Bakıda iki “Mercedes“ toqquşdu - Video

Bakıda yol qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Nobel prospekti və Zığ şossesinin birləşdiyi yerdəki dairədə iki "Mercedes" toqquşub, maşınlardan biri daha sonra yolları ayıran zolağa çıxıb.

İlkin məlumata görə, "Mercedes"lərdən biri Nobel prospekti ilə Zığ şossesi istiqamətində hərəkətdə olub. Dairədən Ramiz Quliyev küçəsi istiqamətində hərəkət edən "Mercedes" əvvəlcə eyni markadan olan digər avtomobilə çırpılıb. Bundan sonra sürücü idarəetməni itirib və avtomobil yol nişanını aşıraraq yol ayırıcı zolağa çıxıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib. Bundan başqa, zolağa çıxan "Mercedes" elektrik naqillərini də zədələyib, piyadalar və avtomobillər üçün təhlükəli vəziyyət yaranıb.

Faktla bağlı əlaqədar müvafiq qurumlara məlumat verilib, elektrik naqillərinin təmiri üçün əraziyə briqada cəlb edilib. Qəza nəticəsində Nobel prospektində Zığ şossesi istiqamətində tıxac yaranıb.

Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparıblar. Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə baş inspektoru Yaqub Abdullayev bildirib ki, qəzaya Ramiz Quliyev küçəsi istiqamətində hərəkət edən, digər avtomobilə çırpıldıqdan sonra isə yol ayırıcı zolağa çıxan "Mercedes"in sürücüsü Rüstəmov Ramin Həsən oğlu səbəb olub. Faktla bağlı araşdırmalar davam etdirilir.