhamə Quliyeva başqa sənətçilərimizi və digər sahədə olan insanlarımızı da bu yollarla qorxudub, onlardan pul alıb yerdə qalan ömrünü bu cür yaşamaq istəyir".

Çingiz Qənizadənin qənaətinə görə, İlhamə Quliyeva son illərdə mətbuatda etdiyi çıxışlara görə, insanlara qarşı təhqir, təhdid, şantaj dolu hərəkətlərinə görə mütləq cavab verilməlidir: "Mən hüquqşünas Aslan İsmayılovun da İlhamə Quliyeva haqqında səsləndirdiyi fikirlərinə tam şərikəm. Məndən öncə də millət vəkillərimiz Jalə Əliyeva da, Nizami Cəfərov bu barədə fikirlər bildiriblər.

Belə hesab edirəm ki, xalq artisti adını daşıyan insanlar cəmiyyət qarşısında açıq-saçıq, tərbiyəsiz, təhqiramiz ifadələrlə davamlı şəkildə nümayiş olunurlarsa, bu, artıq cəmiyyətə, dövlətə, xalqa qarşı olan ən böyük hörmətsizlikdir.

Onlara verilən titullar, adlar məsələsinə mütləq baxılmalıdır. Buna görə mən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin "biz bu işlərə qarışmırıq" fikri ilə qəti şəkildə razı deyiləm. Onlar bu işlərə qarışmalıdırlar. Çünki onlar "xalq artisti" adını hansısa təqdimatlar əsasında həmin layiq olmayan insanlara veriblər. Buna görə də bu təqdimatları verən vəzifəli şəxslər həmin insanların hərəkətlərinə də qiymət verməlidirlər".