DİN-dən polis zorakılığı ilə bağlı xəbərə REAKSİYA

“Polislər yolu bağlamaq istəyənlərlə yalnız söhbət ediblər”




Daxili İşlər Nazirliyi mayın 16-da "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında polislə vətəndaşlar arasında qarşıdurma olması barədə məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzNews.az-a bildirib ki, "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında polis əməkdaşlarının marşrut avtobusunu saxlatdırıb, şikayətçiləri yerə düşürməsi və onlara qarşı zorakılıq tətbiq edilməsi barədə xəbərlər doğru deyil:

"15-ə yaxın şəxs Ədliyyə Nazirliyindən qayıdarkən yolu bağlamağa cəhd göstərib. Yaxınlıqda olan post-patrul xidmətinin əməkdaşları onları ictimai asayişi pozmamağa çağıraraq onlarla sadəcə söhbət aparıblar. Heç kəs saxlanılmayıb və onlara qarşı zorakılıq tətbiq edilməyib. Bəzi saytlar qadınlara zor tətbiq edilərək 27-ci polis bölməsinə aparılmaları, xəsarət alanların olması barədə məlumat yayaraq ictimaiyyətdə çaşqınlıq yaratmağa səy göstərir".

Xatırladaq ki, bu xəbəri "hefte-ichi" saytı yaymışdı.

Elnarə
AzNews.az