Bakı Şəhər İcra hakimiyyəti 17 milyon cərimələnir

Bir müddət əvvəl mətbuatın və ictimaiyyətin böyük diqqətinə səbəb olan "İnturavto" şirkəti ilə BŞİH arasındakı qalmaqallı məhkəmə prosesi ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub.

Qeyd edək ki, "İntur-avto" ASC-yə məxsus 3-4 mərtəbəli binaların qanunsuz olaraq sökülməsinə etiraz edən "İnturavto" ASC BŞİH-nə qarşı 17 milyon 634 min 70 manat maddi, 50 min manat isə mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırıb.

Məhkəmə iddianı qismən təmin edib və "İnturavto"ya 4,7 milyon manat ödənilməsi barədə qərar çıxarıb. Ancaq bu qərarla razılaşmayan "İnturvato" ASC-nin rəhbəri Aydın Heydərov apellyasiya şikayəti vermək istəyib. Lakin sonra A.Heydərov apellyasiya şikayətindən çəkindirilib və ona məhkəmənin çıxardığı qətnaməyə uyğun olaraq 4,7 milyon manatdan artıq ödənilməyəcəyi bildirilib. Bunu nəzərə alan A.Heydərov apellyasiya şikayəti verməkdən imtina edib.

"İntiravto"nun vəkili Kamandar Nəsibov AzNews.az-a açıqlamasında apellyasiya şikayətinin verilmədiyini təsdiqləyib. Lakin vəkil bunu məhkəmə qətnaməsinin hələ də onlara göndərilməməsi ilə əlaqələndirib: "Məhkəmədən qətnamə bizə təqdim olunmalıdır ki, ondan sonra nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verilsin. İndiki halda qətnamənin təqdim edilməsi ləngiyir. Buna görə də biz hələ apellyasiya şikayəti verməmişik. Ancaq əminəm ki, əgər apellyasiya verilərsə, birinci instansiya məhkəməsinin çıxardığı qətnamədə göstərilən məbləğ azalmayacaq, əksinə artacaq".

Qeyd edək ki, Aydın Heydərovun adı ictimaiyyətə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesindən tanışdır. Aydın Heydərov məhkəmədə Əvəz Zeynallıya dəfələrlə pul verdiyini bildirib.

Elnarə
AzNews.az