“MƏNİ HƏDƏLƏYİRLƏR Kİ, SƏSİNİ ÇIXARSAN SƏNİ ÖLDÜRƏRİK” “MƏNİ HƏDƏLƏYİRLƏR Kİ, SƏSİNİ ÇIXARSAN SƏNİ ÖLDÜRƏRİK”

Zorlanan məktəbli qızın anası Prezidentdən kömək istədi

“MƏNİ HƏDƏLƏYİRLƏR Kİ, SƏSİNİ ÇIXARSAN SƏNİ ÖLDÜRƏRİK”



Zərdab rayonu Alıcanlı kəndində məktəbli qızın ana olması haqda məlumat vermişdik.

Xatırladaq ki, məhz AzNews.az-ın ictimailəşdirdiyi bu olay bütün ölkədə böyük rezonansa səbəb oldu. Belə ki, əmisi oğlu tərəfindən zorlanaraq hamilə qalmış qız bunu hər kəsdən gizli saxlayıb, qarnındakı şişə və ağrılara görə valideynləri onu Zərdab Rayon Mərkəzi Xəstəxanasına gətirdikdən sonra isə hər şey hamıya bəlli olur.

Məktəbli qızın hamilə olduğu aşkarlanır və o, körpəsini dünyaya gətirir. Və sonradan həmin günahsız körpə Gəncə şəhərindəki Uşaq Evinə verilir, məktəbli qızla cinsi əlaqədə olan "əmioğlu" isə kənddən baş götürüb qaçır.

Sonradan baş vermiş bu tükürpədici həyat hekayətilə bağlı bəzən bir-birinə zidd informasiyalar yayılmağa başladı. Məktəbli ananın yaşı ilə bağlı müzakirələr isə daha çox mübahisələrə yol açdı. Kimisi qızın 13, kimisi isə 16 yaşının olduğunu təkid edirdi.

Biz AzNews.az olaraq bu olayla bağlı bütün müəmmalara son qoymaq məqsədilə həmin ailənin yaşadığı Zərdab rayonu Alıcanlı kəndinə yollandıq və həmin qızın anasını müsahibə verməyə razı saldıq. Beləliklə...


"Onu zorlayanda heç 16 yaşı tamam olmayıbmış..."


Məktəbli qızın anası Könül İsmayılova iki ayın içərisində 20 il qocaldığını deyir. Taleyinə vaxtsız, özü də zorlanaraq ana olmaq qisməti yazılan məktəbli qız isə sandığın üstünə yığılmış yükün arxasında gizlənərək, gah ağlayır, gah da dəftər, kitablarını vərəqləyirdi.

K.İsmayılovadan onu da öyrəndik ki, qızını zorlayan İsmayılov İsrail İsmayıl oğlu ilə həyat yoldaşı doğma əmi nəvəsidir.

Dərdli ana bu hadisənin baş verməsini həm də qızının fiziki cəhətdən normal olmaması ilə bağlayır:

- Qızım 6 aylıq doğulub. Buna görə də xəstədir. O, dünyaya gələndən bu günə kimi ayaq döymədiyim xəstəxana qalmayıb. O həkim sənin, bu həkim mənim. Qazancım həkimlərdə, xəstəxana yollarında töküldü. Başında bir az çatışmazlıq var, mədəsi də tez-tez köp verir, şişir, sonra çəkilir. Böyrəyində də zülal var. Yoldaşıma deyirdim ki, bu şiş qıza əvvəl-axır bir xəsarət yetirəcək. Dedim ki, gəl bunu həkimə aparaq. Yoldaşım da qayıtdı ki, "nəynən aparaq, qoy bu andır torpaq pulu verilsin sonra apararıq. Narahat olma".

Yarımçıq uşaqdır, yanından yel ötən kimi azarlayır. Biz də fikirləşirdik ki, qarnındakı şiş xəstəliyinin əlamətidir. Daha biz haradan bilək ki, bu bədbəxtin başına bıçaq dirənib. Ağzı bağlanılıb və yolun kənarındaca, zülm verilə-verilə zorlanıb. Dəhşətli bir hadisədir. Ana üçün bu dərdi danışmaq çox ağırdır. Təsəvvür edin ki, mən hər dəfə bu hadisəni xatırlayanda ölüb, dirilərəm.

- Qızınız zorlanarkən onun neçə yaşı olub?

- Uşaq doğulanda 16 yaşı olub. Amma onu zorlayanda heç 16 yaşı tamam olmayıbmış. İndi qız 10-cu sinifdə oxuyur. Bir gün eşitdik ki, bu, xəstələnib. "Ay mama, öldüm, böyrüm partladı" deyə özünə əl qatdı. Baxdım ki, ölür, dedik ki, yəqin kor bağırsağıdır. Biz onu kor bağırsaq xəstəliyi adı altında xəstəxanaya gətirdik. Əvvəlcə bir həkim baxdı, dedi ki, "bundan mənim başım çıxmır, UZİ-yə salın". Sonra Əli həkimin yanına apardıq. Əli həkim bunu UZİ-yə salan kimi dedi ki, "nə kor bağırsaq, başınıza daş düşüb, bəs bu hamilədir. Özü də deyəsən sancısı tutub". Nə hamilə, nə zad... Axı mən bunu heç yerə qoymamışam, getdiyi bir məktəb olub, bir də ev. O, dedi ki, yoldaşım Tehranə mama həkimidir. Qoy gəlsin o, da baxsın. Tehranə həkim gələnə kimi Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tökülüb gəldi. Uşaq həmin anda dünyaya gəldi. Dedilər ki, bəs bu uşaq 8 aylıqdır. Özü də normal uşaq deyil, şikəstliyi var. O vəziyyətdə əl atdım qızın saçına, o yan-bu yan, nə qədər etdimsə, nə mənə, nə də atasına bir söz demədi. Polislər içəri girib onu dindirən kimi boynuna aldı. Dedi ki, "məni zorlayıblar. O, evlidir, iki uşağı var, arvadının da adı Dürdanədir". Bir də orada bilmişik ki, qız bıçaq hədə-qorxusu altında zorlanıb.

"Cibindən bıçağı çıxarıb qızın boğazına dirəyib və zorlayıb…"


- Zəhmət olmasa, bir qədər ətraflı danışa bilərsinizmi? Hadisə necə olub?

- Kənd adamın dolanışığı nədən çıxır? Toyuq, cücə, qaz və mal-qaradan. Bir gün qazlarımız qapıya gəlmədi. Dedim ki, "bir bax, gör bu qazlar baş alıb hara getdi". Qız da qazları tapmaq üçün evdən çıxdı. Həmin vaxt bu təpəsindən oynamış yolun kənarındaymış. Qızım sonra danışır ki, "mən nə bilim, əgər əvvəldən məni hədələsəydi, bilərdim, evdə deyərdim. Qazı götürüb gəldiyim yerdə mənə yaxınlaşdı. Qazları kanalın yanına tərəf qovladı. Dedim ki, ay İsrayıl, hara qovursan? Bu qazlar bizimdi". Dedi ki, "qovuram ki, getsin otlasın".

...Beton kanalın dibində cibindən bıçağı çıxarıb qızın boğazına dirəyib. Xəstə, məktəbli qızın ağzını bağlayıb zorlayıb. Sonra da deyib ki, "əgər bundan kimsə xəbər tutsa atanın, ananın başını kəsəcəm, evinizi yandıracam". Bu da qorxusundan bir kəlmə də olsun dinib-danışmayıb. Soruşurdum ki, ay bala, bir de görüm sənə nə olub. Demirdi, dinmirdi, danışmırdı. Sən demə, o, məktəbə gedəndə İsrayıl dəfələrlə bunun qarşısını kəsib, hədə-qorxu gəlib. Deyib ki, "birdən çaşıb deyərsən ha, atanın meyidini gözün qarşısına al". Aldabıb, qorxudub...

"Müstəntiq deyir ki, "nə səs-küy salmısınız""...


- Bəs, Zərdab Rayon Polis Şöbəsindən nə deyirlər siz?

- Biz bu işdə davaçıyıq. İstəyirik ki, qanun sözünü desin. Baş həkimin göndərişi ilə uşaq Gəncəyə - uşaq evinə verildi. Polis şöbəsi bizi aldatdı. Müstəntiq Məsud Rəhimov bizə dedi ki, "darıxmayın, məhkəmə olacaq, bu cinayətdir. O, mütləq həbs olunacaq". Dedik ki, heç olmasa bu cinayət yerdə qalmaz. Amma bizi kim görürdüsə deyirdi, "xəbəriniz yoxdur, Məsud bu işi bağlayıb". Doğrudan da o, sonra bizə dedi ki, "bunun üstünə gəlməyin".

- Məsud Rəhimov saytımıza aşıqlamasında deyib ki, məktəblinin valideynləri zorlama hadisəsinə görə şikayətçi olmayıblar…


- Necə olmamışıq? Yalan deyir. Yoldaşım, özüm də dəfələrlə onun yanına getmişik. Deyib ki, "nə səs-küy salmısınız. Nə olub axı?"

Müstəntiq bizi yanına çağırmışdı. Yoldaşım getdi. Rayonun baş həkim də onun yanında olub. Həkim deyib ki, "qızınızı zorlayana iş düşmür". Gəldi mənə dedi, dəli oldum. Dedim ki, siz nə danışırsınız? Bu boyda cinayətdən sonra o azadlıqda gəzməlidir? Qızımın boğazına bıçaq dirəyib, zorlayıb, məktəbli uşağı hamilə buraxıb. Özü də onun xəstəhal olmasından, gücsüzlüyündən istifadə edib. Mən qız anasıyam, tələb edirəm ki, mənim qızımın başına gətirilən müsibət cəzasız qalmasın. Bu adam həbs olunsun.

"Pulu alıb, cinayətin üstünü basdırdılar..."


Zərdab Rayon İcra Hakimiyyətinin icra başçısının müavini Rəhman müəllim var, onun göstərişi ilə Polis Şöbəsində iclas çağırıldı. Rayonun baş həkimi də orda idi. Bizə dedilər ki, "rahat gedin, polis bu boyda cinayətə biganə qala bilməz. Bu adam həbs olunacaq". Amma pulu alıb, cinayətin üstünü basdırdılar. Pul əsasında da iş bağlandı. Nədir ki, kasıbam, çarəsizəm, adamım yoxdur. Nə olsun, kasıbam, məgər kasıbın qeyrəti, namusu yoxdur? Zərdab polisi deyir ki, sən kasıbsan, ona görə də qızların zorlanmalıdır, boğazına bıçaq dirənməlidir.

- Deyirsiniz ki, cinayətin örtülməsi üçün rüşvət verilib. Rüşvət kimə verilib?


- Rəisə, müstəntiqə. Halbuki, müstəntiq və rəis demişdi ki, "bunu törədən adam azadlıqda qala bilməz". Bəs nə oldu? Belə çıxır ki, cinayətkar mənim qızımdı? Bu boyda cinayətə necə göz yummaq olar? Hələ də gözləyirik.

- Amma müstəntiq AzNews.az-a açıqlamasında bu işə xitam verildiyini bildirib?

- O, nəyin əsasında işi bağlaya bilər? Axı məndən izahat alınmayıb. Bir adam belə qapımı açıb deməyib ki, bu nədir? Əksinə hamısı bu cinayəti törədənin tərəfindən çıxış etdilər.

- Hamısı deyəndə, yəni kimlər?


- Zərdab Rayon İcra Hakimiyyəti, polis rəisi, müstəntiq, baş həkim, məktəbin direktoru, Alıcanlı kənd bələdiyyəsi, İcra nümayəndəsi... Hansını deyim? Hətta ANS televiziyası da onların tərəfindən çıxış etdi. ANS gəldi, dərdimizi dedik. ANS-dən gələn qıza - Günelə zəng etdim. Dedim ki, bəs nə oldu? Dedi ki, "bizə deyildi ki, iş bağlanıb". Dedim ay Günel xanım, mənim, yoldaşımın, qızın razılıq ərizəsi olmadan bu iş necə bağlana bilər? Dedi ki, "rəislə müstəntiq bizə bildirdi ki, razılıq olub". Bu da qərəzsiz ANS... İndinin-indisində mən başımı bayıra çıxara bilmirəm. Oğlanın anası deyir ki, "Ölün elə, biabır olacaqsınız, biz şəhid ailəsi adından istifadə edib cinayətin üstünü örtdük, işi bağlatdıq. Oğlumuzu qurtardıq.


"Şəhid atası məktəbli qızın cinayətini pulla satın aldı..."


- Şəhid ailəsi kimdir?


- Bizim kənddə Ataxan var, guya oğlu şəhid olub. Şəhid adından istifadə edən bu Ataxan mənim qızımın müsibətini ört-basdır etmək üçün Zərdab polis rəisinin otağına kimi gedib. Nədir ki, "mən şəhid atasıyam, sözümü eşidəcəklər". Şəhid atası bir məktəbli qızın namusunu ləkələyib, onu boğazına bıçaq dirəyib hamilə buraxanın cinayətini pulla satın aldı. Ataxan icra hakimiyyətinin başçısı ilə əlbir olub bu cinayəti batırdılar.

"Pezidentdən və onun xanımı Mehriban Əliyevadan kömək istəyirəm..."

Başçı bu işi bilərəkdən örtür. Deyir ki, rayonun adına ləkədir. Ləkədirsə, onda bu işi edəni həbs et. Mən anayam, belə dayana bilmərəm. Lazımı yerlərə məlumat verəcəm. O, həbs olunmayana kimi rahat oturmayacam. Vəzifəli adamlar adamı namussuz olmağa məcbur edirlər. Mənim vicdanım, qeyrətim yoxdur? Hansı ana öz qızının belə biabırçılığına uzaqdan baxa bilər? Rəisin, müstəntiqin qızı yoxdur? Onlar bilmir ki, bıçaq boğazına dirənmək, zorlanmaq cinayətdir? Qız doğum evində olanda bizə onunla görüşməyə icazə vermədilər. Həmin bu Ataxanın göstərişi ilə. Qız başını qaldıranda baxıb ki, Ataxan, şəhid atası oradadır. Adamdan soruşarlar ki, şəhid atasısan, mənim uşağımın yanında nə gəzirsən? Sən kimsən ki, doğum evinə kimi gedib mənim uşağımdan izahat aldırırsan? Ataxanı doğum evinə buraxan həkim mənə niyə icazə vermirdi? Belə namus çəkənsənsə niyə bu cinayətkarı ört-basdır edirsən? Qızın bütün izahatlarını da gizlədirlər. Biz onlara dəfələrlə şikayət ərizəsi vermişik. Amma baxan yoxdur. Zorlama deyəndə müstəntiq deyir ki, "Qızın boğazında bıçaq yeri yoxdur". Elə mütləq başı kəsilməli idi?

Yaxın durmurlar, ona görə ki, pul alıblar. Deyilənə görə, 5 minə yaxın rüşvət verilib. Yaxşı mal-qaraları vardı. Bu cinayətdən sonra satıb qurtarıblar.

Belə dərd olar? Mən buradan üzümü tutub ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya deyirəm: Möhtərəm prezident İlham Əliyev cənabları! Məktəbli, xəstə qızın başına gətirilənlərə Zərdab Rayon Polis Şöbəsinin rəisi, müstəntiqi, Zərdab rayon İcra hakimiyyəti göz yumur. Məni aldadırlar, hədələyirlər. Deyirlər ki, "səsini çıxarsan səni öldürərik, rayonun adı batır". Bəs mənim qızımın adı, o batmır? Onun gələcək taleyi? 10-cu sinifdə oxuyan qız uşaq doğub. Hara baxır bu pulgir məmurlar? Xahiş edirəm, mənim uşağımın işi qaldırılsın, bu cinayətdə əli olan insanlar cinayət məsuliyyətinə cəlb edilsin".


Sevinc
AzNews.az